Hər il olduğu kimi, bu il də iyunun 20-si Ümumdünya Qaçqınlar Günü kimi qeyd edildi

Qaçqınların və məcburi köçkünlərin problemlərinin həllində Azərbaycan modeli

Bu, nüfuzlu beynəlxalq qurumlar və onların rəhbərləri tərəfindən oxşar problemləri yaşayan ölkələr üçün nümunə kimi dəyərləndirilir

Məlumdur ki, BMT-nin Baş Assambleyası 4 dekabr 2000-ci ildə  qətnamə qəbul edərək iyunun 20-ni Ümumdünya Qaçqınlar Günü kimi təsis etməklə dünya ictimaiyyətinin diqqətini onların problemlərinə cəlb etdi. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı məlumatında da deyildiyi kimi, Ümumdünya Qaçqınlar Günü bütün qaçqınların əyilməz iradəsinə və cəsarətinə olan hörmət və ehtiramdır və bu, əsl mənada qeyd olunmalıdır: "20 iyun həmin gündür ki, biz dünyadakı qaçqınları düşünür, öz dəstəyimizi hörmət və ehtiramımızı ifadə edirik və bu gün ən çətin vəziyyətdə öz insanlıq ləyaqətinin qorunub saxlanması üçün mübarizə aparan dünyadakı qaçqın və məcburi köçkün insanlarla birlik günüdür!".

Elə Ümumdünya Qaçqınlar Gününün qeyd edilməsinin əsl mahiyyəti də məhz bunu bir daha tam aydınlığı ilə yer üzərindəki bütün xalqlara, millətlərə, bir sözlə, dünya ictimaiyyətinə olduğu kimi çatdırmaqdan ibarətdir. Bir günlük də olsa, dünya fikirləşməlidir ki, qaçqınlıq nədən yaranır, insanlar illərlə yaşadıqları ata-baba yurdlarını nədən tərk etməli olur? Təbii ki, bu suallara cavab axtararkən qeyd etməliyik ki, qaçqınlığı yaradan səbəblər müxtəlifdir. Bəzi hallarda insanlar öz daimi yaşayış yerini hərbi münaqişələr, müharibələr səbəbindən, bəzən isə təbii fəlakətlər nəticəsində tərk etməli olurlar. Nə qədər acı da olsa, etiraf edilməlidir ki, bütün bunların özü humanitar baxımdan bəşəriyyət üçün ağır insani fəlakətdir. Ümumdünya Qaçqınlar Gününün mahiyyəti də əslində bu kimi halların məhz dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir.

Bu gün əhalisinin sayına görə ən çox qaçqın və məcburi köçkünü olan Azərbaycanda beynəlxalq hüquq normalarına uyğun təkmil qanunvericilik bazası yaradılıb

Bəli, 20 iyunun bütün dünyada, o cümlədən də ölkəmizdə hər il Qaçqınlar günü kimi qeyd olunması Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalan, torpaqlarının 20 faizi işğal altında olan müstəqil Azərbaycanın necə ağır problemlə üzləşdiyini özlüyündə bir daha təsdiq edir.

Məlumdur ki, ölkəmizdə qaçqın və məcburi köçkünlük probleminin yarandığı dövrdə postsovet məkanında ilk dəfə belə ağır problemlə üzləşən ilk respublika kimi Azərbaycan bu gün də əhalisinin sayına görə ən çox qaçqın və məcburi köçkünü olan ölkədir. Dövlətimizin başçısı cənab İlham Əliyev də istər ölkəmizdə, istərsə də xaricdə keçirdiyi bütün görüşlərdə, iştirak və çıxış etdiyi beynəlxalq tədbirlərdə dəfələrlə bəyan etmişdir ki, hazırda dünyada adam başına düşən qaçqınların ən yüksək sayı məhz Azərbaycandadır. Bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşımızın bu gün də öz torpaqlarına qayıda bilmədiklərini təəssüflə daim önə çəkən Prezident İlham Əliyev ölkəmizin belə ağır problemlə  üzləşməsinə baxmayaraq Azərbaycanın müstəqillik dövründə  böyük uğurlara imza atdığını, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bundan sonra da müvafiq tədbirlərin həyata keçiriləcəyini vurğulamışdır. 

