Azərbaycanın Milli Qurtuluş Günündən başlanan nicat yolu

“Qurtuluş gününün Azərbaycanın müasir tarixində çox böyük rolu vardır. Məhz bu gündən etibarən Azərbaycan öz inkişaf dövrünü yaşamağa başlamışdır. Müstəqilliyimizi əldə etdikdən sonra ölkəmiz çox böyük problemlərlə üzləşmişdi. Demək olar ki, ölkəmiz idarəolunmaz vəziyyətə düşmüşdü. Məhz Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, fəaliyyəti nəticəsində ölkəmiz bu çətin günlərdən şərəflə çıxa bildi, öz inkişaf dövrünü yaşamağa başladı. Bu inkişaf indi sürətlə davam edir”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Müstəqil Azərbaycanın xilaskarı 15 iyun dövlət müstəqilliyimizin qorunması və daha da möhkəmləndirilməsi tarixidir

Bu gün həm də qaçqın və məcburi köçkün həyatı yaşayan soydaşlarımızın taleyində də önəmli dönüş yaratdı

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə müstəqil Azərbaycan dövlətinin və ümummilli varlığının xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev bir daha öz dahiliyini və yenilməzliyini bütün dünyaya sübut etdi. İkinci dəfə hakimiyyətə gələn ulu öndər mükəmməl dövlətçilik konsepsiyasına malik idi. Bu konsepsiya Yeni Azərbaycan Partiyasının proqramında öz əksini tapmışdır. Heydər Əliyevin siyasi irsi, dövlətçilik təcrübəsi xalqı üçün böyük sərvətdir və gələcəkdə nəsillər bu sərvətdən daim bəhrələnəcəklər. Bu müdrik və uzaqgörən siyasətçinin, nəhəng dövlət adamının hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan ayrı-ayrı bəlalardan, vətəndaş qarşıdurmasından qurtuldu, ictimai-siyasi sabitliyə qovuşdu, davamlı inkişaf yoluna çıxdı. Məhz ona görə də 15 iyunu qədirbilən xalqımız hər il Milli Qurtuluş Günü kimi qeyd edir.

Milli öndərimiz Heydər Əliyev xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlər üzərində qurulmuş, dünya birliyində layiqli yerini tutan müasir Azərbaycan bəxş etdi. Ən yeni tariximizin 34 illik bir dövrü, bu illərdə ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tarix Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün təkcə xalqımız deyil, həm də dünya şöhrətli siyasətçilər, tarixçilər, ümummilli liderimiz Heydər Əliyevi müstəqil Azərbaycan dövlətinin memarı və yaradıcısı kimi tanıyırlar. Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması böyük öndərimizin fədakar fəaliyyətinin nəticəsidir. 1993-cü ildə xalqımızın təkidi ilə hakimiyyətə gələn milli öndərimiz Heydər Əliyev öz möhkəm qətiyyətli, əzmi və mübarizliyi və ölkədə baş alıb gedən siyasi qarşıdurmanın, xarici düşmənlərimizdən dəstək alan daxili separatçıların xaos və hərc-mərcliyin qarşısına sədd çəkib sabitliyi bərqərar etdi.

Dünya birliyində heç bir nüfuzu olmayan, yaxın-uzaq ölkələrlə münasibətləri pozulan Azərbaycan hətta müstəqilliyini, mövcudluğunu itirmək təhlükəsində idi. Tarixin girdabında əriyən dövlətlər, xalqlar və insanlar içərisində o adamların adı gələcək nəsillərə çatdırılır ki, onlar hadisələrin gedişini dəyişməyə, dağıntı selinin qarşısını almağa, həddindən artıq bəzən qorxulu yükü çiyinlərində daşımağa, milləti dirçəltməyə qadirdirlər. Belə şəxsiyyətlər içərisində Heydər Əliyev ümumbəşəri məziyyətləri ilə ona görə fərqlənir ki, o, ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız müdrik xalqına arxalandığını, bütün gücünü, iradəsini qədirbilən xalqından aldığını dönə-dönə etiraf edirdi. Xalq böhranlı çağında Heydər Əliyevi çağırdığı kimi, Heydər Əliyev də dövlətimiz üçün təhlükəli anda xalqa müraciət etdi. 1994-cü ilin oktyabrında gecəyarı bu böyük insanın çağırışına səs verən minlərlə azərbaycanlı özünün ümummilli lider ilə birlikdə olduğunu, bütün məqamlarda Heydər Əliyevin dayağına çevrildiyini nümayiş etdirdi.

