GÜCÜMÜZ BİRLİYİMİZDƏDİR!

Prezident İlham Əliyev: “Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır”

Prezident  Rəcəb Tayyib Ərdoğan: “Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir”

“Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan və Türkiyə vətəndaşlarını ürəkdən təbrik etmək istəyirəm. Azərbaycanın rəmzlərindən biri olan Azadlıq meydanından bütün türk bacı-qardaşlarımıza səmimi salamlarımı, sevgimi, məhəbbətimi çatdırıram”.

Bakının azad edilməsi tarixi hadisə idi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu sözləri Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda deyib. Sentyabrın 15-də paytaxtımızın Azad­lıq meydanında keçirilən paradda Türkiyə Respublikasının Prezi­denti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak ediblər.

Dövlətimizin başçısı bu ilin may ayında Azərbaycan Xalq Cümhuriy­yətinin 100 illiyinin qeyd olunduğunu, xalqımızın müsəlman aləmində ilk demokratik respublika yaratmasının fəxarət doğurduğunu vurğulayaraq deyib: “Ancaq gənc müstəqil Azər­baycan böyük çətinliklərlə üzləşmişdi. Azərbaycan hökuməti öz ərazisinə tam nəzarət edə bilmirdi. Bakı şəhəri və bir neçə başqa şəhər işğal altında idi. Azərbaycan hökuməti Gəncə şəhərində yerləşmiş və orada fəaliyyət göstərmişdi. Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gən­cədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır”.

Birliyimiz bütün sahələrdə özünü büruzə verir

Dövlətimizin başçısı Xalq Cüm­huriyyətinin ömrünun uzun olmadığını, iki ildən sonra süquta uğradığını təəssüflə xatırladaraq, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa edərkən Türkiyənin onu ilk ta­nıyan ölkə kimi  qardaşlıq nümunəsi göstərdiyini bildirib. “Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun. Bizim birliyimiz bütün sahələrdə özünü büruzə verir,” - deyən Pre­zi­dent İlham Əliyev təkcə bu il Pre­zi­dent Rəcəb Tayyib Ərdo­ğanla altı gö­rüşünün olduğunu diqqətə çatdırıb.

Hər görüşün böyük əhəmiyyət daşıdığını qeyd edən dövlətimizin başçısı siyasi əlaqələrin ən yüksək zirvədə, iqtisadi əməkdaşlığın uğurlu ol­duğunu, ticarət dövriyyəsinin artdığını, Azərbaycandan Türkiyəyə, Türki­yədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulduğunu xatırladıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng transmilli layihələrin birgə siyasi iradə və maliyyə resursları əsasında uğurla icra edildiyini qeyd edən Prezident İlham Əliyev deyib: “Bu gün Türkiyə və Azərbay­can iki qardaş ölkə kimi bu layihələrin bəhrəsini görür”.

Ölkələrimizin birliyinin hər bir sahədə özünü göstərdiyini, o cümlədən hərbi sahədə iş birliyinin, əməkdaşlığın dərinləşdiyini,  il ərzində bir neçə dəfə müştərək hərbi təlimlərin keçirildiyini diqqətə çatdıran Azər­baycan Prezidenti deyib: “Bu gün Tür­kiyə və Azərbaycan ordularının əsgərləri Azadlıq meydanında yan-yana dayanıblar və onlar bizim önü­müzdən qardaş kimi keçəcəklər”.

Türkiyə dünya miq­yasında böyük gücə çevrilibdir

Türkiyənin son illər ərzində çox böyük və şərəfli yol keçdiyini xatırladan Prezident İlham Əliyev deyib: “Əziz qardaşım Rəcəb Tayyib Ərdo­ğanın liderliyi ilə Türkiyə dünya miq­yasında böyük gücə çevrilibdir. Tür­kiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz. Yaşadığımız bölgənin tarixi və bu gü­nü bunu əyani şəkildə göstərir. Tür­kiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu, bizi çox sevindirir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır”.

Dövlətimizin başçısı qeyd edib ki, Türkiyə böyük iqtisadi gücə sahib bir ölkədir. Təsadüfi deyil ki, Türkiyə iq­ti­­sadiyyatına milyardlarla dollar xarici sərmayə qoyulur. Təkcə Azər­bay­ca­nın Türkiyəyə qoyduğu və qo­yacağı sərmayə 20 milyard dollara bərabərdir.

