Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməyə hazırdır

Prezident İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır”

Federal Kansler Angela Merkel: “Almaniya bu münaqişənin həllində maraqlıdır və biz buna Minsk qrupu çərçivəsində öz töhfəmizi verəcəyik”

Prezident İlham Əliyevin və Federal Kansler  xanım Angela Merkelin avqustun 25-də birgə keçirdikləri mətbuat konfransındakı bəyanatları isə ölkələrimiz arasında kifayət qədər yaxşı əlaqələrin mövcud olduğunu göstərdi.

Prezidenti İlham Əliyev Almaniya Kanslerinin Azərbaycana ilk səfəri kimi, bu səfərin tarixi  əhəmiyyət daşıdığını vurğulayaraq onun Almaniya-Azərbaycan əlaqələrinin sürətlə inkişaf etməsinə, əlaqələrimizə yeni təkan verəcəyinə əminliyini ifadə edib. “Bu gün biz gündəlikdə duran bir çox məsələləri çox açıq, konstruktiv şəkildə müzakirə etdik. Əminəm ki, aparılan danışıqlar, keçirilmiş fikir mübadiləsi gələcək əməkdaşlıq üçün yaxşı zəmin yaradır”, - deyən dövlətimizin başçısı curnalistlərə bildirib ki, xanım Kanslerə regional təhlükəsizlik məsələləri, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verib. “Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri uzun illərdir ki, Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, Ermənis­tan bu qətnamələrə məhəl qoymur, onları icra etmir. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır”, - deyə Prezident İlham Əliyev dövlətimizin prinsipial mövqeyini bir daha açıqlayıb. 

Almaniyanın Federal Kansleri Angela Merkel isə mətbuat konfransındakı çıxışında səmimi qəbula və çox intensiv diskussiyaya görə Azərbaycan Prezidentinə təşəkkür edərək deyib: “Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyini qeyd edir. Azərbaycan artıq ənənələri olan bir dövlətdir”.

O, ikitərəfli münasibətlərin xarakterindən danışarkən qeyd edib ki, bu regionda Azərbaycanın simasında Almaniyanın ən böyük, ən vacib ticarət tərəfdaşı olduğunu vurğulayıb.

A.Merkel Dağlıq Qarabağ məsələsi haqqında açıq danışıq getdiyini diqqətə çatdıraraq deyib: “Mən bir daha vurğuladım ki, Almaniya bu münaqişənin həllində maraqlıdır və biz buna Minsk qrupu çərçivəsində öz töhfəmizi verəcəyik. Ermənistanda yeni hökumətin qurulması faktı, bəlkə də, bu sahədə vəziyyətin yaxşılaşdırılmasına, danışıqlara təkan verilməsinə səbəb ola bilər və Almaniya da burada iştirak edə bilər. Biz regionun təhlükəsizliyi haqqında da danışdıq. Azərbaycanın coğrafi vəziyyəti çox maraqlıdır, yəni, bir tərəfdən Rusiya, bir tərəfdən İranla əhatə olunub, Türkiyə ilə əlaqələri var. Biz bu fikirlə razıyıq ki, münaqişələr sülh, danışıqlar yolu ilə həll olunsun və bu regionda mövcud olan bütün münaqişələr sülh yolu ilə həll edilməlidir”.

Curnalistlərin suallarını cavablandırarkən də Federal Kansler bir daha bu barədə mövqeyini açıqlayıb. O, deyib ki, biz Dağlıq Qarabağ məsələsi ilə bağlı Minsk qrupunda fəaliyyətimizi davam etdirəcəyik. “Mən bu dəfə hər iki ölkəyə səfər etdim və bununla da məsələnin təcili və necə həll olunması barədə bir daha aydın təsəvvür yarandı. Biz səylərimizi artıracağıq və bütün tərəflər də iştirak etməlidir ki, bir həll yolu tapılsın və biz buna töhfəmizi verəcəyik”, - deyə xanım Merkel bəyan edib.

