Dünyada öz vətəndaşlarına Azərbaycan qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur

Prezident İlham Əliyev: “Sosial cəhətdən az müdafiə olunan vətəndaşlar, işğaldan əziyyət çəkmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlar, onların yaşayışı, məşğulluğu, həyat səviyyəsi bizim üçün  prioritet məsələdir”

“Sosial siyasət Azərbaycanda prioritet məsələlərdən biridir. Mən dəfələrlə demişəm ki, bizim bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Prezident İlham Əliyev bu sözləri avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində deyib. Mərasimdə birinci xanım Mehriban Əliyeva da iştirak edib.

SOSİAL SİYASƏT UĞURLA APARILIR

Dövlətimizin başçısı son iyirmi il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, 6 mindən çox minik maşını verildiyini qeyd edərək, bunu həmin şəxslərə dövlət qayğısının təzahürü kimi dəyərləndirib və deyib: “...Bu siyasət bu gün də davam etdirilir. Dediyim kimi, bu gün 35 mənzil verilir. Ancaq ilin sonuna qədər nəzərdə tutulan rəqəm əlavə 170 mənzil və fərdi evdir. Bununla belə, nəzərə alsaq ki, hələ də növbədə kifayət qədər insan var, - təqribən 4 minə yaxın insan növbədədir, - mən əlavə vəsait ayıraraq bu il minimum daha 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyəm. Beləliklə, ehtiyac içində yaşayan 500-ə yaxın insan ilin sonuna qədər mənzillərlə təmin ediləcək. Biz çalışmalıyıq ki, bu proqramı tezliklə başa çatdıraq. Əlbəttə ki, buna nail olmaq üçün kifayət qədər maliyyə vəsaiti olmalıdır. Biz imkan daxilində bu vəsaiti təmin edib, təşkil edib sizə mənzilləri təqdim edəcəyik. Hələ də mənzillə təmin olunmayan şəhid ailələri, müharibə əlilləri mütləq mənzillər alacaqlar”.

Müharibə və Çernobıl əlillərinin, şəhid ailələrinin sosial problemlərinin həlli ilə bağlı dövlət siyasətinin mühüm istiqamətlərindən biri də bu kateqoriyadan olan insanların məşğulluğunun təmin edilməsidir. Ha­zırda ölkəmizdə genişmiqyaslı özünüməşğulluq proqramı icra olunur. Dövləti­mizin başçısı bu barədə danışarkən deyib: “Hər il ən azı 7 min ailə bu proqramla əhatə olunacaq. Hər bir ailəyə minimum 5 min manat dəyərində ləvazimat, vəsait, müxtəlif təyinatlı avadanlıqlar veriləcək ki, onlar öz biznesini, öz işini qura bilsinlər. Göstəriş verilmişdir ki, müharibə əlilləri, şəhid ailələri də mütləq bu proqramla əhatə olunsunlar. Ar­tıq bu işlər başlamışdır, təlim kursları apa­rılır. Beləliklə, biz məşğulluq prob-leminin həllinə də çox ciddi töhfə vermiş olacağıq”.

Azərbaycan dövlətinin sosial siyasəti uğurla aparılır. Görülən işlər göstərir ki, dövlətimiz həmişə öz vətəndaşının yanındadır. Müharibədən, işğaldan əziyyət çəkən köçkün, qaçqın soydaşlarımız da dövlət tərəfindən qayğı ilə əhatə olunurlar. Prezident İlham Əliyev bu barədə danışarkən deyib: “Son illərdə 100-ə yaxın qəsəbə salınıb. Üç yüz minə yaxın köçkün evlərlə, mənzillərlə təmin edilib. Bu siyasət davam etdirilir. Bu il Qaradağ rayonunun Qobu qəsəbəsində min mənzillik yeni köçkün qəsəbəsi salınmışdır. Orada da bütün infrastruktur, məktəb, bütün lazımi məsələlər öz həllini tapıb. İlin sonuna qədər isə 4 min köçkün ailəsi, təqribən 20 min insan yeni mənzillərlə təmin ediləcək. Yəni, biz ancaq bu layihələri nəzərə alsaq görərik ki, nə qədər böyük qayğı göstərilir və bu məqsədlərə çatmaq üçün dövlət nə qədər vəsait xərcləyir”.

