“Qobu Park” yaşayış kompleksi köçkün şəhərciklərinin arasında öz gözəlliyi və şəraitilə seçilən mərkəzlərdən biridir

Prezident İlham Əliyev: Dövlət bu istiqamətdə öz siyasətini davam etdirir.

“Cocuq Mərcanlı kəndinin bərpası Azərbaycan xalqının əyilməz ruhunun göstəricisidir. Bu, bir daha göstərir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Bu, bir daha onu göstərir ki, bütün məcburi köçkünlər bir arzu ilə - öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Əminəm ki, biz buna nail olacağıq”.

Bu fikirləri Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında bildirib.

Qeyd edək ki, 2017-ci il mayın 30-da Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə təməli qoyulan və ümumi sahəsi 6,4 hektar olan “Qobu Park” yaşayış kompleksində tikinti işləri yüksək səviyyədə aparılıb və bu ilin may ayında başa çatdırılıb. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 24-də Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınmış bu yaşayış kompleksinin açılışında iştirak ediblər.

Layihə üzrə hər biri 2 bloklu, 9 mərtəbəli 1026 mənzilli 11 yaşayış binası inşa olunub. Buradakı mənzillərdən 108-i birotaqlı, 396-sı ikiotaqlı, 360-ı üçotaqlı, 162-si isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 73 min kvadratmetrdir. Bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub. Yeni yaşayış kompleksində hazırda qəzalı binalarda məskunlaşmış 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunacaq. Eyni zamanda yaşayış kompleksinə 624 şagird yerlik üçmərtəbəli məktəb binası və 222 yerlik uşaq bağçası daxildir.

Yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - 350 yerlik mərasim evi, poçt, tibb, polis məntəqələri və mənzil-istismar idarəsi yaradılıb. Ərazidə 35 min kilovatlıq yarımstansiya inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, kanalizasiya şəbəkəsi yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin ölkəmizdəki məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin, onlara müntəzəm qayğı və diqqətinin bariz göstəricisi olan bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 98-ci şəhərcikdir.  Açılışdakı çıxışında salınan şəhərciklər arasında Cocuq Mərcanlı qəsəbəsinin bərpasını xüsusilə önə çəkən dövlətimizin başçısı keçən il o qəsəbənin yenidən qurulmasının açılışında iştirak etdiyini bildirərək qeyd edib ki, orada hazırda 150 ev, məktəb, uşaq bağçası, ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri olan məscid tikilib.

Cocuq Mərcanlı kəndinin yenidən qurulmasının Aprel döyüşlərinin nəticəsindən, bizim parlaq qələbəmizdən sonra mümkün olduğunu deyən Prezident vurğulayıb ki, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının ərazilərinin bir hissəsi işğalçılardan təmizlənəndən sonra bu qəsəbənin bərpası mümkün olmuşdur: “Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Azərbaycan xalqı bir daha göstərdi ki, heç vaxt işğalla barışmayacaq və nəyin bahasına olursa-olsun öz doğma torpaqlarına qayıdacaq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək. Bir daha demək istəyirəm ki, biz bu qəsəbənin timsalında köçkünlərin arzularını, niyyətlərini görürük. Cocuq Mərcanlıdan olan vətəndaşlar, uzun illər müxtəlif yerlərdə yaşamış insanlar imkan olan kimi dərhal öz kəndinə gəlməyə üstünlük verirlər. İndi orada həyat canlanır, şərait yaradılır, həm yaşamaq üçün, həm işləmək üçün bütün infrastruktur yaradılıb”.

