Vətənin səsi – zəfərə səsləyir bizi!

BAŞ REDAKTORDAN

Vətənin səsi –  zəfərə səsləyir bizi!

Əziz oxucular!

“Vətən səsi” qısa fasilədən sonra yenidən sizinlədir. Şə­rəfli tarixi və zəngin ənənələri olan qəzetimizdə yeni yaradıcılıq mərhələsi başlanır. Heç şübhəsiz ki, bu mərhələnin də əsas prinsipləri müstəqil dövlətçiliyimizə, ulu öndər Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasi xəttinə sadiqlik, qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsinə, Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə sanballı informasiya dəstəyinin verilməsi, Er­mənistanın hərbi təcavüzü nəticəsində doğma yurdundan didərgin düşmüş soydaşlarımızı düşündürən, narahat edən məsələlərin obyektiv işıqlandırılması, milli-mənəvi dəyərlərimizin təbliği, ümumiyyətlə, xalqımızın mənafeyinə xidmət olacaqdır.

Qəzetimizin əsası respublikamızda çox mürəkkəb ictimai-siyasi vəziyyətin mövcud olduğu, xaos və özbaşınalığın genişləndiyi, erməni separatçılarının azğınlaşdığı, xarici hərbi müdaxilənin başlandığı,  indi Ermənistan adlandırılan tarixi Azərbay­can torpaqlarından soydaşlarımızın hamılıqla qovulduğu, dözülməz məşəqqətlərə düçar edildiyi bir vaxtda qoyulub.  Onun qurucuları zalım və amansız zəmanənin xalqımızı ağır sınaqlara çəkdiyini görüb böyük cəsarət və fədakarlıqla Vətənin səsini ən uca məqamlara yüksəltməyi,  milli ruhumuzu dirçəlişə, oyanışa, vətənpərvər qüvvələri azadlıq uğrunda mübarizəyə səsləməyi  ali məqsəd seçib və bu yolda inamla addımlayıblar.

“Vətən səsi”nin əməkdaşları həmin dövrdə milli azadlıq hərəkatına, müstəqil dövlətçiliyimizin bərpasına mühüm töhfələr verib,  ulu öndər Heydər Əliyevin siyasi ideyalarının və xilaskarlıq missiyasının təbliğində fəal iştirak ediblər.

Qəzetimiz ulu öndərin özünəməxsus müdrikliklə apardığı müstəqil dövlət quruculuğu prosesinin, onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi geniş miqyaslı islahatlara və sosial-iqtisadi inkişaf proqramlarının daim sanballı informasiya dəstəkçisi, ideoloji tribunası olub.

Bundan sonra da dövlətimizin başçısının fəaliy­yəti, göstəriş və tapşırıqları, xüsusən, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı gördüyü iş­lər, Ermənistanın təcavüzündən əziyyət çəkən, mər­humiyyətlərlə üzləşən  qaçqın və məcburi köç­kün soydaşlarımızın sosial-məişət problemlərinin həlli  istiqamətində  atılan addımlar,  Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qay­ğısı sayəsində bu həssas kateqoriyadan olan həmvətənlərimizin yaşayış şəraitinin  yaxşılaşdırılmasına, yeni mənzillərlə təmin edilməsinə imkan yaradan layihələrin icrası vəziyyəti qəzetdə geniş işıqlandırılacaqdır.

Azərbaycan dövlətinin qaçqın və məcburi köçkün problemlərinin idarə olunması sahəsində böyük təcrübəsi var. Ölkə rəhbərliyinin bu sahədəki fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Əlbəttə, sayı 1 milyondan çox olan qaçqın  və  məcburi  köçkünün  üzləşdiyi  çoxsaylı problemləri yalnız güclü siyasi iradə və iqtisadi potensial hesabına mərhələ-mərhələ həll etmək mümkündür. 

Mən burada həmin problemlərin həlli üçün görülən işlərin statistikasını verməyə ehtiyac görmürəm.  Son 15 ildə məcburi köçkünlər üçün respublikamızın müxtəlif yerlərində 98 qəsəbə salınıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitə­sinin rəsmi internet səhifəsində bu barədə geniş və təfərrüatlı məlumatlar yerləşdirilib.

Bu gün komitənin yeni rəhbərliyinin fəaliyyəti  dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm və vacib məsələlərin həllinə yönəlib. Bunlar, ilk növbədə, hələ də ən ağır şəraitdə, həyat üçün təhlükəli yerlərdə – qəzalı bina və tikililərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərlə təminatında şəffaflıq və ədalət  prinsiplərinə dəqiq əməl etmək, bu sahədə narazılığa səbəb ola biləcək bəzi neqativ halları aradan qaldırmaq, məcburi köçkünlərin məşğulluq problemlərinin həlli üçün konkret əməli tədbirlər görmək və təbii ki, onları doğma yurda, ata-baba torpaqlarına qayıdışa hazırlamaqdır.  

Məcburi köçkünlərin müxtəlif problemlərlə bağlı çoxsaylı müraciətləri nəzərə alınaraq, onların Dövlət Komitəsində qəbulu cədvəlində dəyişiklik edilib. İndi hər həftənin çərşənbə axşamı günü komitənin sədri və məsul şəxsləri onlarla görüşür, mürəciətlərini din­ləyir, mövcud qanunvericiliyə uyğun tədbirlər görürlər.

...Təkcə məlumatlandırmaq, xəbər çatdırmaq deyil, həm də hərtərəfli maarifçilik işi aparmaq milli mətbuatımızın ən mütərəqqi ənənələrindəndir. Biz də “Vətən səsi”nin bu istiqamətdəki fəaliyyətini daha da genişləndirməyə, məcburi köçkünlərimizə öz hüquq və vəzifələrini, mövcud qanunvericiliyin tələblərini aydın şəkildə izah etməyə, onları maraq­landıran bütün suallara tam və ətraflı cavab verməyə çalışacağıq.

Azərbaycanda qaçqınlığın və məcburi köç­kün­lüyün son dalğasının başlandığı vaxtdan 30 ilə yaxın vaxt keçir. Necə deyərlər, bir igidin ömrüdür. Sözün birbaşa mənasında, məcburi köçkün həmvətənlərimiz arasında elə igid övladlar var ki, bu dövrdə həyatın müxtəlif sahələrində diqqətəlayiq uğurlar, nailiyyətlər qazanıblar. Kimisi nüfuzlu elm və təhsil adamı, kimisi bacarıqlı və təşəbbüskar sahibkar, kimisi məşhur sənətkar,  tanınmış yazıçı-şair, kimisi yüksək karyera qazanmış mütəxəssisdir. Biz onları zəmanəmizin qəhrəmanları, dövlətimizin nümunəvi vətəndaşları kimi məcburi köçkün gənclərimizə örnək göstərmək, öz gücünə inamın, istedad və zəh­mətin insanı necə ucaltdığını nümayiş etdirmək niyyətindəyik.

Yaradıcılıq planlarımız genişdir. Üstəlik, “Vətən səsi”ni təkcə kağız daşıyıcıda yaymaqla kifayətlənməyəcəyik, çevik  internet-media  portalı, sosial şə­bə­kələrin fəal iştirakçısı kimi tanıtdırmağa, populyarlaşdırmağa səy göstərəcəyik. 

İnanırıq ki, yaxın vaxtlarda “Vətən səsi” Qara­bağda qələbə müjdəsini də öz oxucularına çatdıracaqdır.

Elşən ƏLİYEV

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993