Bu dünyaya şair kimi baxanda ...

Laçın rayonunun  hörmətli ziyalısı, Azərbaycan Jurna­listlər Birliyinin və Azər­baycan Yazıçılar Birliyinin üzvü Elman İsaq oğlu Mir­zəyevin (Elman Elsevər) 70 yaşı tamam olub. 

Azərbaycan Dövlət Univer­site­tinin (indiki BDU) jurnalistika fakültəsinin məzunu olan Elman müəlim Şuşa və Laçında rayon qəzetlərində  çalışıb, Laçın Rayon Bədən Tərbiyəsi və İdman Komi­təsinin sədri işləyib, Azərbaycan Dövlət Teleradio Şirkətində jurnalist və ssenarist kimi fəaliyyət göstərib.

Tələbəlik illərində, eləcə də universiteti bitirdikdən sonra "Kom­munist", “Sovet kəndi”, “Ba­kı”, “Azərbaycan gəncləri”, ”Ba­kinskiy raboçi”, Kənd həyatı, ”Vışka”, ”Molodyoj Azərbaydjana” qəzetlərində  və “Kirpi”, “Azər­baycan”, “Ulduz” jurnallarında işıq üzü görən bədii, publisistik yazıları həmişə bənzərsizliyi ilə diqqət çəkib. Oçerk və hekayələri dəfələrlə Azərbaycan Dövlət Radiosunda keçirilən müsabiqələrdə qalib gəlib.

Tanınmış ədəbiyyatşünas-alim Vaqif Yusifli onun poetik yaradıcılığına həsr etdiyi “Yaza pəncərətək açılıb səhər” essesində yazır: “Mən bilirdim ki, tələbəlikdən tanıdığım Elman şeir yazır, amma necə yazır bilmirdim. Harada çap etdirir bilmirdim. Və ümumiyyətlə “şair” sözünü Elma­nın adının qarşısında yanaşı işlətməyi ağlıma belə gətirmirdim. Lakin günlərin bir günü ... tələbə dostum  Elman şeirlərini mənə göstərdi. Çox ciddi şəkildə - Vaqif, bu şeirlərdən üzə çıxarılası varsa çıxar, - dedi, - yoxdursa, cırıb at. Oxudum və sevindim. Çünki onun yazdıqları şeir idi. Bunları mənə yox, istənilən şairə, tənqidçiyə göstərsəydi belə, o da mənim kimi sevinərdi”.

Vaqif Yusifli Elman müəllimi  xalq şeiri ənənələrindən qopub gələn, həmçinin modern şeiri də qədərincə bilən şair kimi səciy­yələndirərək yazır: “Bu şair ətraf aləmə – dünyaya, gerçəkliyə, dü­nənə, bu günə, gələcəyə özü­nün şair gözləri ilə baxa bilir, adidə qeyri-adiliyi, sadədə mü­rəkkəbi, anda zamanı, damlada dəryanı görməyə can atır və çox vaxt təşnəlik şeirə çevrilir, bu canatma poeziya dilində peyda olur”.

Elman müəllimi yubileyi münasibətilə  təbrik edir, ona möhkəm cansağlığı, gümrahlıq, xoş... Laçınlı günlər arzulayırıq!

Onun xalq şairi Məmməd Ara­za ithaf etdiyi, dostu Vaqif Yusiflini sevindirən şeirini yubileyinə hədiyyə kimi dərc edirik.

 

DAĞLARDA QIŞDIR

Məmməd Araza

“Əriməz” – ağ qılınc,

Bulud – bəyaz qın.

“İsti su” – Minkəndin isti göz yaşı.

Qaragöl Göygölə Xəzərdən yaxın,

Murov Salvartının doğma qardaşı.

 

Kəfənə bürünüb gədiklər, gözlər,

boz yük ulasları yerə əyibdir.

İnləyir qar altda cığırlar, izlər,

qasırğa kəndləri ütüləyibdir.

 

Ağzına su alıb susur Gen dərə,

sırsıra “Şivliyi” naxışlayıbdır.

Yaralı, örtüksüz pəncərələrə

şaxta tül pərdələr bağışlayıbdır.

 

Bakıda soyuğa dözməyə nə var,

buludlar Laçında yaman dəlidir.

Gördüyün sərkərdə, igid qayalar

sönmüş vulkanların daş heykəlidir.

 

Vurub qoltuğuna boz goreşəni,

Yamacda sülənir şimal ayısı.

Niyə ilanlığın başına vurmur,

nəyi gözləyirsən İlan qayası?!

 

Düşüb çəhliminə yağı əliyin,

Qırxqız meşəsində ona tuş oldu...

Qırmızı palıdlar, göylərə deyin: –

bu nə uzun çəkən soyuq qış oldu!

 

Qatıb qabağına sürü dumanı,

dərin dərələrdə otarır külək.

Quzeyin güneyə gəlir gümanı...

quzeydə bənövşə bitəydi gərək.

 

Bulanır gözündə varlar, varlıqlar,

inamı üşüyür sal buzun üstə.

Boz torda çırpınır qızıl balıqlar,

Həkəri yüyürür Arazın üstə.

 

Zirvə – gümüş xəncər,

bulud – bəyaz qın,

bulaqlar dağların büllur göz yaşı.

Təpələr dağlara düzlərdən yaxın,

dağlar təpələrin böyük qardaşı.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993