Vətən səsi

“Bizim siyasətimiz müstəqillik, inkişaf siyasətidir”

Prezident İlham Əliyev: Xalq bizim siyasətimizə alternativ siyasət görmür, onu qəbul etmir və bundan sonra da xalq bizim siyasətimizi dəstəkləyəcək

“İki il bundan əvvəl Aprel döyüşləri də Ermənistanın o çürük və laxlamış sütunlarını daha da sarsıtdı. Aprel döyüşləri Sarkisyan rejiminə elə böyük zərbə oldu ki, onlar iki il ərzində bu zərbədən özünə gələ bilmədilər və əlbəttə, uzun illər yaratdıqları mif, - guya onların ordusu güclü ordudur, - darmadağın edildi. Biz bu mifi məhv etdik. Uzun illər ərzində təmas xəttində qurduqları “möhkəm istehkam”ı bir neçə gün ərzində darmadağın etdik və bu da Ermənistan cəmiyyətində böyük məyusluq yaratdı. Ona görə Ermənistanın başına gələn bu hadisələr labüd idi, məntiqli idi”.

Bu fikirləri Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında dövlətimizin başçısı səsləndirərək bildirib ki, aprel ayında keçirilmiş prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir: “Seçkilərdə qazandığım inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq. Seçkilər şəffaf, ədalətli şəkildə keçirilmişdir və Azərbaycan bütün dünyaya bir daha göstərmişdir ki, müasir, demokratik ölkədir. O ölkədir ki, burada bütün azadlıqlar təmin edilir”.

Dövlətimizin başçısı deyib ki, seçkilərə kölgə salmaq istəyənlər növbəti dəfə iflasa uğradılar. Onların sönük cəhdləri Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmədi. Onların hərəkətləri cəmiyyət tərəfindən rədd edildi: “Bunun bariz nümunəsi odur ki, seçkilərdən sonra keçirilmiş “etiraz” mitinqinə min nəfərdən çox adam yığa bilməmişlər. Bu, onların növbəti iflasıdır, bir daha onu göstərir ki, xalq bizim siyasətimizə alternativ siyasət görmür, onu qəbul etmir və bundan sonra da xalq bizim siyasətimizi dəstəkləyəcək.  Bizim siyasətimiz isə xalqın maraqlarını təmin edən siyasətdir. Bizim siyasətimiz müstəqillik siyasətidir, inkişaf siyasətidir. Məhz bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli yol keçmişdir, bütün göstəricilərə görə dünya miqyasında çox yüksək yerlərdədir. Azərbaycanda gedən demokratik proseslər dünya birliyi, dünyanın aparıcı dövlətləri tərəfindən yüksək qiymətləndirilir”.

Bunlarla yanaşı, xarici siyasətimizin uğurlarından danışan Prezident qeyd edib ki, bu ilin altı ayında bu sahədə böyük işlər görülüb, Azərbaycan beynəlxalq əlaqələrini möhkəmləndirə bilib. Qonşu dövlətlərlə bizim ənənəvi dostluq, strateji tərəfdaşlıq əlaqələrimiz var. “Altı ayda qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim bir neçə görüşüm olub. İlin ikinci yarısında da görüşlər nəzərdə tutulur. Bildiyiniz kimi, Azərbaycan müsəlman aləmində çox böyük hörmətə, nüfuza malik olan bir ölkədir. Keçən il elan olunmuş “İslam Həmrəyliyi İli” bu əlaqələri daha da möhkəmləndirmişdir. Bildiyiniz kimi, bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtı şəhəridir. Müsəlman ölkələri ilə ənənəvi dostluq, qardaşlıq əlaqələri möhkəmlənib. Biz indi Avropa İttifaqı ilə yeni Saziş üzərində işləyirik. Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər var. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir”, - deyə Prezident bildirib.

Eyni zamanda dövlətimizin başçısı qeyd edib ki, bu ilin birinci yarısında Amerika Birləşmiş Ştatları ilə bizim əlaqələrimiz yeni mərhələyə qalxıb: “Amerika Prezidenti cənab Donald Tramp aprel-may aylarında mənə üç məktub ünvanlayıb. Seçkilərlə, ondan sonra Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərilən məktublar Amerika hökumətinin Azərbaycana olan münasibətini, hörmətini göstərir. Məktublarda çox dəyərli sözlər ifadə edilmişdir və biz çox şadıq ki, bu gün Amerika-Azərbaycan əlaqələri öz əsl mahiyyətini əks etdirir. Əminəm ki, gələcək illərdə bu əlaqələr daha da möhkəmlənəcək”.