Qeyd edək ki,bu gün Azərbaycanda ötən müddət ərzində qaçqın və məcburi köçkünlərin istər sosial müdafiəsini, statusunu, istərsə də bütün hüquqlarının müdafiəsini təmin etmək və sırf bu sahə ilə məşğul olmaq məqsədilə böyük bir dövlət qurumu, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq kifayət qədər qanunvericilik bazası yaradılıb. Belə ki, bu insanların hüquqlarının təsbit edilməsi, vəzifələri ilə bağlı yeganə beynəlxalq hüquqi sənəd BMT-nin 1951-ci il "Qaçqınların statusu haqqında Konvensiya"sı və 1967-ci ildə qəbul olunmuş Protokoldur. Azərbaycan BMT-nin 1951-ci il Konvensiyasına 1992-ci il dekabr ayının 8-dən qoşulub, Milli Məclis də bunu ratifikasiya edibdir.

Onu da qeyd edək ki, ölkəmizdə qaçqın və məcburi köçkünlük probleminin yarandığı dövrdə sovet məkanında, SSRİ-nin dövründə  qaçqınlıqla bağlı qanunvericilik yox idi. Lakin SSRİ-nin süqutundan sonra, Azərbaycan belə bir ağır problemlə üzləşdiyi bir vaxtda - 1992-ci ildə "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında Qanun" qəbul edilmişdir. Ancaq bu Qanun da Konvensiyanın tələblərinə tam cavab vermirdi.

Ona görə də sonradan Ulu Öndər Heydər Əliyevin dövründə - 1998-ci ildə "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı" təsdiq edildi.  Həmin proqramda da tapşırılmışdı ki, qanunvericilik yenidən işlənilsin və 1951-ci il Konvensiyasının tələblərinə uyğunlaşdırılsın. Məhz bu tapşırığa əsasən 1999-cu il 21 may  tarixində Milli Məclis tərəfindən 2 qanun qəbul edildi. Onlardan biri "Qaçqınların və məcburi köçkünlərin, ölkə daxilində köçürülmüş şəxslərin  statusu haqqında" qanun, digəri isə "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanundur. Sonradan həmin qanunlara uyğun olaraq digər normativ-hüquqi sənədlər hazırlandı və onlar bu  gün  də uğurla tətbiq olunur.

Azərbaycanın bu istiqamətdəki təcrübəsi dünyanın bir sıra dövlətləri üçün nümunəyə çevrilib

Artıq Azərbaycanın inkişaf modeli, o cümlədən ölkədəki qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində qazandığı təcrübəyə əsasən həyata keçirdiyi tədbirlər dünyanın bir sıra dövlətləri üçün nümunəyə çevrilib, həmin dövlətlər bu sahədə ölkəmizin təcrübəsindən yararlanmağa çalışırlar.

BMT-nin Qaçqınlar üzrə sabiq ali komissarı (hazırda BMT-nin Baş katibi-red) Antonio Quterreşin, eləcə də digər nüfuzlu beynəlxalq qurumların rəhbərlərinin ölkəmizə səfərləri zamanı məcburi köçkünlər üçün yaradılan şəraitlə yerində tanışlıqdan sonra Azərbaycan dövlətinin bu sahədə gördüyü işləri oxşar problemlərlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirmələri, Azərbaycanın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin tam hüquqlu üzvü seçilməsi bütün deyilənlərin bariz nümunəsi olmaqla yanaşı, heç də təsadüfi xarakter daşımır.