Azərbaycanlı curnalistin  “Ermənistan Azərbaycan torpaqlarını uzun illərdir ki, işğal altında saxlayır və xalqımıza qarşı hərbi cinayətlər törətmişdir. Ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən dəhşətli soyqırımı nəticəsində 600-dən çox dinc sakin, o cümlədən 60-dan çox uşaq vəhşicəsinə qətlə yetirilib. Ermənistanın təcavüzü nəticəsində ərazilərimizin təxminən 20 faizi işğal olunub. Bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onların əmlakları, evləri talan edilib, dağıdılıb və bu insanların fundamental insan haqları kobud şəkildə pozulub. BMT Təhlükəsizlik Şurası Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Lakin Ermənistan onlara məhəl qoymur və onları icra etmir. Nə üçün bu günə qədər Ermənistana qarşı sanksiyalar tətbiq edilməyib?” sualına isə Federal Kansler Angela Merkel belə cavab verib: “Bir qədər əvvəl dediyim kimi, biz həll yolunun axtarılması üzərində işləyirik. Mən çox şadam ki, hazırda heç olmasa müəyyən sakitlik var. Yəni, hazırda insanlar orada zərər çəkmirlər və əlbəttə, Almaniya BMT Təhlükəsizlik Şurasının qərarları əsasında səylərini davam etdirəcək və aidiyyəti regionlarda insanların vəziyyətinin yaxşılaşması üçün məsələnin həllini tapmağa çalışacaq”.

Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, hüquq elmləri doktoru Mehdi Abdullayev Almaniya Federal Kanslerinin bəyanatlarını şərh edərkən deyib ki, Dağlıq Qarabağ məsələsində bu dövlət bəzi ölkələrlə müqayisədə daha ədalətli mövqe sərgiləyir. O bildirib ki, Almaniya parlament-Bundestaq səviyyəsində Ermənistan-Azərbaycan münaqişəsinə hüquqi-siyasi qiymət verən və Ermənistanın təcavüzkarlığını pisləyən azsaylı Qərb ölkələrindən biri və birincilərdəndir: “Uzun illərdir həm qardaş Türkiyənin, həm də Almaniyanın ATƏT-in Minsk qrupunun həmsədrliyinə cəlb edilməsi ilə bağlı fikirlər, təkliflər səsləndirilir. Çünki Azərbaycan cəmiyyəti bu iki ölkənin ədalətli mövqe nümayiş etdirməsi səbəbi ilə onların həmsədrliyə cəlb edilməsində maraqlıdır.

Mətbuat konfransında xanım Merkel Dağlıq Qarabağ məsələsindən bəhs edərək dedi: “Biz Dağlıq Qarabağ məsələsi ilə bağlı Minsk qrupunda fəaliyyətimizi davam etdirəcəyik. Mən bu dəfə hər iki ölkəyə səfər etdim və bununla da məsələnin təcili və necə həll olunması barədə bir daha aydın təsəvvür yarandı. Biz səylərimizi artıracağıq və bütün tərəflər də iştirak etməlidir ki, bir həll yolu tapılsın və biz buna töhfəmizi verəcəyik”. Bu günə qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox bəyanatlar səsləndirilib, vədlər verilib, ancaq reallıqda bunun nəticəsi görünməyib. Amma xanım Merkelin bu sözləri Qarabağ münaqişəsinin sülh, danışıqlar yolu ilə ədalətli həlli prosesinə ümidlərimizi bir qədər də artırır. “Yəni, sülh, danışıqlar yolu ilə münaqişənin həlli limiti hələ tam tükənməyib. Bu baxımdan da, çox istərdim ki, bunlar söz olaraq qalmasın və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində öz müsbət rolunu oynasın. Ümumiyyətlə, Azərbaycan açıq, şəffaf ölkədir, hər ölkə ilə ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasında maraqlıdır, hər zaman da bu yöndə öz niyyətlərini ortaya qoyub, lazımi addımlar atılıb. Azər­baycan zor, təhdid, təzyiq, diktə dilini sevmir və qəbul etmir. Yəni, hər kəslə bərabərhüquqlu münasibətlərin qurulması tərəfdarı kimi çıxış edir və öz mövqeyində də israrlıdır. Hesab edirəm ki, Almaniya Kanslerinin bu səfəri hər iki ölkə və xalqın maraqları­na xidmət edir”,- deyə Mehdi Abdullayev vurğulayıb.

