Məcburi köçkünlərin qəbulunda yenilik tətbiq edilir

Asan qəbul formasının tətbiqi vətəndaşların vaxt itkisinin aradan qaldırılmasına xidmət edir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köç­kün­lərin müraciətlərinə baxılmasını əsaslı şəkildə yaxşılaşdırmaq üçün məq­səd­yönlü tədbirlər həyata keçirilib.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, komitə hər bir məcburi köçkünü diqqət və qayğı ilə əhatə etməyə çalışır, onları narahat edən məsələlərə həs­sas­lıqla yanaşır, mövcud problemlərin araşdırılması və aradan qaldırılması istiqamətində intensiv iş aparır. Dövlətimizin başçısının sosial siyasətinin prioritetlərindən biri kimi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı işlərin icrası vəziyyəti isə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın nəzarətindədir.

Məcburi köçkünlərin mürajiətlərininin çoxluğu nəzərə alınaraq, Dövlət Komitəsinin sədri vətəndaşları hər həftənin çərşənbə axşamı günü (II gün) qəbul edir. Qəbulun təşkilində vaxt itkisinin qarşısını almaq, vətən­­daşların müraciətlərini da­ha operativ araşdırmaq və cavablandırmaq üçün qəbulda “bir pəncərə” sistemindən “çox pəncərə” sisteminə keçilib. Məcburi köçkünlərin müraciətləri ətraflı təhlil edilərək, ən çox müraciət edilən istiqamətlər üzrə 6 pəncərədən ibarət asan qəbul forması yaradılıb. Bu il  sentyabrın 8-dən tətbiq edilən yeni qəbul formasında aşağıdakı sahələr üzrə pənərələr yaradılıb:

- vahid aylıq müavinət;

- kommunal xidmətlər;

- məskunlaşma, miqrasiya və məşğulluq;

- köçürmə və siyahıyaalma;

- mənzil-istismar sahələri;

- təmir-tikinti.

Komitənin müvafiq şöbələrinin əməkdaşları saat 9:00-dan 18:00-dək məcburi köçkünləri növbəlilik əsasında qəbul edir və müra­ciətlərinə baxırlar. Onların müraciətləri qeydə alınır, hər birinə zəruri izahatlar verilir. Yaradılan yeni sistem nəticəsində vaxt itkisinin qarşısı alınıb, müraciətlər çevik və operativ şəkildə araşdırılır, həlli mümkün olmayan məsələlərlə bağlı mü­vafiq izahat verilir. Bu, eyni zamanda, qəbul zamanı sakitliyin təmin olunmasına da xidmət edir. Zərurət yarandığı halda Dövlət Komitəsinin rəhbərliyi, şöbə və departament rəhbərləri qəbula dəvət olunur.

Bundan başqa, təkrar müraciətlərin qarşısının alınması üçün də aidiyyəti şöbə və de­par­ta­mentlər tərəfindən müvafiq iş aparılır. Yerli sektor və nümayəndəliklərə məcburi köçkünlərin problemləri ilə bağlı aidiyyəti dövlət orqanlarının qarşısında məsələ qaldırmaq tövsiyə olunur (müraciət hansı icra hakimiyyətinin səlahiy­yətinə aiddirsə, məcburi köç­kün həmin dövlət orqanına yönəldilir).

Eyni zamanda məcburi köçkünlərin Dövlət Komitəsinin sədrinin və müavinlərinin qəbuluna yazılması ilə də bağlı yenilik tətbiq olunur. Vətəndaşlar hər həftənin II günü keçiriləcək qəbula yazılmaq üçün I, III, IV və V günlər qəbula yazılmaq üçün müraciət edirlər. Növbəti həftə üçün onlar Ümumi şöbə tərəfindən qəbula dəvət edilirlər.

Bu, qəbul günü sıxlığın və narazılığın qarşısını alıb. Əv­vəlcədən qəbula yazılmış şəxs həftənin II günü Dövlət Komi­təsinin sədri, onun müavinləri, şöbə və departament rəhbərləri ilə görüşür.

Günün sonunda keçirilmiş qəbul zamanı hər bir pəncərə üzrə müraciət edən məcburi köçkü­nün sayı və müraciətlərin məzmunu barə­də Dövlət Ko­mi­təsinin sədrinə məlumat verilir.

Qeyd edək ki, asan qəbul formasının tətbiq edilməsi Dövlət Komitəsinə müraciətlərin sayının azalmasına, eyni zamanda ərizə və şika­yətlərin qısa zamanda araşdırılaraq məcburi köçkünə məlumat verilməsinə sə­bəb olub.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993