Çünki bu münasibətlə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının bu qurumun İcraiyyə Komitəsinə üzv seçilməsi ilə əlaqədar Azərbaycan hökumətinə ünvanladığı məktubda da Azərbaycanın qaçqınların himayəsi və onların ağır vəziyyəti üçün yolların tapılmasında nümayiş etdirdiyi maraq və qətiyyət, 1993-cü ildən tərəfdaş olduğu Qaçqınların statusuna dair Konvensiya və Protokol öhdəlikləri üzrə qaçqınları və sığınacaq axtaran şəxsləri ərazisinə qəbul etməsi təqdir olunmuş və bunlar əldə edilmiş uğurun, didərgin insanların üzləşdikləri problemlərin həlli sahəsində Azərbaycan hökuməti tərəfindən göstərilmiş və davam etməkdə olan səylərin yüksək qiymətləndirilməsinin təcəssümü kimi dəyərləndirilmişdir. Bu gün dünyada baş verən proseslər də sübut edir ki, qaçqın və məcburi köçkün probleminin özü dünya üçün ciddi problem olaraq qalmaqdadır ki, bu da narahatlıq doğurmaya bilməz. Çünki hazırda dünyanın 74-dən çox dövlətini əhatə edən 68,5 milyonluq qaçqın və məcburi köçkün probleminin özü bu narahatlığa ciddi əsas yaradır. Təkcə öz ölkələri daxilində didərgin düşmüş insanlar ümummilikdə 40 milyondur və bunların arasında azərbaycanlı məcburi köçkünlər də var.

Bütün bu deyilənlər isə özlüyündə bu gün Yaxın Şərqdə, o cümlədən Avropada və MDB məkanında cərəyan edən proseslər, sabitliyin pozulması nəticəsində yaranan böhran, Qərbin çirkin və ikili standartlara söykənən siyasətinin qurbanı olan yüz minlərlə qaçqının Avropaya üz tutmağa məcbur olması Azərbaycan təcrübəsindən istifadəni zərurət kimi qarşıya qoyur. Belə olduğu təqdirdə, bəs görəsən, insan haqları və demokratiya ilə bağlı daim pafosla danışan, bu gün isə cəmi bir neçə yüz min qaçqının yerləşdirilməsində aciz qalan, onları hər yerdə dəyənəklə qarşılayan, irqi ayrı-seçkiliyə məruz qoyan "demokratiya beşiyi" Avropa hansı təcrübəyə əsaslanır? Halbuki cəmi 10 milyona yaxın əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkünün sayına görə dünyada ən böyük didərgin yükünə sahib olan ölkələrdəndir. Eyni zamanda sürətli iqtisadi inkişafı, sabitliyi sayəsində Azərbaycana üçüncü ölkələrdən də çoxsaylı miqrantlar pənah gətiriblər. Əgər bu gün Qərbin özü işğalçı dövləti dəstəkləyirsə, separatçı quruma yardım edirsə və Azərbaycanın özünün neçə illərdir 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün problemi ilə üzləşibsə və belə bir vaxtda bu təbəqədən olan insanlar bütün hüquqlardan məhrum edilibsə, onda görəsən Qərb hansı haqq və hüquqla kiməsə "demokratiya dərsi" keçə bilər?

Azərbaycan üçün demokratiya və insan haqlarının çox yüksək dəyər kəsb etdiyini görməzliyə vuran Qərb nədənsə unudur ki, yaranmış siyasi, hərbi və iqtisadi böhranın əsas səbəbləri onların özlərinin siyasi maraqlarının nəticəsi olduğu bu gün heç kəsə sirr deyil. Ancaq çox təəssüflər olsun ki, bu cür addım atanlar cəzasız qalmaqda davam edirlər. BMT-nin qaçqınlar üzrə sabiq ali komissarı A.Quterreş də məhz bu maraqlar və cəzasızlıq nəticəsində hazırda dünyada qaçqınlıq baxımından olduqca təhlükəli vəziyyət yarandığını deyərək bildirmişdi ki, bu, dəhşətli haldır: "Bir tərəfdən münaqişəni başlayanlar getdikcə daha çox cəzasız qalır, digər tərəfdən isə beynəlxalq birlik müharibələri dayandırmaq, sülhü bərqərar və mühafizə etmək naminə birgə əməkdaşlıq üçün gücsüz görünür".

