Məramımız sülhdür

Birinci vitse-prezident xanım Mehriban Əliyeva xalqımızın sülhə qovuşmaq, torpaqlarımızı  işğaldan azad görmək arzusunu dünya birliyinə çatdırır

Birinci vitse-prezident xa­nım Mehriban Əliyevanın ictmai fəaliyyətində olduğu kimi, siyasi və dövlətçilik fəaliy­yətində də Ermənistan-Azər­­baycan Dağlıq Qarabağ mü­naqişəsi, Ermənistanın işğalçılığı nəticəsində xalqımızın üzləşdiyi problemlər ba­rədə həqiqətlərin dünya ictmaiyyətinə  çatdırılması ən mühüm istiqamətlərdəndir. Möhtərəm Prezident cənab İlham Əliyevin siyasi xəttinə uyğun olaraq Mehriban xa­nım Əliyeva sülhməramlı  bu missiyasını uğurla gerçəkləşdirir. Ötən ay Birinci vitse-prezident kimi beynəlxalq təşkilat və xarici dövlət nümayəndələri ilə keçirdiyi rəsmi görüşlərdə də o, tə­cavüzkar qonşumuzun qə­dim sivilizasiyaya, mədəniyyətə və tarixə malik olan sülhsevər xalqımıza qarşı törətdiyi bəşəri cinayətlər barədə söz açıb, Ermə­nis­tanın beynəlxalq hüquq normalarına məhəl qoymadığını diqqətə çatdırıb.

Sentyabrın 20-də NATO baş katibinin müavini xanım Rouz Qo­temöllerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Azər­baycanın sülhsevər ölkə olduğunu, qonşuları və digər ölkələrlə qarşılıqlı hörmət əsasında əlaqələr qurduğunu xüsusi vurğulayan Mehriban Əliyeva, buna baxmayaraq, artıq 25 ildir ki, Ermə­ni­s­tanın işğalçılıq siyasətindən əziy­yət çəkdiyimizi, beynəlxalq sə­viy­yədə ölkəmizin ərazisi kimi tanınan Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun bu siyasət nəticəsində işğal altında qaldığını, 1 milyondan çox insanın qaçqın və məcburi köçkün həyatı yaşadığını, münaqişə zamanı yüzlərlə azərbaycanlı qadının öldürül­dü­yünü, girov götürüldüyünü, Xocalı faciəsi zamanı 600-dən çox insanın, o cümlədən qadın və uşaqların vəhşicəsinə qətlə yetirildiyini bildirib. BMT Təhlükəsizlik Şura­sının 25 il əvvəl işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul etdiyini xatırladan Birinci vitse-prezident  Ermənistanın  işğalçılıq siyasətindən hələ də əl çəkmədiyini söyləyib. Münaqişənin ədalətli şəkildə, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin tərəfdarı olduğumuzu qeyd edən Mehriban xanım Əliyeva vurğulayıb ki, Azərbaycanın ərazi bütöv­lüyü bərpa olunmalı, qaçqınlar öz doğma yurdlarına qayıtmalıdırlar və bundan sonra regionda sülh bərqərar olacaq. “Sülh, təhlükəsizlik xalqlar arasında qarşılıqlı anlaşmanı təmin edən amillərdir”, - deyən Mehriban Əliyeva NATO-nun humanitar fəaliyyətinin Azər­baycanda yüksək qiymətləndirildiyini, bu sahədə təşkilatla sıx əməkdaşlığa hazır olduğumuzu diqqətə çatdırıb.

Sentyabrın 25-də Romadakı Custiniani sarayında “Azərbay­can Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respub­likası arasında strateci tərəfdaşlıq münasibətləri” adlı konfransdakı çıxışında da, məlumat verdiyimiz kimi, Mehriban xanım  xalqımızın qonşu Ermənistanın işğalçı siyasətindən əziyyət çəkdiyini bir da­ha xatırladıb.