Ümummilli liderin Azərbaycanda prezident seçilməsi ilə dövlətçilik tarixində uğurlu bir yolun, yeni bir epoxanın başlanğıcı qoyuldu. Milli öndərimizin titanik səyi nəticəsində Azərbaycan dünya xəritəsində özünə layiq yerini tutdu. Dünya dövlətlərinin tanıdığı, hesablaşdığı müstəqil dövlətin yaradılması məhz Heydər Əliyevə nəsib oldu. Onun dühasını, ucalığını, böyüklüyünü həmişə xatırlayacağıq. O, xalqımızın şəriksiz lideri olmaqla yanaşı, həm də ulu Tanrının bizə bəxş etdiyi nəhəng siyasi xadim, zamanın fövqündə dayanan dahi insan, bəşəri dəyərlərin daşıyıcısı idi.

Hər şeydən əvvəl Heydər Əliyev öz xalqını böyük məhəbbətlə sevən vətənpərvər bir şəxsiyyət idi. Ümummilli liderimizin vətənpərvərliyi dünya siyasətçilərinin də diqqətindən yayınmayıb. Fransanın sabiq prezidenti  Jak Şirak xüsusi vurğulayaraq bu barədə deyib: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, vətənpərvərliyini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim”.

Bu fikirlər bir daha təsdiq edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Vətəninə, xalqına çox bağlı vətənpərvər ümummilli liderimizin xarici siyasətində əsas yer tuturdu. Ona görə də ən mötəbər tribunalardan Azərbaycan həqiqətlərini bütün dünyaya olduğu kimi çatdırırdı. Bu dahi şəxsiyyət hər zaman, hər yerdə birmənalı şəkildə bəyan edirdi ki, bu problem yalnız BMT-nin nizamnaməsi çərçivəsində, beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır. Məhz bu cür gərgin səylər nəticəsində dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləməyə, haqq işimizi müdafiə etməyə başladılar. Həqiqətən də Heydər Əliyev məkan və zamanından asılı olmayaraq etdiyi hər səfərdə, hər görüşdə, hər çıxışda Dağlıq Qarabağ müharibəsindən, münaqişə nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün taleyi yaşamasından danışır, var qüvvəsi ilə problemin həllinə çalışırdı.

Bu bir həqiqətdir ki, bütün həyatını Azərbaycana və xalqımıza həsr edən ümummilli liderimiz Heydər Əliyevin ən böyük arzusu zəbt olunmuş torpaqlarımızın işğaldan azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışır, Azərbaycan dövlətinin və şəxsən özünün bir saylı problemi elan etdiyi qaçqın və məcburi köçkünlərin problemlərinin həllini daim diqqət mərkəzində saxlayırdı. Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə əlaqədar ATƏT rəhbərliyi, Minsk qrupunun həmsədrləri, dünyanın müxtəlif ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi görüşlərdə, beynəlxalq və yerli qurumların tədbirlərində bu problemi daim ön plana çəkirdi. Məhz ulu öndərin diplomatiyası sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinə çatdırıldı. Münaqişənin siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı beynəlxalq hüquq normalarına uyğun qərarlar - BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edildi. Eyni zamanda, ATƏT-in 1994-cü ildə Budapeşt, 1996-cı ildə Lissabon, 1999-cu ildə İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində tədbirlər müəyyənləşdirildi, həmçinin, ABŞ konqresinin müstəqil Azərbaycana yardım göstərilməsini qadağan edən ədalətsiz 907-ci düzəlişinin icrası dayandırıldı.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın  bütün qayğıları, problemləri, onların öz doğma dədə-baba yurdlarına qaytarılması müstəqil Azərbaycan dövlətinin, ümummilli lider Heydər Əliyevin gündəlik qayğısı idi. 1998-ci ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin sərəncamına əsasən “Qaçqınların və Məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edildi. Bunun ardınca 1999-cu ildə ölkə prezidentinin fərmanı ilə dünya təcrübəsində ilk olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil edildi. Beynəlxalq humanitar təşkilatların və maliyyə qurumlarının ölkəmizin o ağır günlərində qaçqın və məcburi köçkünlərimizə humanitar yardım göstərmək məqsədilə Azərbaycana dəvət olunmalarına və bu sahədə fəaliyyət göstərmələrinə münbit şərait yaradıldı.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası öz bəhrəsini verməyə başlayan andan isə  iqtisadi imkanlar yarandıqca dövlət tərəfindən, digər sahələrdə olduğu kimi, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə  bağlı geniş tədbirlərin həyata keçirilməsinə başlanıldı. Prezident  Heydər Əliyevin 2001-ci il 22 avqust və l7 sentyabr, həmçinin 2002-ci il 13 may tarixli fərmanlarına əsasən Dövlət Neft Fondundan ayrılmış 359 milyard manat vəsait hesabına ümumi sahəsi 392 min kv.metr olan 6410 fərdi yaşayış evi, onlarla məktəb, tibb ocaqları, 195 km. uzunluğunda qəsəbələrdaxili və xarici yollar, 188 km. uzunluğunda xarici və daxili içməli su xətləri, 350 km. elektrik hava xətləri və digər həyat üçün vacib olan sosial obyektlər tikilib istifadəyə verildi və bütün bunlar, eləcə də bu kimi həyata keçirilən digər mühüm tədbirlər 1993-2003-cü illər ərzində görülmüş çoxsaylı işlər sırasındadır.