Dövlətimiz bu problemi öz gücünə həll edir

Azərbaycan o ölkələrdəndir ki, 1 milyon 200 min qaçqın və məcburi köçkünü olmasına, torpaqlarının 20 faizinin işğal edilməsinə baxmayaraq bütün beynəlxalq məsələlərlə bağlı öz mövqeyi var və bu mövqeyini heç kimdən çəkinmədən ifadə edir, hər yerdə də ədalətli mövqeyi müdafiə edərək bu cür ikili standartlara söykənən siyasətlə, çirkin işlərlə barışmaz mövqedə dayanır. Bütün bunların fonunda bu gün inkişaf edən Azərbaycanın beynəlxalq aləmdən bir gözləntisi var: ölkəmizin bir saylı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli və bu münaqişə zəminində doğma ocaqlarından silah gücünə qovulmuş vətəndaşlarının əzəli torpaqlarına qaytarılması! Lakin təəssüf ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələr, ATƏT-in Minsk qrupunun, AŞPA-nın, digər nüfuzlu beynəlxalq qurumların "cəhdləri" yalnız söz olaraq kağız üzərində qaldığından Ermənistanın işğalçılıq siyasəti hələ də davam edir, ona görə də, həmin insanlar öz doğma yurdlarına qayıda bilmirlər. Buna baxmayaraq, Azərbaycan dövləti hələ 1993-cü ildən - ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra öz vətəndaşlarına sahib çıxaraq onların qayğıları, problemləri ilə yaxından məşğul olmağa başladı. Vaxtilə Ümummilli liderimiz Heydər Əliyev, hazırda isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu problemi beynəlxalq müstəvidə qaldıraraq dünya miqyaslı təşkilatların diqqətini azərbaycanlı qaçqın-köçkünlərin problemlərinə yönəldə bilmişdir.

Düzdür, beynəlxalq humanitar təşkilatlar ilk günlərdən başlayaraq bir neçə il ərzində bizim qaçqınlara yardımlar göstərirdilər. İndi isə Azərbaycan dövləti öz gücünə bu problemi həll edir. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətimizin, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Yəni, prioritet məsələlərdən biri kimi bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Ulu öndərin siyasi xəttinin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü ilin oktyabr ayında prezident seçkiləri ərəfəsində ilk görüşünü də məhz Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirdi və orada bütün çadır şəhərciklərinin ləğv olunacağını bəyan etdi. Bu deyilənlər tezliklə həyatda öz təsdiqini tapdı. Bu insanların sosial rifahı, həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı sistemli, davamlı işlər görülməyə başladı.

Problemin ən uğurlu həlli metodu Azərbaycandadır

Bu baxımdan, yuxarıda da qeyd etdiyimiz kimi, möhtərəm Prezidentimizin rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin sosial rifahının yüksəldilməsi istiqamətində əhəmiyyətli qərarlar, dövlət proqramları qəbul edilib. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı", ona edilmiş əlavələr, "Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" və digər sərəncamlar bu mənada xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, qeyd edək ki, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində dövlət başçısı tərəfindən xeyli sayda fərman və sərəncam imzalanıb. Bütün bu fərman və sərəncamlar isə əməli-praktik işlərin görülməsi üçün əsasdır.

