Onlar indi ali məktəb tələbəsidirlər...

Ərazisi işğal olunmuş rayonların məzunları arasında ən yüksək bal toplayan abituriyentlərlə tanış olun

Dövlət İmtahan Mərkəzi 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirib. Tələbə qəbulu yaz və yay imtahanları olmaqla 2 mərhələdə aparılıb.

Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə 44 min 772 abituriyent iştirak edib və onlardan 39 min 906-sı qəbul olunub. Qəbul imtahanlarında toplanması mümkün olan maksimal bal 700-dür. Bu il ən yüksək gös­tərici ilə bağlı rekord qeydə alınıb. Belə ki, 29 nəfər yüksək nəticə göstərərək 700 bal toplayıb.

Bir çox abituriyenti isə 700 baldan, sadəcə, bir neçə rəqəm ayırıb. Yüksək nəticə göstərən abituriyentlər arasında məcburi köçkün məktəblərində təhsil alan şagirdlər də var. Ümumilikdə, bu kateqoriyadan olan abituriyentlər arasında ən yüksək göstərici Ağdam və Qubadlı rayonunın yetirmələrinə məxsusdur.

Belə ki, Ağdam rayonun 149 nömrəli tam orta məktəbi bitirmiş Cavadzadə Nəzrin Faid qızı və Qubadlı rayon 3 saylı tam orta məktəbin məzunu Balakişiyeva Elnarə Vitali qızı hərəyə 695 bal toplayıblar. Nəzrin Cavadzadə Azərbaycan Tibb Unveristetinin “Müalicə işi”, Elnarə Balakişiyeva isə ADA Universitetinin “Dövlət və ictimai münasibətlər” fakültəsində  ali təhsil alacaqlar.

Hərəyə 690 bal toplayan Zən­gilan rayon 6 nömrəli tam orta məktəbin məzunu Cahangirov Yusif Mislim oğlu  və Kəlbəcər rayon 80 nömrəli tam orta  məktəbin məzunu Alıyev Əli Mürşüd oğlu ali təhsil üçün Bakı Dövlət Univeristetinin “Hüquqşünaslıq” fakültəsini seçiblər. Eyni balla ali məktəbə daxil olan Füzuli rayon 54 nömrəli tam orta  məktəbin məzunu Qarayev Əlixan Əminağa oğlu da onlarla birlikdə hüquqşünas ixtisasına yiyələnəcəkdir.

Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” fakültəsində təhsil alacaq daha bir gənc - Cəbrayıl rayonunun V.Hüseynov adına Daşkəsən kənd orta məktəbini bitirmiş Şahverdiyev Məftun Mübariz oğlu isə qəbul imtahanında 685 bal toplayıb.

Laçın rayon 37 nömrəli tam orta  məktəbin məzunu Yusifzadə Kərim Abbas oğlu qəbul imtahanında topladığı 672 balla Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” fakültəsini seçib.

Şuşa şəhəri üzrə ən yüksək göstəricini Cəfərli  Saleh  Ayaz oğlu əldə edib. O, Malıbəyli kənd 1 nömrəli  tam orta məktəbini bitirib. 652 bal toplayan abituriyent Azərbaycan Dövlət İdarəçilik  Akademiyasının “Komputer elmləri” fakültəsində təhsil alacaq.

Xocalı rayonu 4 nömrəli tam orta  məktəbi bitirən Bəhramlı Ümid Fəxri oğlunun qəbul imtahanında topladığı 634 bal ona Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” fakültəsində təhsil almaq hüququ qazandırıb.

Xocavənd rayon 2 nömrəli tam orta  məktəbin məzunu Süleymanov Kənan Novruz oğlu ali məktəblərə qəbul imtahanında 630 bal toplayıb. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” üzrə ali təhsil alacaq.

Qeyd edək ki, 2017-ci ildən abituriyentlərin ali təhsil almaq imkanlarını artırmaq məqsədilə qaydalarda dəyişikliklər edilib. Onlara cari tədris ili çərçivəsində müəyyən bir ixtisas qrupu daxilində keçirilən qəbul imtahanlarında iki dəfə iştirak etməyə icazə verilib. Bu ildən isə müxtəlif ixtisas qruplarını da seçmək imkanının yaradılması abituriyentlərə öz bilik və bacarıqlarını daha dəqiq nümayiş etdirmək şansı yaradıb.

Tələbə adı qazanmış gəncləri təbrik edir, onlara təhsildə və həyatda uğurlar arzulayırıq!

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993