23 iyul 1993-cü il Ağdamın işğal günü

Ağdam - döyüşmüş, qanlara dözmüş şəhər

Məcburi köçkünlər üçün son illər salınmış 98 qəsəbədən 18-i Ağdam rayonu ərazisində inşa olunub

Ağdamın işğalından 25 il ötür. O Ağdamın ki, vaxtilə bir quruca adı düşmənin gözdağına çevrilmişdi. O Ağdamın ki, xain düşmənin dinclik tapmayan kinli ürəyinə, yuxusuz gecələrinə hakim kəsilərək onu öz qınındaca yandırır, əl-qol açmağa qoymurdu…

… Bu gün isə o şanlı-şövkətli şəhər onu ələ keçirmək üçün illərdən bəri saysız-hesabsız məkrli planlar quran düşmənin talan etdiyi viranədir. Ağdama yağı gözü ilə baxan murdar nəfslilərin ayağı altında bu şəhər viranədən başqa nə ola bilər ki?! O torpaqların əsl sahibi olan Cavanşirlər nəsli indii qəriblikdən boylanan olubsa, doğma məhrəm, istiqanlı addımları oralardan kəsilibsə, xəbər almağa, ziyarət etməyə ancaq ruhları gələ bilirsə, o, heç Ağdam da deyil. Çünki Ağdam övladları ilə Ağdamdı. Onu Ağdam edənlərlə, ona Ağdam adını verənlərlə - Pənah xanla, İbrahimxəlil xanla, Mehdiqulu xanla, Xan qızı Natəvanla…

“Ağdam bağının hasarı və oranın böyük gümbəzləri mərhum Pənah xanın və onun vəfat etmiş başqa övladlarının qəbirlərinin üzərində tikilmişdir. Orada qəşəng otaqlar, imarətlər və böyük üstü örtülü bazar tikilmişdir. Bura mərhum Pənah xanın və atası İbrahimxəlil ağanın qədim ocağı idi…”(“Qarabağnamələr”, ikinci kitab, Bakı-1991).

Bəli, “idi”. İndi isə… İndi isə əsrlərdən bəri ürəklərində qalan acgöz arzularının həyata keçməsindən həzz alanların tapdağıdı. Əsrlərdən bəri ürəklərində gəzdirdikləri arzuları… Bu arzuların eşqilə torpağında mərhəmət gördüyü, isti yuva qurub od-ocaq sahibi olduğu, itaətkarlıqla ətəyinə sığındığı ağalarına quyu qazmağa başladı. Bunlar həmin arzular idi. İllər keçsə də dəyişməmişdi. Dünənə qədər yaltaqlandığı, özünə əməlli-başlı gün ağlayıb məliklik qurmağın icazəsini aldığı Cavanşirləri sonralar ələ salmaqdan, hətta adlarına lətifələr qoşmaqdan çəkinmədi. “Çəkinmədi” deyəndə də ki, bunlara baş qoşan olsaydı, qonşuluqdakı ölkənin əllərindən zinhara gələrək qovduğu gəlmələrə torpaqlarını peşkeş edərdimi?! Bu azmış kimi, üstəlik gələcəkdə qanlı faciələrə hökm-fərman verəcək, hələliksə məliklik iddiası ilə kifayətlənən bir qurumu yaratmağa imkan verərdimi?! Razı olardımı başımıza bəla olacaq quzğun yuvasının yaranmasına?!

Axı, haradan biləydi ki, nankorluğun, namərdliyin bu dərəcəsi də olarmış? Haradan biləydi ki, bu gün gözünün yaşını məzlum-məzlum çuxasının ətəyinə silib mərhəmət istəyən nakəslər sonradan nəinki onun adına bəzəmələr qoşmağa cürət edəcək, hətta bütün nəslinə-kökünə, keçmişinə-gələcəyinə, oduna-ocağına qəddərcasına qənim kəsiləcək.