Sosial siyasətin ölkəmizdə prioritet məsələlərdən olduğunu xatırladan dövlətimizin başçısı bir daha bəyan edib ki, bütün görülən işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. “Xüsusilə, sosial cəhətdən az müdafiə olunan vətəndaşlar, işğaldan əziyyət çəkmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlar, onların yaşayışı, məşğulluğu, həyat səviyyəsi bizim üçün prioritet məsələdir. Biz imkan daxilində bu məsələləri həll edirik. Deyə bilərəm ki, işğaldan və etnik təmizləmədən əziyyət çəkmiş dövlətlər arasında Azərbaycanda bu sahədə görülən işlər ən yüksək səviyyədədir. Bunu beynəlxalq təşkilatlar da, BMT də qeyd edir və Azərbaycan təcrübəsi bir çox ölkələr üçün nümunə kimi göstərilir. Bəlkə də dünyada öz vətəndaşlarına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur. Bu, bir daha bizim siyasətimizin niyyətini əks etdirir. Bu siyasət davam etdiriləcək. Bir daha demək istəyirəm ki, bu gün növbədə duran bu kateqoriyadan olan bütün insanlar imkan daxilində mənzillərlə, evlərlə, maşınlarla təmin ediləcəklər,” – deyə Prezident İlham Əliyev bildirib.

Azərbaycan öz iqtisadi potensialına güvənən, sosial məsələləri heç bir yerdən yardım almadan, öz daxili imkanları hesabına həll edən bir dövlətdir. İlkin proq-nozlara görə, iqtisadiyyatımızın inkişafı qarşıdakı ildə daha da yaxşı olacaqdır. Dövlətimizin başçısı gələn ilin sürətli inkişaf ili olacağını vurğulayaraq deyib: ”Be­ləliklə, maliyyə imkanlarımız daha da genişlənəcək və ölkə qarşısında duran əsas vəzifələrin, infrastruktur layihələrin, eyni zamanda və ilk növbədə, sosial məsələlərin həlli üçün biz bu vəsaitdən istifadə edib sizin problemlərinizi həll edəcəyik”.

ÖLKƏMİZİN  ƏRAZİ BÜTÖVLÜYÜ  BƏRPA EDİLMƏLİDIR!

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız bir yolunun olduğunu bəyan edib: ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir!  “Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Bunu tarix deyir, beynəlxalq hüquq deyir və bütün dünya dövlətləri ölkəmizin ərazi bütöv­lüyünü tanıyır və dəstəkləyir”, - deyən Prezident İlham Əliyev keçən ay Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütöv­lüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı Azərbaycana çox böyük dəstək ifadə edildiyini və bunun növbəti diplomatik qələbə olduğunu diqqətə çatdırıb. Bu­nunla yanaşı, keçən ay NATO-nun zirvə görüşünün nəticəsi olaraq qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bü­tövlüyünə dəstək göstərilib. Bunları “işğalçı ölkəyə göndərilən çox ciddi siqnallar” kimi səciyyələndirən dövlətimizin başçısı deyib: “Onlar bilsinlər ki, mötəbər beynəlxalq təşkilatlar bu məsələni diqqətdə saxlayır və Azərbaycanın ərazi bütöv­lüyünü dəstəkləyir. Münaqi­şənin həlli yalnız bu prinsiplər əsasında ola bilər və olmalıdır”.