Almaniyanın nüfuzlu kütləvi informasiya vasitələri də Federal Kansler Angela Merkelin Azərbaycana səfərini geniş işıqlandırıb.

“ARD” telekanalının rəsmi internet səhifəsi Azərbaycanın enerci sahəsində Almaniya üçün mühüm tərəfdaş ölkə olduğunu yazıb. Məqalədə Angela Merkelin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə toxunularaq bildirilir ki, liderlərin əsas müzakirə mövzuları enerci məsələləri və Dağlıq Qarabağ münaqişəsinin həlli yolu olub. Vurğulanır ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməyə hazırdır. Yazıda Cənub Qaz Dəhlizi layihəsinin Avropa üçün əhəmiyyətinə toxunulub.

“Deutsche Welle” televiziyasının rəsmi saytında da “Azərbaycan enerci təhlükəsizliyi üzrə mühüm tərəfdaşdır” başlıqlı məqalədə Cənub Qaz Dəhlizi layihəsinin böyük əhəmiyyətə malik olduğu vurğulanır. Qeyd edilir ki, Azərbaycan ilə Almaniya daha sıx əməkdaşlıq etmək niyyətindədirlər. Yazıda bildirilir ki, iki ölkə arasında enerci sektoru ilə yanaşı, tikinti və kənd təsərrüfatı sahələri, həmçinin informasiya texnologiyaları və mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

Oxşar məqalələr ZDF, t-Online, Nachrichten TV(Naxrixten), Die Welt, Focus, Stern kimi nüfuzlu mətbuat orqanlarının rəsmi internet saytlarında da dərc edilib.

Onu da qeyd edtmək lazımdır ki, Almaniya Kanslerinin Azərbaycan Prezidenti İlham Əliyevlə  dostluq münasibətləri mövcuddur. 2017-ci ilin aprel ayında  Angela Merkel Azərbaycan ilə Almaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda ikitərəfli əlaqələrimizin qədim tarixə malik olduğunu bildirirdi. Angela Merkel qeyd edirdi ki, 200 il bundan əvvəl ilk şvab mühacirləri müasir Azərbaycanın ərazisində məskunlaşıblar. O, münasibətlərimizin canlı və hərtərəfli olduğunu Prezident İlham Əliyevin 2016-cı ilin iyun ayında Almaniyaya səfəri ilə birmənalı olaraq təsdiq etdiyini vurğulayıb: “Almaniya olaraq Sizin ölkəmiz ilə sıx əməkdaşlıq etməyə hazır olmağınızı və Avropanın dəyərlər icmasına qoşulmaq iradənizi alqışlayır. Əmin ola bilərsiniz ki, Almaniya ölkənizin modernləşməsində, demokratiya­- nın və hüquqi dövlətin inkişafında etibarlı tərəfdaşınız olaraq qalacaq”, - deyə Kansler qeyd edirdi. An-gela Merkel məktubunda əminliklə vurğulayırdı ki, Almaniya ATƏT-in Minsk qrupunun üzvü kimi, gələcəkdə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak edəcək və həmsədrlərin səylərini dəstəkləyəcək.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev də demək olar ki, hər il Almaniyaya rəsmi və ya işgüzar səfərlər edir. Orada Almaniyanın yüksək vəzifəli məmurları, biznesmenləri ilə görüşlər keçirilir. Bütün bunların nəticəsidir ki, bu gün Almaniya Avropa Birliyində Azərbaycanın ən etibarlı tərəfdaşlarından sayılır.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993