Prezident İlham Əliyev: Erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır

Azərbaycan işğalçı ölkəyə və dünyaya növbəti mesajını verdi

“Düşmənin istənilən strateji obyektini məhv etməyə qadirik. Bütün strateji məntəqələr Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər”. Bunu Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının “Azadlıq” meydanında keçirilən hərbi paradda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş hərbi parad və burada nümayiş etdirilən ən müasir silah və texnika öz möhtəşəmliyi ilə seçilməklə yanaşı, həm işğalçı Ermənistana, həm də onun beynəlxalq hamilərinə konkret mesaj oldu. Vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əzəməti ilə seçilən tədbirin əvvəlində etdiyi çıxış Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək məsələsində qətiyyətli mövqeyinin dəyişməzliyini bir daha nümayiş etdirdi.

Dövlət başçısı deyib ki, münaqişənin danışıqlar yolu ilə tezliklə həlli, ərazi bütövlüyümüzün bərpa edilməsi qarşı tərəfin də marağında olmalıdır. O əlavə edib ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır: “Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaratmışdır. Beynəlxalq hüquqa görə də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Son illər ərzində dünyanın aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı bir çox qərar və qətnamələr qəbul etmişlər. O cümlədən BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir və orada da göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr hələ də qüvvədədir və öz qüvvəsini itirməyib”.

Azərbaycanın işğalla heç vaxt barışmayacağını, getdikcə güclənərək yalnız inkişaf yolu ilə gedəcəyini, Ermənistanın heç vaxt bizimlə rəqabət apara bilməyəcəyini, tarixi həqiqətin, beynəlxalq hüququn bizim tərəfimizdə olduğunu bir daha bəyan edən Prezident deyib: “Aprel, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu gücləndirir. Xalqımız tam arxayın ola bilər ki, ordumuz istənilən vəzifəni yerinə yetirməyə qadirdir. 2016-cı ilin aprel döyüşləri, 2018-ci ilin Naxçıvan əməliyyatında işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun böyük mənəvi əhəmiyyəti var. Həmin bu bayraqlar bu gün bu hərbi paradda, “Azadlıq” meydanında nümayiş etdiriləcək. Bu bayraqlar döyüş bayraqlarıdır. Bu bayraqlar işğaldan azad edilmiş torpaqlarda dalğalanır və hərbi parad üçün bura gətirilib. Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayraqları “Azadlıq” meydanına gətiriləcək və hərbi paradda nümayiş etdirləcək. Biz bu müqəddəs günü yaxınlaşdırırıq”.

Əlbəttə ki, cənab Prezidentin belə qətiyyətli mövqeyi Azərbaycanın mövcud potensialından, ilk növbədə isə qüdrətli Ordumuzun olmasından qaynaqlanır. Paradda sərgilənən müasir silah və texnika isə Azərbaycanın öz hərbi arsenalını necə ciddi şəkildə böyütdüyünü və modernləşdirdiyini göstərdi. Nümayiş olunan hərbi texnika Azərbaycanın müasir texnologiya və hərb elminin nailiyyətlərindən maksimum yararlanmasının göstəricisi sayılmalıdır.

Bu parad Azərbaycanın hərbi qüdrətinin, ölkəmizdə həyata keçirilən ordu quruculuğu işinin necə yüksək səviyyədə təşkil olunmasının əyani nümayişi olmaqla yanaşı, digər aspektlərdən də çox səciyyəvidir. Azərbaycan keçirdiyi hərbi paradla dünyaya növbəti mesajını verdi. O mesaj Bakının bütün kənar təzyiqlərə baxmayaraq, öz ərazilərini güzəştə getməyəcəyini ehtiva edir. Ali Baş Komandanımız, Prezident İlham Əliyev öz çıxışında da bildirdi ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək: “Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Biz bütün bunları ona görə edirik ki, Azərbaycan Ordusu daha da güclü olsun. Ona görə edirik ki, hərbi potensialımız güclənsin. Ona görə edirik ki, görürük və dünyada gedən proseslər də onu göstərir ki, beynəlxalq hüquq işləmir. Əgər işləsəydi Azərbaycan torpaqları çoxdan işğalçılardan azad olunardı. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələr icra edilmir, onların icra mexanizmi yoxdur. Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir”.

