Yazıçı Təranə Vahid: “Mən ədəbiyyata müharibədən, qaçqınlıqdan, yurd itkisindən, həyatın içindən keçib gəldim...”

O yerlərin adamı

Yazıçı Təranə Vahid: “Mən ədəbiyyata müharibədən, qaçqınlıqdan, yurd itkisindən,  həyatın içindən  keçib gəldim...”

Azərbaycan Yazıçılar Birliyininin üzvü, “Ulduz” jurnalının baş redaktorunun müavini Təranə Vahid (Təranə Vahid qızı Məmmədova) müasir Azərbaycan nəsrinin tanınmış nümayəndələrindəndir. Onun hekayə və esseləri dil-üslub gözəlliyi, deyimlərin təzəliyi, fikirlərin zənginliyi ilə seçilir.

       Ədəbiyyat bilicilərinin rəyinə görə, dünyaya fərqli baxışı olan Təranə Vahidin yaradıcılıq uğurlarının ən mühüm şərti qısa, aydın və sadə yazmasıdır. Amma bu sadəliyin içində ədəbiyyat deyilən bir dünya var. O dünya ki, insanları heyrətləndirməyi, düşün­dürməyi bacarır.

       Təranə xanım Laçın rayonunun Mişni kəndində anadan olub. Onun­la söhbətimiz unudulmaz yurd yeri, müharibə və köçkünlük ağrıları və bir az da ədəbiyyat haqqındadır...

Biz o dörd divar arasında  ümidə sığındıq...

- Uşaqlığınızı necə xatırlayırsız?

- Olduqca işıqlı, qayğısız, xoşbəxt. Ucqar dağ kəndində uşaqlar cəmiyyət qanunlarından çox təbiət qanunları ilə böyüyür. Sən oyuncaq­larla yox, güllərlə, çiçəklərlə, böcəklərlə oynayırsan, dağlar arxasından boylanan günəşə, sürünən buluda əl eləyirsən,  xəbərsiz-ətərsiz yağan yağışa, qara baxıb başını qaldıraraq göyün pəncərəsini axtarırsan. 

Xoşbəxt uşaqlığım olsa da, müharibə yeniyetməliyimi və gəncliyimi yaraladı. Daha doğrusu, müharibə tək mənim yox, hər bir azərbaycanlının taleyindən keçdi.

– Laçını, doğma kəndinizi tərk etdiyiniz günü necə, o gündən yaddaşınızda nələr qalıb?

 – İllərdi ki, Laçın adı gələndə ürəyim titrəyir. Bəlkə, ona görə ki, bu ad altında yüz illik, min illik  yaddaş kodumuz, ruh xəritəmiz, keçmişimiz, gələcəyimiz  gizlənir. Dünyaya göz açdığım Mişni kəndi  də mənim gözümdə dünyanın ən gözəl kəndidir. O gündən yaddaşımda filmlərdəki kimi xırda, amma ölənəcən unutmaycağım epizodlar qalıb. Yadımdadı, 1992-ci ilin may ayında kəndimizə qəribə sakitlik çökmüşdü. Adamlar səssiz-səmirsiz yer belləyirdilər, bostan əkirdilər, gündəlik qayğı­larla yaşayırdılar. Amma bu səssizliyin arxasında nigarançılıq, narahatlıq, çaşqınlıq vardı. Sanki altıncı duyğuyla nəyinsə baş verəcəyini, həyatlarının yerlə yeksan olacağını hiss edirdilər.

Üç ay əvvəl Xocalı hadisəsi baş vermişdi, bu hadisə insanları sarsıtmışdı. Çünki Xocalının harayı o vaxt paytaxta çatmamışdı. Qarabağ od tutub yanırdı, xəbərlər bir-birindən pis gəlirdi. Amma adamlar evini, kəndini, ocağını, torpağını qoyub getməyi ağlının ucundan da keçirmirdi. O vaxta kimi topların səsinə, ALAZANların gecə qaranlığında od saça-saça dağların sinəsinə sancılmasına alışmışdıq. Kəndimizin üstündə alçaqdan qara rəngli vertolyotlar uçurdu. Bu vertolyotlardan ən çox cücəli toyuqlar qorxurdu. Vertolyotlar havada görürən kimi toyuqlar cücələrini başına yığıb kolların altına qaçırdı. Sonralar toyuqlar da buna alışdılar.

Aşkarda və gizlində müharibə gedirdi. Şuşanın işğalı Laçının ölüm fitvasını verdi. Ermənistanla sərhəd olan Laçın erməni-rus birləşmələrinin işğal etdiyi Şuşanın arasında mühasirəyə düşdü. Mühasirədən çıxmaq üçün yeganə yol – Qubadlı yoluydu. Əliyalın camaat ya öləcək, ya da ölümdən də betər müsibətlə qarşılaşıb əsir düşəcəkdi.

Şuşanın işğalından sonra kəndin ağsaqqalları qərara gəldilər ki,  uşaqlar, qız-gəlinlər, qocalar kəndi tərk etsinlər.  O günü qiyamət günü kimi xatırlayıram. Kəndimizi tərk edəndə yağış yağırdı, biz də yağışa qoşulub ağlayırdıq, hələ də ağlayırıq...

