Prezident İlham Əliyev: “Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir”

“Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz. Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura recimi çöküb. Mən dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki, 2016-cı ilin Aprel döyüşlərində onları yerinə oturtdu, torpaq­larımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi”.

Bu sözləri Prezident İlham Əliyev sentyabrın 18-də  Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib. Dövlətimizin başçısı deyib: “Bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olubdur və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər.

Biz bu istiqamətdə siyasətimizi ardıcıl olaraq aparacağıq, ordumuzu daha da gücləndirəcəyik, daha da böyük vəsait ayıracağıq və ordumuzun döyüş qabiliy­yə­tini daha da möhkəmləndirəcəyik. Nümayiş etdirilən paradda bizim texniki imkanlarımız, əsgər-zabitlərimizin hazırlığı düşmənə yaxşı bir siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar”.

Məlum olduğu kimi, son vaxtlar Ermənistanın baş naziri N.Paşinyanın verdiyi sərsəm və məsuliyyətsiz bəyanatlara Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov və ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov da tutarlı cavablar  veriblər.

Ermənistanın baş nazirinin Azərbay­canın daxili məsələləri ilə bağlı açıqlamalarının yersiz və cəfəng  olduğunu bildirən A.Qasımov onu beynəlxalq münasibətlərdən xəbərsiz, siyasətdə təsadüfi bir fiqur kimi səciyyələndirərək deyib ki, Paşinyan ölkəmizin daxili işlərinə müntəzəm olaraq öz burnunu soxur. “Bildirmək istəyirik ki, əgər Azərbaycan Ermənistanın daxili işlərinə müdaxilə etsə, Paşinyan hakimiyyətinin ömrü uzun olmayacaq. Sarkisyan diktatura reciminin çökməsi buna sübutdur. Sadəcə olaraq, indiki şəraitdə Paşinyan reciminin çökməsi Azərbaycana sərf et­mir. Ermənistanda Paşinyanın diktaturası nə qədər çox davam edərsə, bu ölkənin problemləri bir o qədər də çox olacaq. Paşinyan xarici səfərlərində yaltaqlan­maq­la, özünü alçaltmaqla, özünü qul kimi aparmaqla istədiyinə nail ola bilməz. Pa­şinyanın yeni diktatura recimi Ermənis­tanı uçuruma aparır. Məhz buna görə də Azər­baycan tərəfi Paşinyan hakimiyyətinin çökməsi üçün hələlik hər hansı bir addım atmır,” – deyə A.Qasımov bəyan edib.

O, Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin Silahlı Qüvvələrdə xidməti ilə bağlı Paşinyanın növbəti sarsaq açıqlamasını şərh edərkən isə deyib: “Bildirmək istəyirik ki, Heydər Əliyev öz fiziki keyfiyyətlərinə və hazırlığına görə Azərbaycanın ən döyüş qabiliyyətli hərbi hissələrinin birinə hərbi xidmətə çağırılıb və sentyabrın 16-da keçirilən andiçmə mərasimi bu hərbi hissənin Azərbaycanın Silahlı Qüvvələrinin aparıcı hissələrinin biri olduğunu nümayiş etdirdi.

Paşinyanın oğluna gəldikdə isə, bizdə olan məlumata görə, o, təmas xəttindən təxminən 50 kilometr məsafədə Azərbaycanın işğal edilmiş Cəbrayıl rayonunda Ermənistanın hərbi hissələrinin birinə yazılıb və burada, əsasən, məişət məsələləri ilə məşğuldur. Bu hissəyə yazılmasına baxmayaraq, vaxtının çoxunu Xankəndidə keçirir. Ümumiyyətlə, Paşinyanın oğlunun hərbi xidməti ilə bağlı aparılan ucuz təbliğat növbəti populist və aşağı keyfiyyətli şoudan başqa bir şey deyil”.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov "Facebook" səhifəsində ümummilli lider Heydər Əliyev bu dövləti məhv olmaq təhlükəsindən xilasetmə missiyasını öz üzərinə götürməklə, bütün zamanını, sağlamlığını Azərbaycan dövlətçiliyini qorumaq, qurmaq və inkişaf etdirmək kimi ali bir məqsədə həsr etməklə və bu vəzifəni layiqincə yerinə yetirməklə adını xalqımızın tarixinə qızıl hərflərlə yazdığını, Prezident İlham Əliyevin isə kiçik bir ölkəni dünya çapında nüfuzlu, sayılıb-seçilən, səsi eşidilən bir dövlətə, dünya qarşıdurma və terrorla üz-üzə olarkən dinamik inkişaf edən sabitlik adasına çevirməklə əsl siyasətçinin nəyə qadir olduğunu nümayiş etdirdiyini xatırladıb,  qarşı tərəfdə Azərbaycana meydan oxuyan siyasətçilərin aqibətinə baxmağı tövsiyə edib. Ə.Həsənov yazır: “Ter-Petrosyanı tarixə gömən Koçaryan-Sarkisyan mafiyasını "demokratik inqilab" adı altında küçədən siyasətə gəlmiş Paşinyan kimi bir populist layiq olduqları yerə göndərdi. İndi də barələrində cinayət işi qaldırılır, illərlə erməni xalqına qarşı törətdikləri cinayətlərin hesabı sorulur. Ancaq necə?". Paşinyan diktatora xas olan üsullarla öz opponentlərini əzməyə çalışdığını, ölkədə dərəbəylik və xaos hökm sürdüyünü, iqtisadiy­yatın tam iflas astanasında olduğunu, xarici siyasətdə uğursuzluqların bir-birini əvəz etdiyini vurğulayan Ə.Həsənov Ermənistanın baş nazirinın beynəlxalq tədbirlərdə digər ölkələrin başçıları ilə selfi çəkdirməyini yerli ictimaiyyətə "xarici siyasət uğuru" kimi sırımağa çalışdığını qeyd edir və haqlı olaraq bildirir ki, Ermənistanın baş naziri tutduğu posta qeyri-adekvatdır, siyasətçi adına parodiyadır və onun barəsində "erməni radiosu"nun anekdotları artıq qısa zaman məsələsidir.

Ə.Həsənov Ermənistanın baş nazirinin Azərbaycan Prezidentinin övladı ilə bağlı açıqlamasına və özünü azərbaycanlı adlandıran bəzi bədxahların onun səsinə səs verməsinə də münasibət bildirib. "Bu gün doğma torpağı harada müdafiə etmək lazımdırsa, Heydər Əliyev orada da olacaq və ləyaqətlə, şərəflə Vətən qarşısında öz borcunu ödəyəcək. Buna heç kimin şübhəsi olmasın. Mövzunu manipulyasiya obyektinə çevirənlər isə fərari kimi xaricə üz tutanlar, özlərini Vətən təəssübkeşi kimi qələmə verib övladlarını hərbi xidmətdən yayındıranlardır,” – deyən Ə.Həsənov sosial şəbəkələrdə gecə-gündüz məsuliyyətsiz və iyrənc statuslar paylaşmaqla populyarlıq qazana­caq­larını zənn edənlərin, Paşinyanın oğlunun hərbi xidmət piarından belə, öz mənafeləri üçün yararlanmağı məqbul hesab edənlərin bu yolla Azərbaycan cəmiyyətinin nifrətini qazanacaqlarını, zamanın hər kəsə layiq olduğu yeri göstərdiyini və göstərəcəyini bildirib.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993