Vətən səsi

Zirzəmidən “Qobu Park”a...

Məcburi köçkün ailələrinin yeni yaşayış kompleksinə köçürülməsinə başlandı

Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı ilə bu il mayın 24-də rəsmi açılış mərasimi keçirilmiş “Qobu Park” yaşayış kompleksində məcburi köçkün ailələrinin yerləşdirilməsinə başlanılıb.

Yeni mənzillərlə təmin edilən məcburi köçkün ailələrinin siyahısı mövcud qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən komissiya tərəfindən hazırlanıb. Komissiyaya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, əraziləri işğal olunmuş və köçkünlərin müvəqqəti məskunlaşdığı rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələri daxildir.

Məcburi köçkünlərin yeni yaşayış yerinə köçməsi üçün nəqliyyat xidməti dövlət vəsaiti hesabına təmin edilir.

“Qobu Park” yaşayış kompleksinin ilk sakinləri Bakı şəhərinin Nərimanov rayonunda, “K.Rəhimov küçəsi, 824/835” ünvanında yerləşən tikintisi yarımçıq qalmış doğum evi binasının zirzəmisində müvəqqəti məskunlaşan və uzun müddət ağır şəraitdə yaşayan 46 ailə olub.

Yeni mənzilə köçürülən ailələrin nümayəndələri onların yaşayış şəraitinin yaxşılaşdırılmasına göstərilən qayğıdan razılıqlarını bildiriblər.

Şəlalə Məmmədova (Füzuli rayonu, ailə üzvlərinin sayı - 4 nəfər): “Uzun illər ağır şəraitdə yaşamaq məcburiyyətində qalmışıq. Bu gün ailəmiz yeni bir həyata başlayır. “Qobu Park”da bizim üçün hər bir şərait yaradılıb. Dövlətimizin başçısına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq ki, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına belə böyük qayğı göstərirlər”.

Fərhad Şahməmmədov (Zəngilan rayonu, ailə üzvlərinin sayı - 4 nəfər): “İlk növbədə, bizim kimi ən ağır vəziyyətdə, zirzəmilərdə yaşayan məcburi köçkünlərin yeni inşa edilmiş şəhərciyə köçürülməsi çox ədalətli qərardır. Uzun illərdir bu günü gözləyirdik. Özümüz də, övladlarımız da, sözün həqiqi mənasında, yenidən sağlam həyata qayıdırıq. İnşallah, doğma torpağımıza qayıdacağımız gün də uzaqda deyil”.

Zəminə Şükürova (Zəngilan rayonu, ailə üzvlərinin sayı - 4 nəfər): “Azərbaycan güclü dövlətdir, məcburi köçkünlərin problemlərini də öz imkanları hesabına həll edir. Bu gün biz yeni mənzilə köçürük, gün o gün olsun ki, doğma torpaqlarımıza qayıdaq və orada öz ev-eşiyimizi bərpa edək”.

“Qobu Park”dakı mənzillərdə, əsasən, Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə görə paytaxtın Nizami, Xətai, Suraxanı, Nərimanov, Səbail rayonlarında qəzalı vəziyyətdə, yaşayış üçün təhlükəli hesab edilən binalarda, həmçinin müxtəlif tikililərin zirzəmilərində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri yerləşdirilir. Yeni binalarda hər bir ailə üçün yaşayış sahəsi komissiya tərəfindən müvafiq qayda və normalara uyğun olaraq müəyyənləşdirilir.

Dövlət Komitəsi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsində şəffaflığın və ədalətin təmin edilməsi, mənfi hallara şərait yaradan amillərin tam aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirir.

Xatırladaq ki, Bakı şəhərinin Qaradağ rayonu ərazisində, Lökbatan-Qobu yolunun 3 kilometr şərqində yerləşən və hər biri 2 bloklu, 9 mərtəbəli 11 yaşayış binasından ibarət olan “Qobu Park” yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 98-ci şəhərcikdir. Kompleksin tikintisinə dövlət vəsaiti xərclənməyib, yaşayış kompleksinin maliyyələşməsində sahibkarlar iştirak ediblər.

Yaşayış kompleksinə üçmərtəbəli məktəb binası və uşaq bağçası daxildir. Yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - 350 yerlik mərasim evi, poçt, tibb, polis məntəqələri və mənzil-istismar idarəsi yaradılıb. Ərazidə 35 min kilovatlıq yarımstansiya inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, kanalizasiya şəbəkəsi yaradılıb.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993