“Azərbaycan sülhsevər ölkədir. Biz qonşularımızla və digər dövlətlərlə siyasətimizi qarşılıqlı maraq və qarşılıqlı hörmət əsasında qururuq. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, artıq 25 ildən çoxdur Azərbaycan xalqı qonşu Ermənistanın işğalçı siyasətindən əziyyət çəkir. Bu siyasət nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal altındadır, 1 milyon soydaşımız məcburi köçkün və qaçqın vəziyyətində yaşayır,” – deyən Azərbaycanın birinci vitse-prezidenti təkcə Xocalı faciəsi nəticəsində bir gecə ərzində 600-dən çox günahsız insanın, o cüm­lədən qadınların, uşaqların, yaşlıların vəhşicəsinə öldürülməsi, min­dən çox insanın itkin düşməsi faktını konfrans iştirakçılarının nəzərinə çatdırıb.

On dörd ölkənin Xocalı faciəsini rəsmən soyqırımı kimi tanıdığını,  BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb edildiyini vur­ğulayan Mehriban xanım Əliyeva Ermənis­tanın beynəlxalq hüququn normalarını kobudcasına po­zaraq hələ də işğalçılıq siyasəti apardığını bildirib.  Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan sülhsevər ölkədir, biz danışıqlar aparırıq.

“Biz hesab edirik ki, Ermə­nis­tan-Azərbaycan Dağlıq Qara­bağ münaqişəsi beynəlxalq hü­ququn normaları əsasında öz həllini tapmalıdır, Azərbaycanın əra­zi bü­töv­lüyü bərpa olunmalıdır, Dağlıq Qarabağ və ətrafında yerləşən 7 rayon işğaldan azad olunmalıdır, bütün qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdır,” - deyən  Mehriban xanım Əliyeva ATƏT-in fəaliyyətdə olan sədri kimi İtaliya münaqişənin həllində böyük rol oynayacağına ümid bəsləndiyini ifadə edib.

Azərbaycan xalqı  sülhsevər olduğu kimi, dünya xalqılarının dinc şəraitdə yaşamasına, öz mədəni sərvətlərini qoruyub zənginləşdirməsinə də hərtərəfli dəstək verir.  Mehriban xanım Əliyeva NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə  2002-ci ildən başlayaraq Azərbaycan sülhməramlılarının NATO hərbçiləri ilə Əfqa­nıstanda çiyin-çiyinə xidmət etdiyini, 2018-ci ilin yanvar ayından Qətiyyətli Dəstək Missiya­sında Azərbaycan hərbçilərinin sayının 30 faiz artırılaraq 120 nəfərə çatdırıldığını, ölkəmizin, həmçinin Əf­qa­nıstanın milli ordusuna maliyyə yardımı göstərdiyini, logistika və nəqliyyat problemlərinin həllinə kömək etdiyini,  Əfqanıstan ordusunun şəxsi heyəti üçün təlimlər keçdiyini diqqətə çatdırıb.

Azərbaycanın Birinci vitse-prezidentinin İtaliyaya rəsmi səfəri çərçivəsində Romada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Sebastian katakombalarının açılışında iştirakı yaddaqalan hadisələrdən olub. Bütün xristian dünyası üçün mü­hüm əhəmiyyət daşıyan, zəngin tarixi, böyük mənəvi dəyəri olan katakombaların müsəlman ölkəsi Azərbaycanın Heydər Əliyev Fon­du tərəfindən bərpa edilməsi ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi növbəti töhfədir.

Onu da qeyd edək ki, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın İtaliyaya rəsmi səfəri bu ölkənin çoxsaylı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC-ın məlumatını gö­rə, “Il Messaggero”, “Aska­news”, “9co­lon­ne”, “Agenzia Nova”, “Radio­radicale”, “Notizie Yahoo”, “Co­mu­nicazione Inform”, “Agvi­veli­no”, “Prealpina”, “Rete Sole” və “Rete7” kimi kütləvi informasiya vasitələri səfər çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliya Respublika­sının Prezidenti Sercio Mattarella və Senatın sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə keçirdiyi görüşlərə yer veriblər.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993