Ölkə başçısının yürütdüyü siyasətin təməl prinsiplərindən olan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlərin nəticəsidir ki, onların doğma ocaqlarına qayıdanadək yeni mənzillərlə təmin olunması üçün respublikanın müxtəlif ərazilərində bütün sosial-texniki infrastrukturu ilə birlikdə 98 yeni və müasir tipli qəsəbələr və hündürmərtəbəli yaşayış binaları kompleksləri salınmış, 53 min ailə, yaxud 265 min nəfər bu qəsəbələrə köçürülmüş, onların maddi rifahlarının yaxşılaşdırılması, sosial müavinətlərinin artırılması istiqamətində mühüm tədbirlər görülmüşdür. Respublikanın bir çox yerlərində salınan bu qəsəbələr bir reallığı da ortaya qoyur ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli həyata keçirilən siyasətin mühüm istiqamətini təşkil edir. Prezident İlham Əliyev müxtəlif tədbirlərdəki çıxışları zamanı bu istiqamətdə tədbirlərin davam edəcəyini bildirib.

Bütün bunlar, eyni zamanda bölgələrdə, paytaxtda və paytaxta yaxın ərazilərdə məcburi köçkünlər üçün salınan qəsəbələrin açılışlarında iştirakı, burada yaradılan şəraitlə yerində tanışlığı, bu təbəqədən olan soydaşlarımızla birbaşa təmasda olması, onlarla səmimi söhbətləri özlüyündə bir daha təsdiqləyir ki, bu məsələ cənab Prezidentin  və Birinci vitse-prezidentin birbaşa nəzarətindədir. Təbii ki, bütün bunlar dövlətimizin bu insanlara yüksək münasibətinin ifadəsidir. Ən mühüm önəm daşıyan məsələ odur ki, artıq müxtəlif nüfuzlu beynəlxalq qurumların rəsmiləri ilə yanaşı, dünya mediası da Azərbaycanın bu sahədəki yüksək fəaliyyətini qaçqın şoku yaşayan Avropaya nümunə kimi göstərməyə başlayaraq qeyd edirlər ki, bütövlükdə Azərbaycan bəlkə də yeganə ölkədir ki, çoxsaylı qaçqın və məcburi köçkünlərə bu cür yüksək şərait yaradıb.

Görülən işlər Azərbaycan dövlətinin bu sahədəki uğurlu siyasətini özündə əks etdirir

Bu istiqamətdə görülən işlərin icrası bu gün də davam etdirilir.  Bütün bunlar isə Azərbaycan dövlətinin bu sahədəki uğurlu siyasətini özündə əks etdirir. Məcburi köçkünlərimizin erməni işğalından ən çox əziyyət çəkən insanlar olduğunu dəfələrlə bəyan edən cənab Prezident  onu da vurğulamışdır ki, Azərbaycanda sosial siyasət uğurla aparılır, birinci növbədə ən böyük vəsait məcburi köçkünlərin problemlərinin həlli üçün nəzərdə tutulur və bütün bunlar artıq beynəlxalq aləmdə də etiraf olunur: "İndi beynəlxalq qurumlar da bunu qeyd edir ki, Azərbaycanda bu məsələyə göstərilən diqqət və yanaşma bütün başqa ölkələr üçün də nümunədir. Çünki beynəlxalq təşkilatların rəhbərləri, nümayəndələri, xarici dövlətlərin nümayəndələri vaxtaşırı qəsəbələrə gəlir, tanış olurlar. Xüsusilə qaçqınlarla bağlı məsələlərə cavabdeh olan şəxslər də birmənalı qaydada deyirlər ki, Azərbaycanda bu məsələ ən yüksək səviyyədə həll olunur. Yəni, belə evlər, belə qəsəbələr heç bir ölkədə tikilmir.