Türkiyənin dünya miqyasında çox güclü ordusunun olmasından Azərbaycan xalqının da qürur duyduğunu ifadə edən Prezident İlham Əliyev deyib: “Bütün bu uğurlar yalnız güclü liderin yorulmaz fəaliyyəti və xalqın Rəcəb Tayyib Ərdoğana olan dəstəyi nəticəsində mümkün olmuşdur. Bu gün mən Azadlıq meydanından bütün bu uğurlar münasibətilə Türkiyə Cümhuriyyətinin Prezi­dentini və bütün türk xalqını ürəkdən təbrik etmək istərdim”.

Azərbaycanın dünyada rolu artır

Prezident İlham Əliyev gələn ay Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünün qeyd ediləcəyini vurğulayaraq, bunun tarix üçün çox qısa bir vaxt olduğunu, müstəqilliyimizin ilk iki ilinin çox ağır, faciəvi keçdiyini, torpaqlarımızın iş­ğal altına düşdüyünü, ölkəmizin bö­yük iqtisadi çətinliklərlə, iqtisadi-siyasi böhranla üzləşdiyini xatırladaraq deyib: “Sonrakı dövrdə Azər­baycan böyük uğurlara imza atdı. Bu gün Azərbaycan bölgədə önəmli ölkəyə çevrilib, dünyadakı rolumuz artır, bizim beynəlxalq mövqelərimiz möhkəmlənir, dünya ictimaiyyəti bi­zim siyasətimizi dəstəkləyir.

Bunun ən bariz nümunəsi odur ki, bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsi Azərbaycanı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçmişdir. Bu, dünyanın Azərbaycana olan dəs­təyinin təzahürüdür. İqtisadi sa­hədə aparılan islahatlar Azərbay­cana böyük imkanlar gətirdi, biz böyük nailiyyətlərə çata bildik. Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artmışdır. Ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulmuşdur. Sosial məsələlərin həlli işində böyük uğurlar əldə edilmişdir. Bu gün Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir. Azərbaycan dost ölkələrlə, ilk növbədə, Türkiyə ilə birlikdə böyük layihələr icra etdi. Yəni, bütün bunlar tam əminliklə deməyə əsas verir ki, Azərbay­canın gələcəyi də parlaq olacaq”.

Ordumuz döyüş meydanında öz gücünü göstərib

Ölkəmizin ordu quruculuğu sahəsindəki böyük uğurlarından da danışan dövlətimizin başçısı bu gün Azərbaycan Ordusunun, beynəlxalq reytinqlərə görə, dün­ya miqyasında 50 ən güclü ordu sırasında olduğunu, hərbi potensialımızın artdığını qeyd edib. “Bi­zim güclü ordumuza böyük ehtiyacımız var. Çünki torpaqlarımız işğal altındadır,” - deyən Prezi­dent İlham Əliyev Dağlıq Qara­bağın əzəli Azərbay­can torpağı olduğunu,  əsrlər boyu xalqımızın bu torpaq­larda yaşayıb, yaratdığını bildirib. Qeyd edib ki, mənfur qonşular 1990-cı illərin əvvəllərində Azərbaycan­dakı qeyri-sabit vəziyyətdən istifadə edərək torpaqlarımızın bir hissəsini işğal edib. İşğal edilmiş tor­paq­larda bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsində məhv edilib. Xalqımıza qarşı soyqırım törədilib və bu işğal bu gün də davam edir. “Ona görə güclü ordu Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşaması, ərazi bütöv­lüyünün bərpası üçün əsas şərtdir,” – deyən Prezident İlham Əliyev Azərbay­can Ordusunun döyüş meydanında öz gücünü, məharətini göstərdiyini diqqətə çatdırıb. “Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaq­­larda qaldırılmışdır. Gün gələcək Azərbayca­nın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır,” – deyə dövlətimizin başçısı bəyan edib.

Qardaşlığımız əbədi və sarsılmazdır

Prezident İlham Əliyev tarixi əhəmiyyət daşıyan paradın Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının sarsılmaz və əbədi olduğunu bir daha dünyanın gözü qarşısında təsdiqlədiyini bildirib. Dövlətimizin başçısı yüz il bundan əvvəl Nuru paşanın Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakı işğalçılardan azad edildiyini vurğulayaraq deyib: “Bir gündən çox davam edən şiddətli döyüşlərdə bizim əcdadlarımız əsl qəhrəmanlıq, şücaət göstərmişlər. Onu da qeyd etməliyəm ki, bu tarixi zəfərdən iki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya gəlmiş və Bakı Azərbay­can dövlətinin paytaxtı elan edilmişdir. Bizim qədim şəhərimiz, Azərbaycan xalqının qədim şəhəri Bakı öz əsl sahibinə qayıtmışdır. Nuru paşanın, Qafqaz İslam Ordusunun, bütün qardaşlarımızın qəhrəmanlığı, dostluğu, qardaşlığı unudulmazdır, əbədidir, bizim qəlbimizdə daim yaşayacaqdır”.