Heydər Əliyevin zərgər dəqiqliyi ilə işləyib hazırladığı milli neft strategiyası Azərbaycanın xoşbəxt gələcəyini təmin etdi. Ulu öndər Azərbaycanın milli sərvəti olan neft amilindən ölkənin və xalqın maraqlarının ödənilməsi üçün məharətlə istifadə etdi. 1994-cü ildə bəşəriyyətin ən aparıcı neft şirkətləri ilə birgə imzalanmış və Xəzər dənizinin Azərbaycana aid sektorunda nəhəng yataqların işlənməsini nəzərdə tutan layihə təsadüfi deyil ki, tarixə “Əsrin müqaviləsi” kimi daxil oldu. Milli neft strategiyasının mərhələ-mərhələ reallaşması Azərbaycana çox böyük siyasi və iqtisadi dividentlər gətirib. “Əsrin müqaviləsi” çərçivəsində təməli qoyulan və bu gün Azərbaycan neftini dünya bazarlarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəməri ulu öndərimizin milli neft strategiyasının təntənəsidir. Azərbaycanda neft strategiyasının başlanğıcı hesab edilən bu beynəlxalq neft layihəsi Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmlənməsi və ölkənin gələcək inkişafı üçün etibarlı zəmin yaratdı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Heydər Əliyev diplomatiyasının uğuru, uzaqgörən neft siyasətinin ilk konturları idi. Bu müqavilənin həyata keçməsinə mane olmaq istəyən erməni diasporasının təsiri və təzyiqi altında olan qüvvələrin planı baş tutmadı. Belə ki, böyük siyasi xadim Heydər Əliyev öz müdrik siyasəti ilə onların planlarını darmadağın etdi. Məhz kontraktdan sonra inkişaf etmiş dünya dövlətlərinin Azərbaycana, ölkəmizdə iqtisadiyyatın inkişafına marağı artdı. Ölkədə uğurlu islahatların əsası qoyuldu. Xəzərin Azərbaycan sektorunda zəngin neft və qaz ehtiyatlarının olduğunu vurğulayaraq qeyd edirdi ki, bu həm Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, xalqımızın rifah halını yaxşılaşdırmaq üçün, həm də bizimlə əməkdaşlıq edən ölkələrin şirkətləri üçün çox böyük mənfəət, fayda gətirəcəkdir.

Müstəqil dövlətimizin hüquq sisteminin beynəlxalq standartlar səviyyəsində qurulması, köklü islahatlarla əhatə olunması da ümummilli liderimizin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur. 1995-ci ilin noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın ilk konstitusiyası ölkənin gələcək prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətimizin ali məqsədi kimi ön plana çıxarmışdır.

