Təzə mənzilə köçmək, Vətəni unutmaq demək deyil...

...Bir neçə gün əvvəl bizim ailəyə də “Qobu-Park” yaşayış kompleksində dörd otaqlı mənzil verildi. Ailəmiz 6 nəfərdən ibarətdir: biz valideynlər və dörd övladımız. İndiyədək Qaradağ rayonu ərazisində köhnə, dağılmış bir fermada, 40-50 il bundan əvvəl yardımçı təsərrüfata baxanlar üçün tikilmiş və müvəqqəti istifadə üçün nəzərdə tutulmuş, damından başqa hər yeri – divarları və döşəməsi sement-beton iki gözlü çoban evində yaşamışıq. Ötən uzun illər ərzində də orada yaşamaq qeyri-insani şəraitdə çürümək demək olsa da, dözür, heç kimə, heç yerə müraciət etmirdik. Lakin son illər yaşamaq daha mümkün deyildi. O yerlərdə ilin əksər vaxtlarında at oynadan dəhşətli küləklər tikilinin damındakı şifer parçalarını götürüb harasa aparmış, otaqların tavanı uçub tökülmüşdü. İlanların hücumu isə, ümumiyyətlə, dayanmırdı. Demək olar ki, ilanlarla eyni komada yaşayırdıq. Ötən qışı müxtəlif yerlərdə keçirməli olduq. Yaz gələndən sonra isə evin damına iri, əyilməyən qalın dəmirlər qaldırıb qoyduq. Gecələr çıxıb onun üstünə yatırdıq ki, uşaqlara bir şey olmasın.

Mənim müraciətimdən sonra rəsmi qurumlardan bir neçə dəfə gəlib vəziyyətimizlə, yaşayış şəraitimizlə tanış oldular və nəhayət, bizim ailəyə də yeni mənzil ayrıldı. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi  daşınmaq üçün avtomobil də verdi. Ümumiyyətlə, qeyd edim ki, təzə mənzilə köçürülərkən bizə qarşı xüsusi diqqət gördüm və yeri gəlmişkən, bu diqqətə görə Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəmiz adından səmimi təşəkkürümü və dərin minnətdarlığımı bildirirəm.

Yeri gəlmişkən, bir məsələni xüsusilə qeyd etmək istəyirəm. Qoy heç kim düşünməsin ki, yeni mənzillə təmin olunmaq Vətəni unutmaq deməkdir, yaxud buna səbəb ola bilər. Heç bir vicdanlı, namuslu şəxs, vətəndaş hansısa maddi rifah naminə Vətənini unutmaz. Vicdansız və namussuz üçün isə onsuz da Vətən anlayışı olmur. Maddi rifahı yaxşı da olsa, pis də... Əgər bizə dövlətimiz yeni mənzillər veribsə və bununla da bizim Vətən haqqında, Şuşa (yaxud başqa rayonlarımız) haqqında düşüncələrimizdə mənfiyə doğru dəyişiklik baş verəcəyini, yaşayış şəraitimizin yaxşılaşması ilə doğma yurdlarımızı unutmağa başlayacağımızı düşünən adamlar kökündən yanılırlar. Dövlətimizin də, millətimizin də, ayrı-ayrı müxtəlif fərdlərin də bir nömrəli ümdə vəzifəsi, arzusu, amalı torpaqlarımızın tezliklə qeyd-şərtsiz işğaldan azad olunmasıdır. Azad edildikdən sonra isə möhkəm qorunmasıdır. Bu, belədir, belə olmalıdır və həmişə də belə olacaq. Əksini düşünən normal adam deyil.

İnanıram ki, gün gələcək məcburi köçkünlər üçün tikilmiş onlarla şəhərcikdən, yaşayış məntəqələrindən yol alan maşın karvanları Ağdama, Cəb­rayıla, Füzuliyə, Xankəndinə, Xocalıya, Xocavəndə, Kəlbəcərə, Qubadlıya, Laçına, Şuşaya, Zəngilana – işğaldan azad edilmiş Qarabağa doğru istiqamət götürəcək! Ümid edirəm ki, biz lap öndə olacağıq!

PƏNAH KİMİ

Mərmər qayaların sal sinəsində,

Adımı yazmışam öz qanımla mən!..

Bir gün bu torpağın məhkəməsində

Cavab verəcəyəm vicdanımla mən!

Arxayın olmasın qoy qarı düşmən,

Mən ata yurduma qayıdacağam!

Keçib Pənah kimi Cıdır düzündən,

Yenidən tikəcək, ucaldacağam!

Sən isə, yurdumu satan şərəfsiz,

O namərd adınla çürüyəcəksən!..

Sən isə, yurdumu tutan şərəfsiz,

Tökdüyün qanda da can verəcəksən!!!

Kərim KƏRİMLİ

Şuşadan məcburi köçkün, şair-publisist

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993