Türkiyə Azərbaycan uğrunda 1132 şəhid verib

Türkiyə Respublikasının Pre­zi­denti Rəcəb Tayyib Ərdoğan isə çıxışında deyib ki, Azər­baycanın müstəqilliyi üçün canlarını fəda edən şəhidləri fədakarlıqları və cəsarətləri ilə özlərindən sonra nəsildən-nəslə qürurla xatırlanacaq şanlı bir dastan yazaraq, Türkiyə və Azərbay­canın əbədi qardaşlığının da rəmzi olublar. O, Türkiyənin Azərbaycan uğrunda 1132 şəhid verdiyini, buradakı məzarlarda yanaşı uyuyan şəhidlərin, eyni zamanda, ölkələrimiz arasındakı birgə taleyin təmsilçiləri olduqlarını, iki qardaş ölkə kimi Türkiyə ilə Azərbaycanı ümumi tarix, mədəniyyət, dil və din birləşdirdiyini söyləyərək, xalq şairi Bəxtiyar Vahabzadənin bu birliyi gözəl ifadə edən misralarını səsləndirib.

“Biz bu gün burada yalnız Qafqaz İslam Ordusunun və azər­baycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd et­mirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik,” – deyə Türkiyə Pre­zidenti qeyd edib.

Qafqaz İslam Ordusunun qəlblərdə yaratdığı sevinc

Tarixi bilmədən, bir əsr əvvəl Nuru paşanın və əsgər­lərinin minlərlə kilometr uzaqdan Bakıya və Gəncəyə gəlmələrinin səbəblərini dərk etmədən Azadlıq meydanındakı bu həmrəylik mənzərəsinin mənasını anlamağın müm­künsüzlüyünü bildirən Rəcəb Tay­yib Ərdoğan Azərbaycanın məşhur “Lalələr” mahnısının kə­dərli hekayəsinin də eyni şəkildə çəkilən əzabların və Qafqaz İslam Ordusunun qəlblərdə yaratdığı sevinc hissinin ifadəsi olduğunu xatırladıb.

Qafqaz İslam Ordusunun və Azər­bay­can Ordusunun 1918-ci ildə birgə həyata keçirdikləri əməliyyatların o dövrdə Azərbay­canın ərazi bütövlüyünü təmin edərək bu­günkü müstəqilliyinin təməlini qoyduğunu qeyd edən  Rəcəb Tay­yib Ərdoğan deyib: “Azərbay­canın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsindən sonra onu ilk tanıyan ölkənin Türkiyə Respublikası olması heç də təsadüfi deyil. Bu, qan qardaşlığımızın təbii nəticəsidir. Türkiyə olaraq müstəqilliyinin ilk dövrlərindən başlayaraq Azər­baycana əlimizdən gələn hər cür dəstəyi göstərdik və göstərməyə davam edəcəyik”.

Bütün sahələrdə ən mühüm tərəfdaşıq

Bu gün Türkiyənin Azərbay­canın sadəcə siyasi və hərbi deyil, eyni zamanda, ticarət, iqtisadiyyat, mədəniy­yət və digər bütün sahələrdə ən mühüm tərəfdaşı olduğunu xatırladan Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, müstəqilliyin bərpasından sonra Türkiyədə təhsil almış azərbaycanlıların sayı 125 mindən çoxdur və hazırda 15 mindən çox azərbaycanlı tələbə Türkiyə universitetlərində təhsil alır. “Əsgərlərimiz birgə təlimlər keçir, Əfqanıstan kimi dünyanın müxtəlif bölgələrində birlikdə fəaliyyət göstərirlər. Şübhəsiz ki, bu uğurlarda ümummilli lider Heydər Əliyevin nümayiş etdirdiyi dəyanətli liderliklə yanaşı, əziz qardaşım İlham Əliyevin səylərinin çox böyük bir payı vardır,” – deyə Türkiyə Pre­zidenti bəyan edib.