Amma belə olmadı. Mayın 13-də gecəynən kəndimizə avtobuslar gəlib bir neçə saatdan sonra sonuncu Qubadlı yolunun bağlanacağını deyirlər. Üstündən uzun illər keçsə də, insanlar o gecəni hələ də vahiməylə, dəhşətlə xatırlayır. Boş qalan kəndimiz, sahibsiz evlər, zəncirdə qalan itlər... Biz müharibəni kitablardan oxumadıq, filmlərdə seyr etmədik, biz müharibəni hər üzüylə yaşadıq.

– Köçkün həyatınız necə başladı, nələr gördünüz, nələr yaşadınız?

– Köçkün həyatını heç kimə arzulamıram. Yer üzündə 70-ə yaxın münaqişə ocağı, mil­yon­larla öz torpağını, yurdunu, evini  məcburən tərk edən  insanlar var. Günlərin birində bütün mənsub olduqlarını əlindən alırlar və səni qorxulu bir adla – “qaçqın”, “köçkün” adıyla çağırırlar. Torpağı ola-ola torpaqsız, yurdu ola-ola yurdsuz, ocağı ola-ola ocaqsız qalmaq dünyanın ən böyük ədələtsizliyidir. Ən pisi də odur ki, bu acının içində kimlərsə səni ölümün, ölümdən də betər əsirliyin əlindən qaçdığın üçün məzəmmət edir, təhqir edir, qınayır, günahlandırır...

 O dövrlərdə ailəmiz bütün köçkün ailələr kimi ağır sınaqlardan keçdi. Qohum evinə pənah gətirdik və qısa müddətdə ev evə sığmaz məsəlini anlayıb  Buzovnaya getdik. Eşitmişdik ki, Buzovnadakı “Pioner düşərgəsi”ndə qaçqınları yerləşdirirlər. O günləri həyatımın ən pis günləri kimi xatırlayıram. Ora eynən müharibə kinolarındakı qaçqın düşərgəsini xatırladırdı. Hamı çaşqın, əlacsız, ümidsiz... Adamlar narahat-narahat dolaşır, axşamlar televizorun başına yığışıb xəbərlər proqramına baxır, ümid verə biləcək bir söz axtarırdılar.  Orda səhərlər Laçına dönmək ümdi ilə açılırdı. O günlərdən yaddaşımda o qədər kədərli xatirələr var ki, nahar vaxtı ağsaqqal, ağbirçək adamların utana-utana əllərini yardım süfrəsinə uzatmalarını, qadınların Laçına ağı deməsini, uşaqların gözlərinidəki qorxu dolu təlaşı hələ də unutmamışam. 

Bir ay burda qaldıq. Qarşıdan qış gəlirdi, bütün həyatımızı taleyin ixtiyarına buraxmışdıq. Qardaşım şəhərdə qəzalı vəziyyətdə olan bir binada ev tapmışdı. Alt mərtəbəsi yerlə-yeksan olan, pəncərəsi, qapısı olmayan dörd divar. Biz o dörd divar arasında ümidə sığındıq və hələ də o ümidlə yaşayırıq...

 

Bəzən ədəbiyyatın gücü silahdan da üstün olur

– Ali təhsil, ilk iş yeri, jurnalist fəaliyyə­tiniz barədə bir neçə kəlmə...

–  Ailədə dörd uşaq idik. O vaxtlar dördümüz də ali məktəbdə oxuyurduq. Mən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin ikinci kursunda oxuyurdum. Yaşamaq, ailəmizə azacıq da olsa kömək eləmək üçün qəzetlərə yazı yazırdım. “Azərbaycan gəncləri” qəzetində işə düzələndə çox sevinmişdim. O vaxt qocaman bir qəzetin baş re­daktoru Yusif Kərimov idi. Mən bu gün də Yusif müəllimi ən yaxşı, ən xeyirxah, həssas redaktorlarımdan biri kimi xatırlayıram. Sonralar “Panorama” qəzetində işlədim. Araz Zeynalovun rəhbərlik etdiyi bu qəzetdə böyük məktəb keçdim. 

Hər köçkünün acılarla dolu öz həyat hekayəsi var. Mən bu hekayətdən, əslində, romandan  sadəcə anları xatırladıram...

 

– Ədəbi yaradıcılığa gəlişiniz necə olub, nə vaxtdan sözə bağlanmısınız?

– Beşinci-altıncı sinifdə oxuyanda kəndi­mi­zi vəsf edən şeirlər yazardım. Əgər onlara şeir demək mümkünüydüsə. Amma içimdə ədəbiyyata elə böyük bir sevgi vardı ki, kimsə o istəyi öldürə bilməzdi.

“Panorama” qəzetində işləyəndə  təcrübəli əməkdaşlardan biri növbəti yazımı oxuyub “Vallah, bu qız yazıçıdı”, - dedi. Sözün düzü, o vaxt çox gənc idim, bu sözdən  bir az da incidim, çünki  mən jurnalistikanı sevirdim, jurnalist olmaq istəyirdim. Amma təcrübəli curnalistin uzaqgörənliyi özünü doğrultdu.

