Azərbaycan dövləti məcburi köçkünlərin üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün imkanlardan maksimum istifadə edir

Prezident İlham Əliyev: “Dövlət bundan sonra da məcburi köçkünlərin problemlərinin həlli üçün çalışacaq”

Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, bu münaqişə nəticəsində doğma ocaqlarından zor gücünə didərgin salınan qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıdanadək həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu təbəqədən olan soydaşlarımızın hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Qaçqın və məcburi köçkünlərin uzun illər ağır vəziyyətdə məskunlaşdıqları müvəqqəti yaşayış yerlərindən - çadırlardan, dəmiryolu üzərindəki yük vaqonlarından, fin tipli qəsəbələrdən, yeraltı daxmalardan, istismar müddətini başa çatdırmış və qəzalı vəziyyətdə olan məskunlaşma obyektlərindən müasir tələblər səviyyəsində bütün sosial-texniki infrastrukturu ilə birlikdə inşa edilən qəsəbələrə və hündürmərtəbəli yaşayış binaları komplekslərinə köçürülməsi, onların sosial müdafiəsi ilə bağlı çoxsaylı fərman və sərəncamların imzalanması dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür.

Şəfqət və mərhəmət ünvanı: Heydər Əliyev Fondu

Qeyd edək ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönəlmiş dövlət siyasətinin olduqca mühüm əhəmiyyət kəsb edən ən vacib faktorlarından biri də ölkəmizin ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında daim fəal rol oynayan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dövlət başçısının müvafiq sərəncamı ilə Birinci vitse-prezident təyin edilməsidir.

Təbii ki, Mehriban xanım bu vəzifəyə xalqın dərin rəğbət və sevgisini qazanması, beynəlxalq aləmdə böyük nüfuz sahibi olması, ən başlıcası isə xalqı və dövləti qarşısında misilsiz xidmətləri nəzərə alınaraq təyin edilib. Belə ki, hələ 2004-cü ildən Heydər Əliyevin adını daşıyan Fonda rəhbərlik edən Mehriban Əliyevanın təşəbbüsü, dəstəyi və iştirakı ilə reallaşan çoxsaylı və irimiqyaslı layihələr təkcə ölkə daxilində deyil, bütün dünyada bu gün də rəğbətlə qarşılanır. Onun bu çoxşaxəli fəaliyyəti ölkəmizin dünyada təbliğinə xidmət etməklə yanaşı, xalqımızın malik olduğu zəngin dəyərlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında olduqca mühüm önəm daşıyır. Müxtəlif istiqamətlər üzrə reallaşdırılan çoxsaylı xeyriyyəçilik tədbirləri Heydər Əliyev Fondunu həm də şəfqət və mərhəmət ünvanına çevirib.   

Hazırda Birinci vitse-prezident kimi də fəaliyyətinin əsas istiqamətini məhz humanizmə, dövlətinin və xalqının maraqlarına yönəldən Mehriban xanım Əliyeva hələ buna qədər də rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma ocaqlarından didərgin salınan qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həlli istiqamətində çoxsaylı layihələrin reallaşdırılmasına nail olub. Bu baxımdan hələ 2015-ci ildə Xırdalan şəhərində 126 məcburi köçkün ailəsi məhz Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş binadakı yeni mənzillərə köçürülüb. İndi isə O, artıq ölkənin Birinci vitse-prezidenti kimi, bu sahədə daha fəal və yaxından iştirak etməklə bu təbəqədən olan soydaşlarımızın sosial problemlərinin həllini fəaliyyətinin əsas istiqamətlərindən biri kimi bəyan edərək bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşır. Məhz Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın ötən il martın 9-da ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi deyilənlərin bariz nümunəsidir.

Mehriban xanım Əliyeva müşavirədəki çıxışında bu günkü reallığı əsas gətirərək vurğulayıb ki, görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır və bu istiqamətdə işlərin sürətləndirilməsi üçün təxirəsalınmaz addımlar atılmalıdır. Çıxış yolu kimi Birinci vitse-prezident bildirib ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir.

