Məcburi köçkünlərin məşğulluğu üçün təminatlar müəyyən edilib

“Məşğulluq haqqında” Qanuna əsasən, onlar sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər kateqoriyasına aiddirlər 

Avqustun 24-də Prezident İlham Əliyev ““Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanunun tətbiqi barədə” fərman imzalayıb. Bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının 2001-ci il 2 iyul tarixli 170-IIQ nömrəli eyni adlı qanunu ləğv edilib.

“Məşğulluq haqqında” Qanun, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir.

Qanunun 1.1.22. maddəsinə əsasən, məcburi köçkünlər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər kateqoriyasına aid edilir. Bu kateqoriyaya, həmçinin, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən vali­deynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər daxildir.

Qanunda sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğu üçün əlavə təminatlar müəyyənləşdirilib (maddə 11). Belə ki, dövlət sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə əlavə iş yerləri və sosial müəssisələr yaratmaq, onlar üçün uyğunlaşdırılmış təlim proqramları əsasında peşə hazırlığı kursları təşkil etmək, habelə kvota müəy­yən etmək yolu ilə əlavə təminatlar verir. Kvota tətbiq edilməsi qaydası və kvota şamil edilməyən müəssisələrin siyahısı Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi orqan (qu­rum) tərəfindən müəyyən edilir.  Kvotanın miqdarı isə müvafiq inzibati ərazi vahidində əmək bazarındakı vəziyyətdən asılı olaraq, müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə müəyyən edilir.  Azərbaycan Respublikasının Prezidentinin mü­əyyən etdiyi orqan (qurum) tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri onlar üçün kvota üzrə müəy­yən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Qanunun 26.1. maddəsinə əsasən, sosial müəssisələrin və əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi ilə bağlı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məş­ğulluğunun təmin olunması məqsədi ilə işəgötürən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kvotadan əlavə iş yerləri, sosial müəssisələr yaradıla və məqsədli proqramlar həyata keçirilə bilər.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993