 Mən ədəbiyyata müharibədən, qaçqınlıqdan, yurd itkisindən, həyatın içindən keçib gəldim. Ruhum yaralandı, qanadım sındı, amma ədəbiyyata olan sevgim heç vaxt azalmadı.

 

–  Məcburi köçkünlük mövzusu bədii ədəbiyyatda – bu barədə nə deyə bilərsiniz?

–  Başqa sahələrdən fərqli olaraq ədəbiyyat hadisələrə kənardan baxmağı xoşlayır. Xüsusilə nəsr. İkinci dünya müha­ribəsi haqqında ən gözəl əsərlər uzun illərdən sonra yarandı. Ədəbiyyatımızda Qarabağ mövzusunda hekayələr, romanlar yazılıb, amma bunlar kifayət deyil.  “Tapıl­mayan torpaq”, “Nənəm, müharibə və itən vaxt”, “Vağzaldakı qarı”, “Qərib gül”, “Ev” hekayələrimdə torpağından ayrı düşən insanların faciəsi var. Ədəbiyyat milyonlarla insanın dərdini, hisslərini, duyğularını  ümumiləşdirib SÖZə gətirir. Qarabağ hekayələrim Türkiyədə, ABŞ-da, Başqırdıstanda çap olunub. Qarabağın səsini, ağrılarını bu yolla insanlara çatdırmaq istəmişəm. Bəzən ədəbiyyatın gücü silahdan da üstün olur. Biz çalışıb üzərimizə düşən missiyanı yerinə yetirməliyik. 

–  Məcburi köçkün ailələrindən olub ədəbiyyata maraq göstərən gənclərə nələri tövsiyə edərdiniz? Hansı əsərləri, hansı müəllifləri oxumağa dəyər? 

– Tövsiyə edərdim ki, babalarından, nənələrindən eşitdikləri gerçək Qarabağ hekayələrini qələmə alsınlar. Ömür əbədi deyil. Amma sənədli bir hekayə gələcək tarix üçün qiymətlidir. Əslində, tarix ədəbi əsərlərdə daha uzun­ömürlü olur. Biz təhrif etmədən tariximizin Qarabağ səhifələrini yazmalıyıq. O ki qaldı kimləri oxusunlar, Azərbaycan və dünya ədəbiyyatının ən gözəl nümunələrini, xüsusilə klassikləri oxusunlar. 

 

Dövlətimiz, hökumətimiz məcburi köçkün məsələsində kifayət qədər  həssasdır

 

– Məcburi köçkünlərin Sizin gördü­yünüz hansı problemləri var?

–  Desək ki, məcburi köçkünlərin problemi yoxdur, bu, doğru olmaz. Amma məcburi köçkünlərlə bağlı görülən işlərə, həyata keçirilən layihələrə göz yummaq sadəcə insafsızlıq və nankorluq olardı. Dövlətimiz, hökumətimiz məcburi köçkün məsələsində kifayət qədər  həssasdır. Bir milyon insanın qayğılarını, prob­lemlərini birdən-birə həll etmək, təbii ki, mümkün deyil. Planlı, mərhələli şəkildə qəsəbələr salınır, yaşayış binaları tikilir, insanlar yeni mənzillərə köçürülür. Neçə il bundan əvvəl curnalist kimi Sabirabadda Qalaqayında sonuncu çadır şəhərciyində olmuşdum. Orda ağır şəraitdə yaşayan insanları yeni mənzillərə köçürəcəkdilər, amma ayrılıq, yer dəyişmək onları elə qorxutmuşdu ki, isti, rahat mənzillərə köçməyə ehtiyat edirdilər. Sanki illər boyu çadırdakı baş-başa qaldıqları xatirələrdən qopmaq istəmirdilər.  Belə məqamlarda onları başa düşmək, həssas yanaşmaq gərəkdi. Mənə elə gəlir ki, məcburi köçkünlərə mənzildən də çox ümid lazımdı. Cəmiyyət olaraq bunu hər kəs anlamalıdır.

– İşğaldan azad edilən Laçına qayıdacağınızı necə təsəvvür edirsiniz?

– 26 ildir o günün həsrətiylə yaşayıram. “Min ilin həsrəti” essem var,  bütün  duyğularımı, xəyallarımı, yaşantılarımı   o essedə ifadə etməyə çalışmışam. 

Görün neçə illərdi ki, dünyasını dəyişən insanlarımızı, dogmalarımızı əmanət deyib torpağa tapşırırıq. Bir gün Böyük köçün Şuşaya, Ağdama, Qubadlıya, Zəngilana, Cəbrayıla, Xankəndinə, Xocalıya, Füzuliyə, Laçına – işğal altında olan bütün Qarabağ torpaqlarına  qayıdacağına inanıram. O günə kimi Qarabağı qəlbimizdə, ruhumuzda, qanımızda, yaddaşımızda yaşatmalıyıq.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993