İşığa qərq olunan ömürlər

«Qobu Park» yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərimiz də ömürlərinin  bu dönəminə qədəm qoyublar

Milli mentalitetində xəyanətkarlıq və qonşulara qarşı əsassız torpaq iddiaları olan ermənilərin 1988-ci ilin fevralında yenidən separatçılığa başlayaraq Azərbaycanımızın Yuxarı Qarabağ hissəsini qoparmaq istəmələri tariximizə növbəti faciələrin yazılmasına səbəb oldu. Məlumdur ki, mitinqlərə əvvəlcə sosial tələblərlə başlayan ermənilər cəzasızlıqdan istifadə edərək daha da azğınlaşdılar və nəticədə torpaqlarımızın 20 faizi işğal edildi, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. Taleyin amansız məcrasında öz varlığını saxlamaq üçün respublikamızın müxtəlif bölgələrinə səpələnmiş qaçqın və məcburi köçkünlərimiz yalnız Ulu Öndər Heydər Əliyevin hakimiy­yətə qayıdışından sonra qayğı ilə əhatə olundular. Qaçqın və məcburi köçkünlərin problemlərini dövlətin və şəxsən özünün bir sayılı problemi elan edən Ulu Öndərimizin müxtəlif fərman və sərəncamlarından bəhrələnən həmin soydaşlarımız tədricən çəkdikləri əzab-əziyyətdən xilas olmağa başladılar. 2003-cü ildə prezident seçkisi ərəfəsində ölkədə bir dənə də çadır düşərgəsi qalmayacağını bəyan edən cənab İlham Əliyevin də qaçqın və məcburi köçkünlərə diqqət və qayğısı göz önündədir və sağlam düşüncəli hər kəsin ürəyincədir. Artıq ölkəmizdə qaçqın düşərgəsi yoxdur və vaxtilə orada çətin şəraitdə yaşayan insanlar indi rahat evlərdə, yaraşıqlı mənzillərdə məskunlaşıblar. Onlar inanırlar ki, gün gələcək dədə-baba yurdları işğaldan azad ediləcək və Vətənlə vüsala qovuşacaqlar.

Dövlətimizin və Prezidentimizin gündəlik qayğısının nəticəsidir ki, artıq 10 minlərlə məcburi köçkün yeni salınmış qəsəbələrdə və yaşayış komplekslərində ömürlərinin rahat günlərini yaşayırlar. Belə komplekslərdən biri də «Qobu Park»dır. Qısa vaxtda salınmış bu kompleksin Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın  iştirakı ilə bu il mayın 24-də rəsmi açılışı keçirilib. Kompleksə məcburi köçkün ailələrinin köçürülməsi işi uğurla davam edir.

Xatırladaq ki, Bakı şəhərinin Qa­radağ rayonu ərazisində, Lökbatan-Qobu yolunun 3 kilometr şərqində yerləşən və hər biri 2 bloklu, 9 mərtəbəli 11 yaşayış binasından ibarət olan “Qobu Park” yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 98-ci şəhərcikdir. Kompleksin tikintisinə dövlət vəsaiti xərclənməyib, yaşayış kompleksinin maliyyələşməsində sahibkarlar iştirak ediblər və bu, əlbəttə, alqışa layiqdir.

Yaşayış kompleksində üçmərtəbəli məktəb binası və uşaq bağçası, digər zəruri infrastruktur obyektləri - 350 yer­lik mərasim evi, poçt, tibb, polis məntəqələri və mənzil-istismar idarəsi yaradılıb. Ərazidə 35 min kilovatlıq yarımstansiya inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, kanalizasiya şəbəkəsi yaradılıb.

“Qobu Park” yaşayış kompleksində yeni mənzillərin sevincini yaşayan soydaşlarımızla görüşüb onları təbrik etmək və ürək sözlərini dinləmək məqsədi ilə bu günlərdə həmin ərazidə olduq. Kompleksin girəcəyindəki məktəb binası diqqətimizi dərhal cəlb etdi. Həmin binanın birinci və ikinci mərtəbələrində Ağdam rayonu 32 saylı tam orta, üçüncü mərtəbəsində isə Laçın rayonu 29 saylı tam orta məktəbi yeni dərs ilində məcburi köçkün balalarının sevincinin, təlim-tərbiyəsinin könüloxşayan məkanı olacaqdır. Ağdam rayonu 32 saylı tam orta məktəbin direktoru Ülviyyə Hacıyeva ilə söhbətimiz, sözün həqiqi mənasında, könlümüzdə həm sevinc, həm də kədər notları yaratdı. Ülviyyə xanım özü də məcburi köçkündür. Tarixçi olduğundan Ermə­nistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xronologiyasını yaxşı bilir. 1993-cü ildən Dərnəgüldəki 6 nömrəli texniki peşə məktəbinin bir hissəsində yerləşən, indi isə hər cür şəraitə malik müasir binaya köçən Ağdam rayonu 32 nömrəli tam orta məktəbi nümunəvi təhsil ocaqlarındandır. Ülviyyə xanım fərəhlə bildirdi ki, müəllimlərimiz hansı şəraitdə işləməsindən asılı olmayaraq təlim-tərbiyə həmişə diqqət mərkəzində olub. 