Təkcə keçən il Birinci vitse-prezidentin təşəbbüsü ilə daha ağır vəziyyətdə yaşayan 935 məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülüb

Müşavirədə Azərbaycanın bir nömrəli probleminin Dağlıq Qarabağ məsələsi olduğunu xatırladan Mehriban Əliyeva münaqişə nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş azərbaycanlıların sosial şəraitinin yaxşılaşdırılmasının vacibliyini önə çəkərək indiyə qədər bu sahədə dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən də söhbət açıb.

Bununla yanaşı, qeyd edib ki, Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınmalıdır. Birinci vitse-prezident hazırda qarşıda duran əsas məqsədin qəzalı binalarda yaşayan bütün köçkünləri mərhələli şəkildə yeni mənzillərlə təmin etmək olduğunu da diqqətə çatdırıb.

Bunun məntiqi davamı kimi həmin müşavirədə müvafiq qurumlara konkret tapşırıqlar verən, perspektiv planları açıqlayan Mehriban xanım Əliyeva tərəfindən ilk müşavirədən sonra - ötən ilin may ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında 1026 məcburi köçkün ailəsi üçün bütün sosial-texniki infrastrukturu ilə salınan yeni yaşayış məhəlləsinin təmələnin qoyulması, “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi”nin icrası çərçivəsində daha ağır vəziyyətdə yaşayan 214 məcburi köçkün ailəsinin Masazırda və Mehdiabad qəsəbəsindəki “Gənclər Şəhərciyi”ndə yeni mənzillərlə təmin olunması, həmin layihə çərçivəsində Masazır və Ramana qəsəbələrində məcburi köçkünlər üçün inşa edilmiş daha 260 ailəlik binaların açılış mərasimlərində iştirak etməsi, həmin tədbirlərdəki çıxışları zamanı bu sahədə işlərin sürətləndirilməsinin və təxirəsalınmız tədbirlərin görülməsinin vacibliyini önə çəkməsi və bunlara uyğun olaraq işlərin bu gün də uğurla davam etdirilməsi ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərə olan dövlət qayğısının daha bir əyani sübutudur. Təkcə onu qeyd etmək kifayətdir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə 935 məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülübdür.

Mehriban xanım Əliyevanın məcburi köçkünlər üçün salınan yeni müasir yaşayış kompleksinin təməlqoyma, eləcə də yeni binaların açılış mərasimlərində iştirak etməsi və burada səsləndirdiyi fikirlər bir daha sübut edir ki, o, vətəndaşların sosial problemlərinin, ailə-məişət qayğılarının həllinə son dərəcə həssaslıqla yanaşır.

Bu gün qarşıda duran əsas məqsədin ilk növbədə ən qəzalı binalarda məskunlaşan 4 min məcburi köçkün ailəsini yaşayış yeri və işlə təmin etmək olduğunu deyən Birinci vitse-prezident bildirib ki, bu məqsədlə artıq tədbirlər planı da hazırlanıb: “İndi qarşımızda duran əsas məqsəd ilk mərhələdə 4 min ailəni yeni mənzillərlə təmin etmək, qəzalı, yararsız binalardan köçürməkdir. Əminəm ki, biz buna birlikdə nail olacağıq”.

Sevindirici məqamlardan biri də bundan ibarətdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkünlərin problemlərinin həllində, onların mənzil şəraitinin yaxşılaşdırılmasında dövlətin müvafiq qurumları ilə bərabər, özəl sektor da yaxından iştirak edir. Bir növ xeyriyyəçilik, vətənpərvərlik nümunəsi kimi qəbul edilən bu addım dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən də xüsusi vurğulanıb.

