Xoşməramlı səfir

Bu il avqustun 13-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın BMT-nin humanitar sahə üzrə ixtisaslaşmış təşkilatı olan UNESCO-nun xoşməramlı səfiri seçilməsinin 14-cü ildönümü tamam olub. Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki davamlı səylərinə, dünya mədəniyyətlərinin mübadiləsi istiqamətində xidmətlərinə, həmçinin UNESCO-nun ideyalarına sadiqliyinə görə layiq görüldüyü bu fəxri adı Mehriban xanım layiqincə doğruldur.

“Mehriban xanım Əliyeva Azərbay­canı dünyada, beynəlxalq aləmdə sidq-ürəkdən təbliğ edir və şərəfləndirir. Siyasəti mərhəmət və şəfqətlə çuğlaşdıran, hər bir sahədə xoş məramı ilə fərqlənən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti mənsub olduğu xalqa sevgidən qaynaqlanır. O, ilk növbədə, Və­təninə xidmət edir, onun tərəqqisinə çalışır, gələcəyini düşünür”. Bu günlərdə AZƏRTAC Dövlət İnformasiya Agentliyinin yaydığı məqalədə belə deyilir. Qeyd edilir ki, 2004-cü ilin mayından ulu öndər Heydər Əliyevin adını daşıyan Fonda rəhbərlik edən Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən irimiqyaslı layihələr həm ölkə da­xilində, həm də ondan kənarda böyük rəğbətlə qarşılanır.

Ölkəmizin inkişaf strategiyasının reallaşdırılmasında Mehri­ban Əliyevanın müstəsna rolundan bəhs edilərkən vurğulanır ki,  o, Birinci vitse-prezident kimi keçirdiyi ilk müşavirəni cəmiy­yətin ən həssas təbəqəsindən olan qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həsr edib. Daha sonra Azərbay­can Ordusu­nun 2016-cı il Aprel döyüşləri zamanı yaralanmış bir qrup əsgər və zabiti ilə görüşüb. Sağlamlığını itirmiş həmin hərbi qulluqçular onun tapşırığı ilə yüksək texnologiyalı protezlərlə təmin olunublar.

Mehriban xanım Əliyevanın fəaliyyəti yalnız milli-mənəvi dəyərlərin, mənəvi və qeyri-maddi irsin dünya miqyasında təbliğinə deyil, eyni zamanda  sivil dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəlib. Bununla əlaqədar olaraq məqalədə UNESCO-nun sabiq baş direktoru İrina Bokovanın Mehriban xanım Əliyevaya ünvanladığı: “Sizi xoşməramlı səfirlər sırasında görmək bizim üçün – UNESCO üçün şərəfdir. Sizin nailiy­yətlərinizin miqyasını bir adla əhatə etmək çətindir. Siz UNESCO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız” sözləri xatırladılır. Azərbaycanın birinci xanımının ölkəmizin UNESCO ilə münasibətlərinin inkişafında və möhkəmləndirilməsində müstəsna xidmətlərindən bəhs olunarkən bir sıra konkret faktlara istinad edilir. Qeyd olunur ki, Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının, dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin, görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşa­yevin 100 illik yubileyləri, habelə bu qəbildən olan digər tədbirlər UNESCO çərçivəsində böyük təntənə ilə qeyd edilib.

Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfirlərinin toplantılarında, qurumun mötəbər tədbirlərində iştirakı, keçirdiyi görüşlər, dünyada təhsilin vəziyyəti və digər aktual mövzularda çıxışları böyük ma­raqla qarşılanır. O həmin tədbirlərdə diqqəti həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəldir, işğal altında olan ərazilərimizdə tarixi-mədəni abidələrimizin məhv edilməsindən narahatlığını bildirir, bir sözlə, bu mötəbər beynəlxalq tribunadan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün məharətlə istifadə edir.

Azərbaycan muğamının, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun, İçərişəhərin, Qız qalasının, Şirvanşahlar Sarayı Kompleksinin UNESCO-nun dünya mədəni irs siyahısına, aşıq, xalçaçılıq, tar ifaçılığı və hazırlanması sənətlərinin, Novruz bayramının, dolma, lavaş və kəlağayının, Lahıc misgərlik sənətinin, Çövkən oyununun UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına daxil edilməsi məhz Mehriban xanım Əliyevanın aramsız səylərinin nəticəsidir.

UNESCO-nun mənzil qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə gerçəkləşən mədəni tədbirlər, Azərbaycanın inkişafı, tarixi, mədəniyyəti ilə bağlı təqdimatlar, mədəni abidələrimiz, milli mətbəximiz barədə bir-birindən maraqlı nəşrlər, kataloqlar da ölkəmizin tanıdılması baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycanın tanınmış incəsənət ustaları, eləcə də gənc istedadları UNESCO-nun iqamətgahında möhtəşəm çıxışları ilə mədəniyyətimizin zənginliyini bir daha nümayiş etdirirlər.

Azərbaycanın birinci xanımının UNESCO-nun xoşməramlı səfirləri arasında da çox böyük nüfuzu var. Qurumda daim nəcib təşəbbüsləri ilə seçilən Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilir. Onun gördüyü işləri xoşməramlı səfirlər üçün örnək hesab edirlər.

Məqalədə həmçinin qeyd edilir ki, UNESCO-nun xoşməramlı səfiri seçiləndən iki il sonra Mehriban xanım Əliyeva müxtəlif sahələrdə genişmiqyaslı fəaliyyəti, ehtiyacı olan uşaqlara qayğısı, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə, 51 müsəlman dövlətinin təmsil olunduğu, İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının – ISESCO-nun da xoşməramlı səfiri adına layiq görülüb.

Mehriban xanım Əliyeva xoşməramlı səfir kimi fəaliyyətindən danışarkən deyir: “Təbii ki, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi, bütün bu illər ərzində mən öz beynəlxalq fəaliyyətimi nizamlamalı olurdum. İlk növbədə, bu, mənim üçün dünya ictimaiyyətinə Azərbaycanın tarixini, mədəni irsini, bununla yanaşı, Azərbaycanın bu­günkü siyasi və ictimai gerçəkliklərini çatdırmaq imkanı idi. Müasir Azərbaycanın nə demək olduğunu, onun əhəmiyyətini, siyasi mövqeyini, bu ölkənin potensialını dünya ictimaiyyətinə çatdırmaq lazım idi. Düşünürəm ki, bu istiqamətdə də xeyli iş görməyə nail olmuşam. Buna görə də mən gələcəyə nikbin baxıram. Düşünürəm ki, bütün bu illər ərzində toplanan təcrübə, vərdişlər mənə kömək edəcək”.

Göründüyü kimi, Mehriban xanım Əliyevanın UNESCO-nun və ISESCO-nun idealları naminə fəaliyyəti, hər şeydən əvvəl, dünyada Azərbaycanın təqdimatına və təbliğinə yönəlib. Bu fəaliyyət həm də onu sübut edir ki, artıq Azərbaycan nəinki Avropa ailəsinə inteqrasiya edir, hətta bu ailənin ayrılmaz bir üzvüdür.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993