Heydər Əliyev hər bir dövlətin varlığının əsasını təşkil edən iqtisadi inkişafı dövlət həyatının ən vacib vəzifəsi hesab edirdi. Odur ki, ulu öndər milli qarşıdurmanı, vətəndaş itaətsizliyini, hakimiyyətsizliyi və digər mənfi meyilləri aradan qaldırdıqdan sonra dərhal iqtisadi quruculuq işinə başladı. Qısa müddətdə yeni iqtisadi münasibətlərə keçid üçün lazımi hüquqi və siyasi əsasları yaratdı, iqtisadi idarəçiliyi yenidən qurdu. Ən mütərəqqi demokratik islahatlar həyata keçirildi ki, bunlar da tezliklə ölkəni böhrandan çıxarmağa imkan verdi.

Azərbaycanın xarici siyasəti isə dünyanın bütün dövlətləri ilə faydalı əlaqələr, dünya təcrübəsinin nailiyyətləri, sivil beynəlxalq normalar əsasında quruldu. Heydər Əliyevin xarici siyasətinin əsasında yalnız Azərbaycanın milli maraqları dururdu. Bu maraqlar bir çox hallarda regionun iri dövlətlərinin mənafeyinə uyğun gəlmirdi. Daha doğrusu, Azərbaycanın müstəqil xarici siyasəti regionu öz təsiri altında saxlamaq istəyən həmin dövlətlərin maraqlarına zidd idi. Bu səbəbdən Heydər Əliyev Cənubi Qafqaz və Xəzər hövzəsi kimi geostrateji cəhətdən son dərəcə əhəmiyyətli regionda müxtəlif dövlətlərin kəsişən maraqlarını nəzərə alaraq tarazlıq və sabitlik yaratmaq üçün xeyli müddət gərgin əmək sərf etməli oldu. Heydər Əliyevin yeritdiyi xarici siyasətin ən başlıca vəzifəsi dünya birliyinin dəstəyi ilə Ermənistana hərbi təcavüzün nəticələrini aradan qaldırmaq və ərazi bütövlüyümüzü bərpa etmək idi. Qlobal xarakterli problemlərin içərisində Dağlıq Qarabağ probleminin arxa plana keçməməsi məhz Heydər Əliyevin xidmətidir. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın yerləşdiyi geosiyasi məkanda imkanlarını, regional və beynəlxalq siyasətdə iştirakının perspektivlərini dərindən təhlil edərək xarici siyasət xəttinin üstün istiqamətlərini müəyyənləşdirdi. Böyük siyasi xadim ilk növbədə regionda böyük nüfuza malik Rusiya, İran, Türkiyə, həmçinin dünyanın yeganə super dövləti olan ABŞ, eləcə də Avropa ölkələri ilə münasibətləri nizama salmaq vəzifəsini qarşıya qoydu.

Ölkəmiz getdikcə güclənir, qüdrətlənir, regionun ən inkişaf etmiş dövləti kimi beynəlxalq münasibətlər sistemində öz layiqli və nüfuzlu yerini daha da möhkəmləndirirdi. Bu davamlı yüksəliş xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və gerçəkləşdirdiyi möhtəşəm dövlət quruculuğu xəttinin ardıcıllıqla və uğurla davam etdirilməsinin nəticəsi idi. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı dövlətimizin başçısı İlham Əliyevin bəyan etdiyi kimi, Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialımızın möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayır və möhkəmlənir.

Dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edir, özünün inamlı və xoşbəxt gələcəyinə doğru irəliləyir. “Mən hər bir azərbaycanlının prezidenti olacağam” - deyən dövlət başçısı hər bir vətəndaşın marağına xidmət edir, verdiyi bütün vədlərə əməl edir. Azərbaycan xalqı ölkənin cənab İlham Əliyevin rəhbərliyi altında məhz Heydər Əliyevin ideyalarında təcəssüm olunan daha qüdrətli dövlətə çevriləcəyinə inanır. Möhkəm dövlətçilik təsisatlarına malik demokratik və bəşəri dəyərlərin bərqərar olduğu, dünya birliyinin nüfuzlu üzvü olan və Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilən Azərbaycan məhz ulu öndər Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev ümumbəşəri ideyaları cənab İlham Əliyevin fəaliyyət prinsipinin əsasını təşkil edir. İnanırıq ki, xalqımızın çox böyük səs çoxluğu ilə yenidən Azərbaycan dövlətinin Prezidenti seçilən İlham Əliyev hər bir azərbaycanlının rifahinin və xoş günlərinin qarantı olacaqdır.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993