Cocuq Mərcanlıya qayıdış əminlik yaradır ki, köçkünlərin işğaldan azad olunacaq torpaqlara qayıtması uzaqda deyil

Fuad Hüseynov: "Son 25 ildə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün 6,6 milyard manat vəsait sərf olunub"

"Cəbrayılın Cocuq Mərcanlı kəndinin qısa müddətdə bərpası və insanların öz doğma evlərinə qayıtması bizdə əminlik yaradır ki, məcburi köçkünlərin işğaldan azad olunacaq torpaqlara qayıtması uzaqda deyil".

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Sədr müavininin sözlərinə görə, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində 25 ilə yaxındır ki, Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkünün xeyli hissəsi sıx məskunlaşma yerlərində ağır şəraitdə yaşamağa məhkumdurlar.

F.Hüseynov deyib ki, Azərbaycan hökuməti tərəfindən bu kateqoriyadan olan insanlara xüsusi qayğı göstərilir. Qaçqın və məcburi köçkünlər üçün ümumiilikdə indiyə kimi 3,3 milyon kvadrat metr yaşayış sahəsi olan 98 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. İndiyədək 52 min ailə, yaxud 265 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

F.Hüseynov bildirib ki, indiyədək qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 2,4 milyard manat vəsait sərf olunub. Bunun 2,1 milyard manatı Dövlət Neft Fondunun vəsaitidir.

Komitə rəsmisinin sözlərinə görə, son 25 ildə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün 6,6 milyard manat vəsait sərf olunub.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993