Sərhədlərimizi açmağımızı gözləməsinlər

Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsinin Türkiyə üçün də eyni dərəcədə ağrılı problem olduğunu diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan bu prob­lemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəklərini diqqətə çatdırıb. Türkiyə Prezidenti deyib: “İllərdir vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına ma­ne olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir. Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir mil­yon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir. Bundan 26 il əvvəl Xocalıda, Dağlıq Qarabağda törədilmiş qətliamlara görə məsuliyyət daşıyanların, qatilləri qəhrəman elan edənlərin bizə verə biləcəyi heç bir tarixi dərs yoxdur. Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır. Bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik”.

Hər iki ölkənin gənclərinin birgə tariximizdən və bugünkü bayram tədbirindən nəticə çıxaracağına inandığını ifadə edən Rəcəb Tayyib Ərdoğan çıxışını belə yekunlaşdırıb: “…Bu böyük qələbəni bizlərə ərməğan edən Azərbaycan Xalq Cümhuriy­yətinin və müstəqil Azərbaycanın Ordusunun bütün qurucularını, Qafqaz İslam Ordusunun Azər­baycana göndərilməsini təmin edən Ənvər paşanı, bu qalib or­dunun komandanı Nuru paşanı rəhmətlə yad edirik”.

Türkiyə Prezidenti möhtəşəm paradı təşkil etdiyinə görə Pre­zident İlham Əliyevə və komandasına şəxsən öz adından və qardaş türk xalqı  adından bir daha minnətdarlığını bildiririb.

***

Zəfər bayraqları yan-yana durdu...

Dövlət başçılarının çıxışlarından sonra Bakı Qarnizonunun şəxsi heyətinin təntənəli keçidi başlanıb. Qarnizonun birlik, birləşmə, hərbi hissə, dövlət xidmətləri və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən parad heyətləri tribunanın önündən keçiblər. Qarşıda Azərbaycan Respublikasının dövlət bayrağı, onun ardınca isə Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları, həmçinin 2016-cı ilin ap­relində Füzuli, Cəbrayıl, Ağ­dərə, Tərtər rayonlarında və bu yaxınlarda Naxçıvan Muxtar Res­pub­likasında bir çox strateci yüksəklikləri azad edərək min hektarlarla ərazinin nəzarətə götürülməsində xüsusilə fərqlənən hərbi hissələrin döyüş bay­raq­ları parada gətirilib.

Ulu öndər Heydər Əliyevin 1971-ci ildə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi liseyin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarından, Bakı Qarnizonu zabitlərindən ibarət parad heyəti, Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyatları taborlarını təmsil edən parad heyəti, Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvar­diyasının hərbi qulluqçuları, Bakı Qarnizonunun birlik, birləşmə və hərbi hissələri xüsusi texnika və silah sistemləri ilə tribunanın önündən keçiblər.

Paradı xüsusi təyinatlı avtomobil texnikaları, zirehli-tank texnikası, Hava Hücumundan Müdafiə silahları sistemlərinin, artilleriya silahları və əməliyyat taktiki raket sistemlərinin kolonları davam etdirib.

Türkiyə Silahlı Qüvvələrinin məşhur “Mehtəran” birliyi “Mehtər marşı”nın sədaları altında Azadlıq meydanına daxil olub, “Mehtəran” birliyi tribuna ilə üz-üzə dayanaraq “Əsgər marşı”nı ifa edib.

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Osmanlı Türkiyəsi və Azərbay­canın milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçiblər.

Azadlıq meydanı üzərindən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri və təyyarələrinin uçuşu olub.

Parad başa çatdıqdan sonra dövlət başçıları Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100 illiyi münasibətilə Türki­yədə hazırlanan xatirə markasını və ilk zərfi imzalayıblar.

Yüzlərlə hərbi texnikanın, uçuş vasitələrinin, zirehli texnikaların, raket və artilleriya silahlarının, hava hücumundan müdafiə sistemlərinin, helikopterlərin, pi­lotsuz uçuş aparatlarının, digər silah və texnikanın nümayiş olunduğu bu parad bir daha göstərib ki, son illərdə ordumuz əhəmiy­yətli dərəcədə güclənib. Güclü iqtisadiyyata söykənən güclü ordu formulu Prezident İlham Əliyevin fəaliy­yətinin əsas qayələrindən birinə çevrilib. Ölkəmizin iqtisadi inkişaf tempi Silahlı Qüvvələrin müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biri olub.

 

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993