Beləcə, qoşulan ayamalar, uydurulan gülünc lətifələr nəcib xan adına ləkə gətirə bilməsə də, öz əməlindən əl çəkməyib dinc dayanmadı. Doğrayıb tökdü. Uydurulan bəzəmələr uydurma tarixlə, uydurma iddialarla əvəzləndi. Ardınca daha ağır faciələr, ağrılı olaylar bir-birini əvəz etdi. Peşkəş kimi ələ keçirilən torpaqlar qarış-qarış, addım-addım böyüdü. Sonra peşkəş deyil, məkrli planlar işə düşdü. Daha böyük - kənd-kənd, bölgə-bölgə mənimsənilən torpaqlar bir-birinin ardınca əldən getdi. Gəlib çıxdı bu vilayətin “bəy evi” adlanan Ağdama. O Ağdama ki, Pənah xanın, bütün Cavanşirlərin nəslinin məzarı orada idi. O Cavanşirlərin ki, gəlmələrdən heç nəyini əsirgəməmişdi…

Tarix o tarix idi. Zaman ötüb keçmişdi. Çox şeylər başqalaşmışdı. Təkcə o mənfur arzulardan başqa. O arzuların məskən saldığı məkrli qəlblərdən başqa. Dəyişməyən bir şey də vardı. Sadəlövh, saf, xəyanəti xeyirxahlıqla cavablandıran qayğıkeşlər… Məkrin qarşısında susanlar…

İllərlə dəyişməz qalan o murdar arzular, azalmayan hərisliklər 1993-cü ilin 23 iyulunu yaman səbirsizliklə gözləyirdi. Gözləyirdi ki, son illərdə iti bıçaq olub gözünə tuşlanan, polad üzlü qılınc kimi onun xain həmlələrini dəf edən buy urdu talan etməyə, daşını-daş üstə qoymamağa imkan yaransın. Yarandı da. Gəldi o gün…

Haqqın dara çəkildiyi o gün ki, gərək göylə yer birləşəydi, şərin bu qədər at oynadıb meydan sulamasına imkan verməyəydi. Torpağını itirib qüruru sınanların, iztirablarına, övladını itirib təmtərağından, cah-cəlalından məhrum olan əzəmətli yurdun viranəlik əzablarına, bu iztirab və əzabların nankorlar üçün qısasalmaq həzzinə çevrilməsinə razı olmayaydı gərək bu fani dünya.

Amma razı oldu. Ağdama qədər razı olduqlarına da dözdü, ondan sonra olanlara da. “Uf” demədən dözdü. “Uf” edənləri eşitmədən, əli vətən sarı uzanıqlı köçənləri görmədən dözdü.

Zaman dözdü. Adamları da dözümə öyrətdi. Sınmamağa, sarsılmamağa, itirdiklərini qaytarmaq üçün çarpışmağa öyrətdi…

1993-cü ildə Ağdama edilən həmlə itkilərin miqyasını bir az da artırdı. 1094 kv.km-lik ərazi də itirilənlərə əlavə olundu. Altı min şəhidini qurban verib qəhrəmanlıqla döyüşən şəhər minlərlə insanın köçkün düşməsinə mane ola bilmədi. Evlər, məktəblər, uşaq bağçaları, kitabxanalar, klublar dağıldı.

Amma tam çökmədi. Özündə güc tapıb son parçalarını düşmənin caynağından qoruya bildi. Sabaha ümidlə baxıb qorudu. Qorudu ki, aləmə səpələnən övladlarını toplamağa isti ocağı olsun. Oldu da…

Belə ki, hələ ümummilli liderimiz Heydər Əliyevin 7 sentyabr 2001-ci il tarixdə imzaladığı “Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam, Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında” fərmanına və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyul 2004-cü il tarixdə imzaladığı “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na və ona edilmiş əlavələrə uyğun olaraq respublika ərazisində məcburi köçkünlər üçün salınmış 98 müasir tipli qəsəbədən 18-i məhz Ağdam rayonu ərazisində salınıb.

Bu gün uzun müddət ağır şəraitdə yaşamış insanlar doğma ocaqlarına qayıdaraq bu qəsəbələrdə məskən salıblar. Bütün bunlar isə sabaha ümidlə baxan soydaşlarımızın ümid və inamlarının daha da artırılmasına bir təkan verdi. Doğma ocaqlarına qayıdaraq bu torpaqdan güc alan ağdamlılar əmindirlər ki, Ağdamın şöhrəti özünə qayıdacaqdır… Axı bu gün də Ağdam torpağında yeni oğullar dünyaya gəlir! Şəhidlərin əvəzinə. Ağdamın qisası üçün, Azərbaycanın qisası üçün böyüyür bu oğullar…

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993