İşğalçı dövlətin indi ağır günlər yaşadığını, iyirmi il Ermənistana rəhbərlik etmiş kriminal xunta rejiminin çökdüyünü, onların işğalçı siyasətinin iflasa uğradığını vurğulayan Prezident İlham Əliyev deyib: “...Onların bu vəziyyətə düşməsinin əsas səbəbi işğal siyasətidir. Çünki əgər işğal siyasəti olmasaydı, Ermənistan regional layihələrdən təcrid edilməyəcəkdi və beləliklə, bizim imkanlarımızdan faydalana bilərdi. Məhz işğalçılıq siyasətinə görə Ermənistan bu gün bu ağır, təcrid edilmiş vəziyyətdədir və iqtisadi inkişaf üçün heç bir perspektiv yoxdur. O vaxta qədər ki, Azərbaycanla münasibətlər normallaşmayacaq. Normallaşmanın da bir yolu var – işğalçı dövlət bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır. Necə ki, dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurası 25 il əvvəl qətnamə qəbul edib və orada açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə qalacaq. Ona görə münaqişənin həlli üçün yol, bax, bu yoldur”.

Prezident İlham Əliyev Ermənistanın yeni hökumətinin bunu yaxşı başa düşməli və əvvəlki kriminal xunta rejiminin səhvlərini buraxmamalı olduğunu qeyd edərək deyib: “Düzdür, yeni hökumət indi daxili işlərlə daha çox məşğuldur, ancaq bildirməliyəm ki, onlar tərəfindən səslənən ziddiyyətli bəyanatlar həm bizdə, həm bu məsələ ilə məşğul olan ölkələrdə və beynəlxalq təşkilatlarda təəccüb doğurur. Çünki bir-birini təkzib edən bu bəyanatlar başadüşülən deyil. Bir tərəfdən deyirlər ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağın qondarma rejimi ilə danışıqlar aparmalıdır. Bu, ümumiyyətlə, qəbuledilməzdir və bu, elə bir təklifdir ki, bu təklifi verən tərəf bəri başdan bilir ki, bu, qəbul edilməyəcək. Digər tərəfdən, bu təklif vasitəçilər tərəfindən heç vaxt qəbul edilməyəcək. Üçüncü tərəfdən, o bəyanatdan bir müd­dət keçəndən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür və danışıqlara başlayır. Yəni, tamamilə bir-birini təkzib edən, bir-birinə zidd olan yanaşmadır. Əlbəttə, biz başa düşürük, yeni hökumətə müəyyən qədər vaxt la­zımdır ki, beynəlxalq münasibətlərdə mövcud olan praktikanı düzgün təhlil etsin. Ancaq, əlbəttə ki, bu bəyanatlar sülh prosesinə vurulmuş növbəti zərbələrdir və bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Çünki onlar işğal siyasətini davam etdirmək fikrindədirlər. Hələlik biz belə qənaətə gələ bilərik”.

TORPAQLARIMIZ  QAYITMAYANA QƏDƏR  SÜLH OLMAYACAQ

Prezident İlham Əliyev, eyni zamanda, Ermənistandan sülhə yönəlmiş çağırışların edildiyini və bu çağırışların eşidildiyini,  ölkəmizin də sülh və həm də öz torpaqlarını istədiyini qeyd edib. “Torpaqlarımız qayıtmayana qədər sülh olmayacaq və Ermənistanın yeni rəhbərliyi bunu çox yaxşı başa düşməlidir. Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Erməni əsgərinin Azər­baycan torpağında nə işi var?! Müha­ribədən əziyyət çəkmiş, həlak olmuş, əlil olmuş Azərbaycan vətəndaşları öz torpağında həlak olublar, əlil olublar, Ermənistan torpağında yox. Ona görə münaqişənin həllinin bir yolu var – işğalçı qüvvələr bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Onda bölgədə sülh yaranar. Onda Ermənistan ilə Azərbaycan arasında əlaqələr yarana bilər. Onda regionun geosiyasi vəziyyəti tamamilə dəyişə bilər və dayanıqlı sülh yarana bilər,” – deyə dövlətimizin başçısı bəyan edib. O, bir daha bəyan edib ki, münaqişənin tezliklə və mərhələli yollarla həlli Azərbaycan torpaqlarının azad olunmasından asılıdır.