Azərbaycan Ordusunun döyüş qabiliyyətinin ən yüksək səviyyədə olduğunu deyən Prezident bildirdi ki, bunu yaxın tarix göstərir: “İki il bundan əvvəl Ermənistan xalqımıza qarşı növbəti hərbi təxribat törətmişdir, bizim mövqelərimizi atəşə tutmuşdur, mülki əhaliyə qarşı təcavüz etmişdir. Həm hərbçilərimiz, həm mülki vətəndaşlar şəhid olmuşdur. Azərbaycan Ordusu işğalçını cəzasız qoymadı, onlara layiqli cavab verdi, onları yerinə oturtdu, uğurlu əks-hücum əməliyyatı keçirərək işğal edilmiş torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdi. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi, iki min hektar ərazi təmizləndi. Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. Ermənilərin torpaqlarımızda, işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə bu gün bizim əsgərlərimiz xidmət göstərir. Lələtəpədə bizim bayrağımız dalğalanır. Ağdərə dağlarında bizim bayrağımız dalğalanır. Biz strateji yüksəklikləri əldə etmişik və bu, bizə çox böyük üstünlük verir. Aprel döyüşləri bizim şanlı qələbəmizdir”.

Hazırda Ordumuzun belə güclü olması, ən müasir silahlarla təhciz edilməsi, döyüş tapşırıqlarını qüsursuz yerinə yetirə bilməsi hərbi-siyasi reallıqdır. Bu reallıq bizdə qürur və fəxarət yaratdığı kimi işğalçı Ermənistanda da qorxu və vahimə yaradır. Belə ki, Azərbaycan ictimaiyyəti üçün böyük maraq kəsb edən bu hərbi parad və cənab Prezidentin kəskin bəyanatları düşmən ölkənin mediasında da əsas mövzulardan birinə çevrilib. Yazılan məqalə və statuslarda ermənilər Azərbaycan Ordusunun nümayiş etdirdiyi gücdən və texnikadan qorxuya düşdüklərini gizlətmirlər.

Bəli, Azərbaycan Ordusu bir - birinin ardınca elə qələbələrə imza atır ki, bu ciddi uğurlar problemin həllində yeni mərhələ yaradacaq keyfiyyət dəyişiklikləri formalaşdırır. Belə ki, Aprel döyüşləri ilə başlayan bu yeni mərhələ Günnüt kəndinin və ətraf yüksəkliklərin işğaldan azad edilməsi ilə davam edir. “Biz addım-addım məqsədlərimizə doğru irəliləyirik” - deyən və hazırki hərbi vəziyyəti təsvir edən Prezident İlham Əliyev bildirdi ki, düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər.

Bu baxımdan paradda nümayiş etdirilən, yaxud etdirilməyən silah və sursatlarımız, ordumuzun yüksək döyüş qabiliyyəti və vətənpərvərlik əhval ruhiyyəsi hazırkı vəziyyətdə Azərbaycanın üstünlüyünü diqtə edən əsas amillərdir. Üstəlik ölkəmizin iqtisadi inkişafı, öz hərbi texniki tələbatını ödəmək üçün yaratdığı hərbi sənaye müəssisələrinin olması, bu müəssisələrdə 1200 adda müxtəlif təyinatlı silahların istehsal edilməsi, hətta bunların bir qisminin xaricə ixrac edilməsi hərbi sənaye kompleksimizin və ordumuzun nə qədər güclü olduğunu bir daha sübut edir.

Hər halda, İrəvan bu deyilənlərdən, Azərbaycanın hərbi gücündən nəticə çıxarmalı və təcavüzkar siyasətinə, nəhayət, son qoymalıdır. Keçirilən parad həmçinin əhalidə ruh yüksəkliyinin artırılması, xüsusilə, gənc nəslin vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından da çox əhəmiyyətlidir. Ən başlıcası isə ərazi bütövlüyümüzün və təhlükəsizliyimizin qarantı olan şanlı Ordumuz həqiqətən də, millətimizin qürur mənbəyidir.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993