Dünyada bir çox ölkələrdə qaçqın-köçkün problemlərinin olduğunu deyən Prezident bildirib ki, ancaq bu problemlərin ən uğurlu həlli metodu Azərbaycandadır. Görürsünüz, dünyada - Yaxın Şərqdə, başqa yerlərdə məcburi köçkünlər böyük problemlərlə üzləşirlər. İndi yüz minlərlə insan məcburi köçkünə çevrilib: "Azərbaycanda bu məsələnin bu dərəcədə düşünülmüş qaydada həll edilməsi o ölkələr üçün də bir yol göstərir. Bu cür məsələlər belə həll olunmalıdır. Burada söhbət təkcə binaların tikintisi ilə məhdudlaşmır. Biz bu məsələlərə kompleks şəkildə yanaşırıq - yardımlar, hər köçkünə ayrılan vəsait, iş yerləri. Əhalinin sayını nəzərə alsaq ən çox qaçqın və köçkünü olan ölkə Azərbaycandır. Bizdə bir milyon qaçqın-köçkün var. Bu, doğrudan da böyük problemdir. Ancaq biz bu problemi həll edirik və həll edəcəyik. Ancaq yenə də deyirəm, bu, müvəqqəti bir məkandır. Şübhə yoxdur ki, biz o torpaqlara qayıdacağıq".

Bu gün ölkədəki qaçqın və məcburi köçkünlər dövlətin tam himayəsi ilə təmin olunmuşlar

Göründüyü kimi, Azərbaycan dövləti ölkə başçısının gündəlik qayğı və diqqəti sayəsində qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpa olunması, onların doğma ocaqlarına qaytarılması istiqamətində fəaliyyətini beynəlxalq hüquq normalarına uyğun qurmaqla problemin həllini müntəzəm diqqət mərkəzində saxlayır və bütün bunların nəticəsidir ki, bu gün ölkədəki qaçqın və məcburi köçkünlər dövlətin tam himayəsi ilə təmin olunmuşlar.

Lakin bütün bunlar o demək deyil ki, artıq Azərbaycanda bu problem öz həllini tapıb. Məlumdur ki, ölkəmizdə hələ də müxtəlif məskunlaşma obyektlərində ağır şəraitdə yaşayan on minlərlə soydaşlarımız var və təbii ki, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin bütün problemlərinin həlli, onların pozulmuş hüquqlarının bərpası, həyat şəraitlərinin tam yaxşılaşdırılması bilavasitə münaqişənin beynəlxalq hüquq normaları əsasında həllindən asılıdır. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, dövlət tərəfindən bütün bu işlərin, tədbirlərin görülməsinə baxmayaraq, qaçqın və məcburi köçkünlərin problemləri öz həllini ancaq və ancaq öz doğma torpaqlarına qayıtdıqdan sonra tapacaqdır.

Ümumdünya Qaçqınlar Günündən istifadə edərək bütün qaçqın və məcburi köçkünlər adından beynəlxalq ictimaiyyətə, dünyanın nüfuzlu dövlətlərinə müraciət edirik ki, belə bir ağır problemlə bağlı öz fəaliyyətlərini yalnız humanitar yardımlar ayırmaqla bitmiş hesab etməsinlər. Unutmayaq ki, humanitar yardımlar qaçqınların, məcburi köçkünlərin ağır və dözülməz həyatlarını müvəqqəti yüngülləşdirə bilər, lakin bu, heç zaman onları bu vəziyyətə salan bəlaların kökündə duran problemlərin həllində ciddi və davamlı tədbirlər, təşəbbüslər kimi özünü doğrulda bilməz. Çünki onların ən böyük arzuları, problemin həllinin yeganə çıxış yolu bu insanların doğma ocaqlarına qayıdıb təhlükəsizlik şəraitində yaşamalarıdır. Elə bunlara görə də gəlin bütün dünyada müharibələrə, ərazilərin işğalına, insanların hüquqlarının pozulmasına, bu sahədə hökm sürən laqeydliyə "yox" deyək! Dünyada anaların, uşaqların, ahılların fəryadı rəhmlə qarşılansın və onların hüquqlarının təmin olunması barədə ciddi düşünülsün.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993