Tarixi Qarabağ çeşnilərinin yeni rəngləri

“Azərxalça”nın Ağdam filialında 80 nəfərdən çox toxucu çalışır

Qarabağ hər zaman özünün yüksək bədii zövqlə toxunmuş xalçaları ilə məşhur olub. Bölgədəki qoyunçuluq təsərrüfatlarının xalçaçıları bol və yüksək keyfiyyətli yunla təmin etməsi, ərazinin təbii boyaq bitkiləri ilə zən­gin olması bu sənət sahəsinin inkişafına güclü təkan verib.

Xanlıqlar dövründə Qarabağ­da xalça məmulatı istehsalı daha geniş miqyas alıb. Bunu Qarabağ xanlarının kənd əhalisindən bir çox vergiləri xalça və palazla toplamaları da sübuta yetirir. Sonrakı dövrlərdə də bu bölgədə xalçaçılıq sənəti inkişaf etdirilib. Ancaq Dağlıq Qarabağın və ona bitişik 7 rayonun Ermənistan si­lahlı qüvvələri tərəfindən işğalından sonra bu bölgənin xalçaçılığının da taleyi sual altında idi. Azərbaycan dövlətinin dəstəyi ilə ötən əsrin 90-cı illərinin ortalarında “Azər-ilmə” Xalçaçılıq Mərkə­zinin fəaliyyətə başlaması, 2016-cı ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması tarixi Qarabağ xalçalarının yaşadılmasına imkan verib.

“Azərxalça” ASC-nin Qarabağ bölgəsindəki filiallarından biri də Ağdamın Quzanlı qəsəbəsində fəaliyyət göstərir. Burada 80 nə­fərdən çox toxucu çalışır. Onların əksəriyyəti gənclərdir. Toxucular “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər.

“Azərxalça”nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, emalatxanada indiyədək 490 kvadratmetr məhsul istehsal edilib, 120 xalça kəsilib.

Filialın direktoru Əməkdar Mədəniyyət İşçisi Ceyran Əliyeva “Vətən səsi”nin müxbirinə bildirib ki, burada XVI-XIX əsrlərdə Ağ­da­mın Şıxbabalı, Seyidli, Poladlı, Məlikli, Eyvazlı, Orta Qışlaq, Kəl­bə­cərin Ağcakənd, Cəmilli kəndlərində, Şuşa və Xocalı şəhərlərində toxunmuş xovlu xalçaların və xovsuz xalça məmulatlarının bədii tərtibatı əsasında yeni xalçalar istehsal olunur. Hazırda fabrikdə vaxtilə Ağdamın Qiyaslı kəndində toxunmuş qədim çeşnili xalçanın toxunuşu davam etdirilir. Bu indiyədək Ağdam fi­lialında toxunmuş ən böyük xalçadır.

Quzanlıdakı emalatxanada vaxtilə Ağdam şəhərində fəaliy­yət göstərən xalça fabrikində çalışan toxucular da işlə təmin olunublar. Həmin toxuculardan Gül­rabə Hüseynova deyir ki, Ağdam şəhəri işğal olunana qədər oradakı fabrikdə xalça toxuyublar: “Məcburi köçkün həyatı yaşadığımız dövrdə öz sənətimizdən uzaq­laşdıq, xalça toxumağa imkanı­mız olmadı. Son illər Ağda­mın Quzanlı qəsəbəsində və Füzuli rayonunun Horadiz şəhərində emalatxanaların yaradılması Qa­rabağ bölgəsinin toxucularını çox sevindirib. Biz həm işlə təmin olunmuşuq, həm də xal­ça­çılıq sənətimizi yaşadırıq. Bizə bu şəraiti yaratdığına görə dövlətimizin başçısına minnətdarıq. Tək arzumuz odur ki, Ağda­mı­mız iş­ğaldan azad olunsun, dövlətimiz oradakı xalça fab­ri­kini bərpa etsin və biz həmin fabrikdə belə xalçalar toxuyaq”.

“Azərxalça”nın Ağdam filialı öz fəaliyyətini gündən-günə genişləndirir. Burada çalışmaq istəyən toxucuların sayı hər gün artır.

Xalça istehsalı emalatxanasında toxucuların rahatlığı üçün hər cür şərait yaradılıb, filiala “Hyundai” markalı avtobus verilib.

Qeyd edək ki, bu binanın inşasına 2016-cı ildə başlanılıb və fabrik 2017-ci ildə fəaliyyətə başlayıb. Tikinti işləri yüksək keyfiy­yətlə yerinə yetirilib. Burada 150 toxucunun və 13 inzibati-təsərrü­fat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir.

 

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993