Diaqnostik qiymətləndirmədə yük­sək nəticələr göstərən bu pedaqoji kollektivdə «Əməkdar müəllim», «İlin müəllimi» kimi şərəfli adlara layiq görülən müəllimlər var. Məktəbin məzunları da öz müəllimlərinin zəhmətinin hədər getmədiyini qəbul imtahanlarında topladıqları yüksək ballarla sübut ediblər. «Muğam» müsabiqəsinin qalibi Mirpaşa Şükürov isə hazırda Prezident təqaüdçüsüdür.

…Hansısa xoş olay sayəsində kədərin öz yerini sevincə verməsi insanın ömür kitabında əbədilik qazanır. İllərlə yaşadığı şəraitsiz yerlərdə üzünü uca tanrıya tutub bu ağrı-acıdan qurtulmasını istəyən nə qədər insan var! Düşdüyü çətinliklərdən dünyasını dəyişib, tanrı dərgahına gedənlərin ruhları önündə isə hamımız hesabatlı olduğumuzdandır ki, bu gün yeni mənzillərdə məskunlaşaraq ömrünün rahat dönəminə başlayanların sevincinə sevinmək nə qədər xoşdur! Dərdi, ağrı-acını içində gizləsən də, gözlərdə gizlədə bilmirsən. Axı, gözlər dodaqlardan daha düz sözlər deyir. Burada  söhbət etdiyimiz məcburi köçkünlərimizin dodaqlarından qopan minnətdarlıq ifadələrinin doğruluğunu elə öz gözləri təsdiqləyirdi. O gözlər ki, düşmən əməlləri ilə yurdundan didərgin düşəli doyunca yuxu bilməyib. Ata-baba yurdunun dağları, çəmənləri hər gecə yuxuda onlarla görüşə gəlib. Ülviyyə xanım söhbət zamanı dediyi «yuxuda da evimizə çata bilmirəm, kaş evimizin divarında bir daş olaydım» sözləri bir ziyalı xanımın ürək ağrısına dönüb

O,

Bu dünyada yaşar izim,

Sürünəcəm dizin-dizin.

Ya Rəbb! Məni evimizin

Divarında daşa döndər!

bəndini isə elə yanğı ilə, elə həsrətlə dedi ki, kövrəlməyə bilməzsən.

Bu sətirlərsə elə oradaca həmin kövrəklik və yanğıdan yarandı.

Bir xanımın gözündən,

Yanağına yaş damdı.

Könlüm dedi, o yaş yox,

Doğulduğu Ağdamdı.

Tanrım, bizə bir güc ver,

Burdan Ağdama gedək.

Gözlərdəki həsrəti

Əbədi sevinc edək!

Yeni mənzildə sevincə qovuşan soydaşlarımızdan biri də Füzuli rayo­nundan məcburi köçkün Suqra Zeynalovadır. Suqra xala ömrünün 84-cü pilləsindədir. Füzulidən söhbət düşəndə kövrəldi. 25 ildir ki, doğma yurdun həsrətini çəkirəm. Məskunlaş­dığımız darısqal, şəraitsiz zirzəmidə çox əzab-əziyyət çəkmişik. İnanırdım ki, möhtərəm Prezidentimiz bizi bu zülümdən xilas edəcək. Elə də  oldu. Allah onu da, Mehriban xanımı da uzun ömürlü, sevincli etsin ki, bax beləcə qayğı ilə əhatə olunaq. Sonra əlavə etdi:  “O gün olmaz ki, yuxumda Füzulini görməyim. Səhər oyananda gözlərim dolur, «bu gün də Füzulisiz yaşadım» deyirəm”.

Suqra xala uzun illər məktəbdə riyaziyyat fənnini tədris edib. Dedi ki, bağban öz bağına baxıb sevindiyi kimi, mən də həmişə şagirdlərimlə sevinmişəm. Hansı məzunumuz uğur qazanıbsa, qürurlanmışam ki, bu işdə mə­nim də töhfəm var. İndi onların bəziləri belə işıqlı, yaraşıqlı mənzildə yaşayırlar. Bu da məni çox sevindirir. Bu üç otaqlı, hər cür şəraiti olan mənzilimdə oğlum, gəlinim və nəvəmlə xoş günlər keçiririk. Nəvəm artıq gecələr rahat yata bilir. İndi həyətdə uşaqlarla özünün qayğısız, şən günlərini keçirir. 2 oğlum isə ailələri ilə birlikdə Dər­nəgüldə məskunlaşıb. İnanıram ki, Prezidentimizin qayğısı sayəsində onlar da yeni mənzil almağın sevincini yaşayacaqlar.