Keçən ilin mayında təməli qoyulan, bu ilin mayında isə istifadəyə verilən 1026 mənzillik yaşayış kompleksi öz sakinlərini qəbul edir

Hələ keçən il may ayının 30-da Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən  təməli qoyulan, bu ilin may ayının 24-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 km şərq hissəsində  məcburi köçkünlər üçün inşa edilən “Qobu Park” müasir yaşayış kompleksi də Azərbaycanın özəl sektorunun bu nəcib işə töhfəsidir. Burada 6 hektardan çox ərazidə yeni yaşayış kompleksi yaradılıb./ Ümumilikdə, layihə üzrə hər biri 2 bloklu, 9 mərtəbəli, 1026 mənzilli 11 yaşayış binası inşa olunub. Buradakı mənzillərdən 108-i birotaqlı, 396-sı ikiotaqlı, 360-ı üçotaqlı, 162-si isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 73 min kvadratmetrdir. Bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub. Yeni yaşayış kompleksində hazırda qəzalı binalarda məskunlaşmış 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunacaq. Eyni zamanda yaşayış kompleksinə 624 şagird yerlik üçmərtəbəli məktəb binası və 222 yerlik uşaq bağçası daxildir.

Yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - 350 yerlik mərasim evi, poçt, tibb, polis məntəqələri və mənzil-istismar idarəsi yaradılıb. Ərazidə 35 min kilovatlıq yarımstansiya inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, kanalizasiya şəbəkəsi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında ölkəmizdəki məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin, onlara müntəzəm qayğı və diqqətin bariz göstəricisi olan bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 98-ci şəhərcikdir.

“Qobu Park” yaşayış kompleksinin ilk sakinləri Bakı şəhərinin Nərimanov rayonunda, “K.Rəhimov küçəsi, 824/835” ünvanında yerləşən tikintisi yarımçıq qalmış doğum evi binasının zirzəmisində müvəqqəti məskunlaşan və uzun müddət ağır şəraitdə yaşayan 46 ailə olub. Hazırda digr ərazilərdəki ağır şəraitdə və qəzalı vəziyyətdə olan məskunlaşma obyektlərindən köçürülməsi nəzərdə tutulan soydaşlarımızın da yeni qəsəbələrə köçürülməsi mərhələli şəkildə davam etdirilir.

Qeyd edək ki, yeni mənzillərlə təmin edilən məcburi köçkün ailələrinin siyahısı mövcud qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən komissiya tərəfindən hazırlanıb. Komissiyaya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, əraziləri işğal olunmuş və köçkünlərin müvəqqəti məskunlaşdığı rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələri daxildir. Məcburi köçkünlərin yeni yaşayış yerinə köçməsi üçün nəqliyyat xidməti dövlət vəsaiti hesabına təmin edilir. Yeni mənzilə köçürülən ailələrin nümayəndələri onların yaşayış şəraitinin yaxşılaşdırılmasına göstərilən qayğıdan razılıqlarını bildirirlər.

Azərbaycan məcburi köçkünlərin problemlərinin həllində böyük uğurlara nail olub

Açılış mərasimində məcburi köçkünlərlə görüşdə bütün bunlarla yanaşı, eyni zamanda bu təbəqədən olan soydaşlarımızın problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üzrə Dövlət Proqramının uğurla icra edildiyini bildirən dövlətimizin başçısı deyib ki, bu məqsədlə dövlət milyonlarla manat vəsait ayırıb, hər il minlərlə ailə evlərlə təmin olunur.

Prezident bildirib ki, köçkün şəhərciklərinin arasında öz gözəlliyi və şəraiti ilə seçilən bu şəhərciyin özəlliyi ondan ibarətdir ki, onun tikintisində özəl sektor fəal iştirak edib, bunun təşəbbüskarı, icraçısı özü olub. Bu günə qədər də sahibkarların məktəb, uşaq bağçası tikintisi ilə məşğul olduqlarını deyən Prezident vurğulayıb ki, ancaq məcburi köçkünlər üçün bu ölçüdə, bu miqyasda yaşayış mərkəzinin yaradılması ilk dəfə baş verir: “Bu yaşayış kompleksinin maliyyələşdirilməsində də sahibkarlar iştirak ediblər. Dövlət bu kompleksin yaradılmasına vəsait ayırmayıb. Buna görə bu işi görən “Paşa Holdinq” şirkətinə öz təşəkkürümü bildirmək istəyirəm. “Paşa Holdinq” Azərbaycanda böyük quruculuq işləri ilə məşğuldur, ölkə iqtisadiyyatının müxtəlif sahələrinə böyük investisiyalar qoyur, minlərlə iş yerinin yaradılmasına çalışıb və nail olub. Bu gün bu şirkətin sosial məsuliyyəti göz qabağındadır. Hesab edirəm ki, bu gözəl təşəbbüs digər böyük şirkətlər üçün də nümunə olmalıdır”.