“Biz bunu tələb edirik və beynəlxalq hüquq da bunu tələb edir. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Əgər Ermə­nistan rəhbərliyi bundan sonra da danı­şıq­ların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq,” – deyən Prezident İlham Əliyev bu ölkədə kriminal xunta rejiminin çökməsində Azərbaycanın rolunun da az olmadığını, onları çökdürən və uçuruma aparan birinci zərbənin iki il bundan əvvəl vurulduğunu qeyd edib. Bildirib ki,  aprel döyüşləri onların çürümüş sütunlarını tamamilə sıradan çıxarıb və ondan sonra kriminal xunta rejimi uçuruma doğru getməyə başlayıb. Bunu heç kim unutmamalıdır. Əgər iki il bundan əvvəl bu döyüşlər cəmi 4-5 gün davam edibsə və buna baxmayaraq, biz iki min hektar torpağı işğalçılardan azad etdik və indi minlərlə hektar torpağa biz nəzarət edirik. Azərbaycan Ordusunun qüdrətinin iyun ayında keçirilmiş hərbi paradda göstərildiyini nəzərə çatdıran Prezident İlham Əliyev ordumuzun bu gün həm texniki təchizat, döyüş qabiliyyəti, silah-sursat baxımından dünya miqyasında ən güclü ordular sırasında olduğunu, hərbi qələbələrimizin davam etdiyini söyləyən dövlətimizin başçısı bu ilin may ayında uğurlu Nax­çıvan əməliyyatı nəticəsində 11 min hektar torpağın işğalçılardan azad edildiyini,  indi oraya həyat qayıtdığını, əkin işlərinin aparılacağını bildirib.

“Biz öz siyasətimizi davam etdirəcəyik, daha da güclü olmalıyıq. Bütün beynəlxalq təşkilatlar bizi beynəlxalq və siyasi müstəvidə dəstəkləyir. İqtisadi sahədə Ermənistanla Azərbaycan arasında yerlə göy qədər fərq var. Həm hərbi paradda nümayiş olunan imkanlar, həm də döyüş meydanında göstərilən şücaət, qəhrəmanlıq göstərdi ki, kim kimdir və kim nəyə qadirdir. Biz bütün bu imkanlardan istifadə edirik və edəcəyik. Biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Bir daha demək istəyirəm, Ermənistan rəhbərliyi bilməlidir ki, sülh istəyirsə torpaqlarımızdan öz xoşu ilə çıxmalıdır,” – deyə Prezident İlham Əliyev bəyan edib.

***

Mərasimdə Prezident İlham Əliyev mənzillərin sənədlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim edib.

Ümumilikdə, 136 vətəndaşa “Khazar LX” avtomobili verilib. Onlardan 110-nu ərazi bütövlüyümüzün və müstəqilliyimizin müdafiəsi zamanı əlil olmuş şəxslər, 26-sı isə Böyük Vətən müharibəsi və Çernobıl əlilləridir. “Khazar LX” avtomobilləri Neftçala Sənaye Parkında fəaliyyət göstərən “Azərmaş” MMC tərəfindən istehsal olunub. Sosial məsuliyyət prinsipləri çərçivəsində şirkət əlavə olaraq 3 avtomobil də təqdim edib.

...Prezident İlham Əliyev sosial cəhətdən qayğıya ehtiyacı olanların mənzil-məişət məsələlərinin həllini daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının tapşırığı ilə bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Əlillərə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu istiqamətdə icra olunan layihələr nəticəsində həmin qəbildən olan minlərlə insanın sosial vəziyyəti gündən-günə daha da yaxşılaşır. Dövlətin bu sahədə gördüyü işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Sosial cəhətdən qayğıya ehtiyacı olan insanların problemlərinin həlli istiqamətində Fondun təşəbbüsü və dəstəyi ilə çox mühüm layihələr icra olunur. Bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzil və avtomobillərin verilməsi də Prezident İlham Əliyevin bu kateqoriyadan olan insanlara göstərdiyi dövlət qayğısının növbəti nümunəsidir.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “ŞA İnşaatçı” Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan binadan ümumilikdə 35 mənzili satın alıb. Bu mənzillərdən 23-ü Qarabağ müharibəsi əlillərinə, 12-si isə şəhid ailələrinə verilib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993