…Laçının yalçın qayaları, büllur bulaqları, çeşnisi ağzı dualı sinədəftər nənələrin, gül-çiçəkdən zəriflik alan, ismətləri ilə könül verib, könül aldıqları igidlərin başına ucalıq gətirən qız-gəlinlərinin toxuduqları xalçalarda ilmə-ilmə düzülüb, əsil sənət əsərinə çevrilib. Baxışını-duruşunu həmin dağlardan alan laçınlı igidlər həm 1918-20-ci illərdə, həm də 1988-92-ci illərdə ermənilərin sinəsinə çox dağ çəkib. 1992-ci ilin siyasi çəkişmələri nəticəsində isə arxasız qalan Laçın düşmən əlinə keçib. Amma laçınlılar da mütləq doğma yurdlara qayıdacaqlarına əmindirlər. Bu əminlik laçından məcburi köçkün Vəli Rüstəmovun söhbətində bir daha görünürdü.

O dedi ki, 26 ildir ki, çətin şəraitdə yaşayırdım. Laçın kimi gözəl diyardan, gen-bol evimdən, həyətimdən ayrılıb zirzəmiyə qısılmaq məni də göynədirdi. İndi ailə tərkibimə uyğun yaraşıqlı mənzillə təmin olunmuşam. Sağ olsunlar, möhtərəm Prezidentimiz İlham Əliyev  və Mehriban xanım Əliyeva, ömrümüzü işıqlandırdılar. Lələtəpədəki, Günnütdəki qələbələrimizin sırasına Laçın qələbəsi də daxil olmaqla hələ neçə-neçə qələbə qoşulacaqdır.

Kompleksdəki Mənzil İstismar İdarəsinin həyətində söhbət etdiyimiz Nurəli Hüseynov Qubadlıdan məcburi köçkündür. O da uyğunsuz, şəraitsiz, darısqal yerdən hər cür şəraiti olan yaraşıqlı mənzilə köçüb. Torpaqlarımız işğaldan azad olunanadək burada rahat günlərini yaşayacağını, ata-baba yurduna dönəcəyi günün isə bu ömründə ən müqəddəs gün olacağını bildirdi. İnsanlara belə firəvanlıq bəxş etdiyinə görə Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya buradakı bütün məcburi köçkünlər adından sonsuz minnətdarlığını bildirən N.Hü­seynov onu da vurğuladı ki, mənzillərin bölgüsü tam şəffaf aparıldığından heç kəs narazı deyil. Əksinə, hamı bu işdə əməyi olan hər kəsə sağ ol deyir.

 …Yeni mənzillərin sevincini yaşayan soydaşlarımızla sağollaşıb geri dönərkən yolda gözlərim önündə bir mənzərə yarandı: Nə vaxtdır aramsız yağan yağışa, əks-sədası qayadan-qayaya çırpılan şimşəklərə sıldırım qayanın yaxasındakı oyuqdan baxan qartal gərilib qanad açmaq, bu «şıltaqlıqlar» içərisində sanki öz əzəmətini, cəsurluğunu göstərmək istəyirdi. Amma yuvada qanadları açılmadığından öncə heyrətləndi, sonra da qanadlarını gövdəsinə sığaraq sürətlə qayanın əsirləri yola və yelə vermiş oyuğundan havaya milləndi. Göylərin sonu görünməyən təmizliyindən könlünə yeni təpər, qanadlarına yeni güc gəldi… Yenidən həmən qayanın yanına qayıdıb dövrəsində xeyli dolandı, sonra isə onun sivri ucunda dayanıb sakini olduğu dağlara tamaşa etməyə başladı... Bayaqdan bəri kürəyini qoca palıdın gövdəsinə söykəyib qartalın hərəkətlərini maraqla izləyən nurani qoca isə öz-özünə pıçıldadı:

Qayadakı qartal da

Tanışdı mənə, dağlar.

Həsrət uzun çəksə də,

Qovuşdum sənə, dağlar.

O yer harada idi? Laçındamı, Kəl­bəcərdəmi, Cəbrayıldamı, Ağdam­damı, yoxsa ata yurdum 30 ilə yaxındır ki, həsrətini çəkdiyim, qoynunda vuruşub ya qazi, ya şəhid olmadığımı özü­mə bağışlamadığım Qaraqoyunlu­da­mı? Amma nə fərqi! Ora yolumuzu həsrətlə gözləyən yurdlarımız bizim hər birimizdən qartal təpəri gözləyir! İnanıram ki, gün gələcək bu istidə gözlərimə sərinlik verən həmin mənzərə gerçəkliyə çevriləcək. Hələliksə,

Gözlə, elim-obam, gözlə sən məni,

Həsrətə bir qılınc çalmağa gəlləm!

Bu gün yana-yana qoysam da səni,

Sabah qucağında qalmağa gəlləm!

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993