Bütün bunları ölkəmizə olan hörmətin təzahürü kimi dəyərləndirən dövlət başçısı vurğulayıb ki, bizim apardığımız siyasət çox böyük rəğbət doğurur və çox böyük hörmətə layiqdir. Bu baxımdan Azərbaycandan fərqli olaraq Ermənistanda 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyətin tam iflasa uğradığını deyən Prezident vurğulayıb ki,  mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham etmişdim: “Demişdim ki, bu, kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir. Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki əgər müstəqilliyinin 26 ilində, onun 20 ili bu hakimiyyət altında keçmişdisə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir. Haqq-ədalət öz yerini tapdı və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovuldu. Deyə bilərəm ki, bu rejimin çökməsində bizim də rolumuz olub, onu mən şişirtmək istəmirəm, bunu biz, necə deyərlər, öz adımıza çıxmaq istəmirik. Ancaq o da həqiqətdir ki, bizim apardığımız siyasət nəticəsində Ermənistan onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildi. Biz onlara qarşı təcrid siyasətimizi uğurla aparmışıq və heç kimdən çəkinmədən mən bu barədə dəfələrlə Azərbaycan ictimaiyyətinə və xarici tərəfdaşlarıma demişəm. Nə qədər ki torpaqlarımız işğal altındadır, biz Ermənistana qarşı təcrid siyasətimizi aparacağıq. Bu siyasət nəticəsində Ermənistan iqtisadi iflasa uğradı”.

Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmləndiyini önə çəkən  Prezident bildirib ki, buna görə də Azərbaycanın ərazi bütövlüyünə dəstək artır: “Demək olar ki, bir çox ölkələrlə imzaladığımız sazişlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması tezisi öz əksini tapır. Əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla da təmaslar əsnasında daim bu mövzu qaldırılır və bizim siyasətimiz böyük dəstək alır. Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik. Bu istiqamətdə çox böyük işlər görülüb. Xalqa bu barədə müntəzəm olaraq məlumatlar verilir, mənim hərbi hissələrə çoxsaylı səfərlərim mətbuat tərəfindən işıqlandırılır, əldə etdiyimiz texnikanın göstərilməsi müntəzəm olaraq təşkil edilir. Əlbəttə ki, bizim hərbi potensialımızın əyani sübutu ötən ay keçirilmiş hərbi paraddır. Paradda Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Bizim Ordumuz maddi-texniki, silah-sursat, texnika ilə təchizat baxımından aparıcı ordular sırasındadır və hərbi parad bunu göstərmişdir.

Eyni zamanda, Ordumuzun döyüş qabiliyyəti çox yüksək səviyyədədir və bunu yaxın tarix göstərib. 2016-cı ilin Aprel döyüşləri və qazandığımız böyük qələbə, 2018-ci ilin mayında Naxçıvan əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi - bütün bunlar Azərbaycan Ordusunun döyüş qabiliyyətini göstərir”.

Ermənistanın bu günkü ağır vəziyyətə düşməsinin əsas səbəbini onların işğalçılıq siyasəti ilə əlaqələndirən dövlət başçısı deyib ki, əgər işğal olmasaydı, Ermənistan da bizim təşəbbüsümüzlə icra edilən layihələrdə yer ala bilərdi: “Onlar da başqa ölkələr kimi bizim imkanlarımızdan faydalana bilərdilər və əlbəttə ki, onların iqtisadi vəziyyəti bu gün yaxşı ola bilərdi. O kriminal, 20 il ərzində erməni xalqının qanını içən oğru rejimin siyasəti nəticəsində onlar bu vəziyyətə düşdülər. Ümid edirəm ki, Ermənistanın yeni hökuməti kriminal rejimin səhvlərini təkrarlamayacaq, münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutacaq və münaqişə tezliklə həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək”.

Ölkəmizdə əvvəlki illərdə və bu il aparılan islahatların gözəl nəticələr verdiyini vurğulayan Prezident ilin birinci yarısının inkişaf göstəricilərini hərtərəfli diqqətə çatdıraraq deyib ki, bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır: “Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 15 ilin göstəriciləri bunu əyani sübut edir. İqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Hətta böhranlı illərdə də biz öz iqtisadi gücümüzü qoruya bilmişik”.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993