Bu il 20 min köçkünün yeni evlərlə, mənzillərlə təmin olunacağını deyən dövlət başçısı bildirib ki, dövlət bu istiqamətdə öz siyasətini davam etdirir: “Qeyd etdiyim kimi, özəl sektor da bu işlərə qoşulub. Bu da təbiidir. İmkanı olan şirkətlər ehtiyac içində yaşayanlar üçün gərək şərait yaratsınlar. Bu gözəl təşəbbüs əminəm ki, Azərbaycanda geniş vüsət alacaq. Dövlət isə öz tərəfindən bundan sonra da məcburi köçkünlərin problemlərinin həlli üçün çalışacaq. Həm bu il, həm gələn il sosial layihələr icra ediləcək. Biz, qeyd etdiyim kimi, bu işlərdə böyük uğurlara nail ola bilmişik”.

Bu deyilənlər, əldə olunan nəticələr bir daha göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarının problemlərinin həllinə hərtərəfli qayğı göstərir, məcburi köçkünlərin illərlə üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün olan imkanlardan maksimum istifadə edir. Heç də təsadüfi deyil ki, bu gün qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

 Görülən işlərin mərkəzində, təməlində Azərbaycan vətəndaşı durur

Yekun olaraq qeyd edək ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətə başlamasından ötən müddət onun bu vəzifəyə təyin olunarkən verdiyi vədləri mərhələli şəkildə yerinə yetirməsi ilə yadda qalmaqdadır. Görünən budur ki, çox böyük təşkilatçılıq qabiliyyətinə malik olan Mehriban xanım Əliyeva qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həllinə nəinki dövlət qurumlarını səfərbər edib, eyni zamanda özəl sektorun da bu sahəyə cəlb edilməsinə nail  olub. Artıq onlar da Mehriban xanım tərəfindən irəli sürülən və çox yüksək humanizmə əsaslanan bu təşəbbüsə qoşulublar. Təbii ki, bu, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamı, eyni zamanda, xalqımızın həmrəyliyi, dövlətimizin gücü və inkişafı kimi də qiymətləndirilməlidir.

Ən nəhayət, dövlətimizin başçısı cənab İlham Əliyevin də, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim bütün tədbirlərdə, görüşlərdə vurğuladıqları kimi, bütün bu işlərin mərkəzində, təməlində Azərbaycan vətəndaşı durur. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında görülən işlərdə, həyata keçirilən tədbirlərdə başlıca məqsəd daha güclü və inkişaf etmiş dövlət qurmaq, hər bir Azərbaycan vətəndaşının rahat yaşamasına nail olmaqdır.

Bütün bunlar isə, heç şübhəsiz, öz növbəsində məcburi köçkünlərə hərtərəfli qayğının real təsdiqi olmaqla yanaşı, onların doğma ocaqlarına qayıdacaqları günə olan əminliklərini də artırır. Çünki həmişə bütün ictimai-siyasi proseslərdə dövlətçilik mövqeyindən çıxış edən məcburi köçkün soydaşlarımız onlar üçün yaradılan hərtərəfli şəraiti daim yüksək qiymətləndirməklə yanaşı, özləri də yaxşı bilirlər ki, inşa edilən yeni qəsəbələr onların müvəqqəti məskunlaşma yerləridir və ona görə də bu təbəqədən olan soydaşlarımızın yeganə arzu və istəkləri doğma ocaqlarına qayıtmaq, işğaldan azad edilən ərazilərdə tikinti, abadlıq və quruculuq işlərində yaxından iştirak etməkdir. O gün isə uzaqda deyil…

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993