Etnik təmizləmə siyasəti qınanmalıdır

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini ATƏT-in İnsan Ölçüsü üzrə İllik görüşündəki çıxışlarındı bu məsələni bir daha diqqətə çatdırıb

Qaçqınların və Məcburi Köç­künlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bu il sentyabrın 18-19-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Ölçüsü üzrə növbəti İllik görüşündə iştirak edib.

Tədbir çərçivəsində humanitar məsələlələr, o cümlədən insan alveri, qaçqınlar və məcburi köçkünlər problemi üzrə təşkil olunmuş işçi sessiyalardakı çıxışlarında F.Hüseynov təca­vüzkar Ermənistanın Azərbay­can ərazilərinin 20 faizini işğal etməsinın ağır nəticələri barədə söhbət açıb. O, insan hüquqları kobud şəkildə pozulmuş bir mil­yondan çox azərbaycanlının 25 ildən artıqdır qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, humanitar fəlakətlə üzləşdiyini bildirərək qeyd edib ki, Azərbay­can dövləti bu şəxslərin sosial problemlərinin həlli istiqamətində ardıcıl iş aparır. 1993-cü ildən başlayaraq ölkə prezidenti tərəfindən 109 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti tərəfindən 381 qərar və sərəncam verilib, Milli Məclis tərəfindən 34 qanun qəbul edilib. Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə əlaqədar ötən 25 ildə 7 milyard ABŞ dolları vəsait xərclənib.

Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyini bir daha diqqətə çatdıran komitə sədrinin müavini münaqişənin ATƏT çərçivəsində beynəlxalq hüquq normaları, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə tənzimlənməsinə Azərbaycanın tə­rəfdar olduğunu, danışıqlar prosesində konstruktivlik nümayiş etdirdiyini, Ermənistanın qeyri-konstruktiv yol tutan yeni hakimiyyətinin özbaşınalığına son qoymaq üçün bu təşkilatın öz təsir imkanlarından istifadə etməsinin va­cib­liyini bildirib.

F.Hüseynov Azərbaycan hö­kuməti tərəfindən həyata keçirilən “Böyük Qayıdış” proqramı ba­rədə də məlumat verib. Diq­q­ə­tə çatdırılıb ki, məcburi köçkün­lərin təhlükəsiz və ləyaqətli şə­kildə doğma yurdlarına qay­­­ta­rılmasını nəzərdə tutan bu proq­ram artıq Cəbrayıl rayonunun işğaldan azad edilmiş Co­cuq Mərcanlı kəndində icra edilib.

ATƏT-in İnsan Ölçüsü üzrə İllik görüşündə Fuad Hüseynov daha bir neçə məsələyə diqqəti yönəldib. Tövsiyə edilib ki, Lis­sa­bon sammitinin qərarına və iştirakçı ölkələr və ATƏT təsisatları və institiutlarının digər əlaqədar öhdəliklərinə uyğun olaraq etnik təmizləmə və kütləvi çıxarılma siyasəti qınanmalı, qaçqınların və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünü asanlaşdırmaq istiqamətində öhdəliklərin praktiki tətbiqinə diqqət cəmləşdirilməlidir. Bundan əlavə, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdıqdan sonra onların hüquq­larının qorunması ATƏT-in Mü­naqişələrin Qarşısının Alınması Mərkəzinə inteqrasiya olunmalıdır. Qaçqınlar və məcburi köçkünlərlə bağlı ATƏT-in müvafiq öhdəliklərinin yerinə yetirilməsini nəzərdən keçirmək və Demok­ratik Təsisatlar və İnsan Hüquq­ları Ofisinə müvafiq hesabat ha­zırlanması ilə bağlı tapşırıq vermək tövsiyə olunub.

Görüşdə özünü “Artsax Av­ropa Mərkəzi”nin nümayəndəsi kimi təqdim edən şəxsin çıxışına cavab olaraq diqqətə çatdırılıb ki, qondarma “Artsax”, yaxud “Dağlıq Qarabağ Respublikası” (“DQR”), Ermənistan da daxil olmaqla, BMT-nin heç bir üzv dövləti tərəfindən tanınmayıb. BMT Təhlükəsizlik Şurasının heç bir qətnaməsində, hətta sədrinin çıxışında “DQR”in varlığı, əhalisi, muxtairiyyət məsələsi ilə bağlı heç bir fikir səsləndirilməyib. Əksinə, Azərbaycana qarşı gücdən istifadə edildiyi, ərazi bütövlüyünün pozulduğu qınanılıb, onun suevernliyinə və ərazi bütövlüyünə hörmət ifadə edilib. Vurğulanıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993