Bu gün dağılmış vəziyyətdə olan bütün şəhərlərimizin işğaldan azad ediləndən sonra tezliklə bərpa olunacağını bildirən dövlət başçısı eyni zamanda bildirib ki, işğal altında olan bütün ərazilərimizdəki tarixi abidələrimiz, məscidlərimiz, muzeylərimiz mənfur qonşular tərəfindən dağıdılıb, talan edilib. Bütün şəhərlərimiz dağıdılıb. Bu, misli görünməmiş vəhşilikdir: “Dağıdılmış bu binaların, evlərin, məscidlərin görüntüləri erməni vəhşiliyinin yırtıcı xislətini göstərir. Ancaq biz torpaqlarımıza qayıdacağıq. Buna heç kimdə şübhə yoxdur, necə ki, Cocuq Mərcanlıya, Şıxarx qəsəbəsinə qayıtmışıq. Şıxarx qəsəbəsinin, işğaldan azad edilmiş torpaqlarda bu böyük qəsəbənin salınması bir daha onu göstərir ki, biz torpaqlarımızı işğalçılardan azad edəndən sonra o torpaqlara dərhal yeni həyat gəlir. Əminəm ki, Azərbaycan dövlətinin gücü, Azərbaycan xalqının iradəsi nəticəsində işğaldan sonra bütün şəhərlərimizi bərpa edəcəyik və o şəhərlərdə insanlar yaşayacaqlar, quracaqlar, ölkəmizin inkişafını təmin edəcəklər”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən böyük ədalətsizlik olduğunu, bu işğal nəticəsində vətəndaşlarımızın məcburi köçkün həyatı yaşadıqlarını bir daha önə çəkən Azərbaycan Prezidenti vurğulayıb ki, bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan vəhşilik törədib. Erməni faşizminin yırtıcı sifəti bu münaqişənin nəticələrində özünü büruzə verib: “Ancaq Azərbaycan xalqı tam əmindir ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, bunu etməliyik. Həm beynəlxalq hüquq, həm də haqq-ədalət bizim tərəfimizdədir. Tarixi həqiqət bizim tərəfimizdədir və güc bizim tərəfimizdədir. Bu gün dünya miqyasında güc amili ön plana çıxır və güclü ölkələr öz istəyinə nail ola bilirlər. Azərbaycan da güclü ölkədir. Güclü ordumuz, güclü iqtisadiyyatımız və düşünülmüş siyasətimiz var”.

Açılış mərasimində məcburi köçkünlərlə görüşdə bütün bunlarla yanaşı, eyni zamanda bu təbəqədən olan soydaşlarımızın problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üzrə Dövlət Proqramının uğurla icra edildiyini bildirən dövlətimizin başçısı deyib ki, bu məqsədlə dövlət milyonlarla manat vəsait ayırıb, hər il minlərlə ailə evlərlə təmin olunur. Prezident bildirib ki, köçkün şəhərciklərinin arasında öz gözəlliyi və şəraiti ilə seçilən bu şəhərciyin özəlliyi ondan ibarətdir ki, onun tikintisində özəl sektor fəal iştirak edib, bunun təşəbbüskarı, icraçısı özü olub. Bu günə qədər də sahibkarların məktəb, uşaq bağçası tikintisi ilə məşğul olduqlarını deyən Prezident vurğulayıb ki, ancaq məcburi köçkünlər üçün bu ölçüdə, bu miqyasda yaşayış mərkəzinin yaradılması ilk dəfə baş verir: “Bu yaşayış kompleksinin maliyyələşdirilməsində də sahibkarlar iştirak ediblər. Dövlət bu kompleksin yaradılmasına vəsait ayırmayıb. Buna görə bu işi görən “Paşa Holdinq” şirkətinə öz təşəkkürümü bildirmək istəyirəm. “Paşa Holdinq” Azərbaycanda böyük quruculuq işləri ilə məşğuldur, ölkə iqtisadiyyatının müxtəlif sahələrinə böyük investisiyalar qoyur, minlərlə iş yerinin yaradılmasına çalışıb və nail olub. Bu gün bu şirkətin sosial məsuliyyəti göz qabağındadır. Hesab edirəm ki, bu gözəl təşəbbüs digər böyük şirkətlər üçün də nümunə olmalıdır”.

Bu il 20 min köçkünün yeni evlərlə, mənzillərlə təmin olunacağını deyən dövlət başçısı bildirib ki, dövlət bu istiqamətdə öz siyasətini davam etdirir: “Qeyd etdiyim kimi, özəl sektor da bu işlərə qoşulub. Bu da təbiidir. İmkanı olan şirkətlər ehtiyac içində yaşayanlar üçün gərək şərait yaratsınlar. Bu gözəl təşəbbüs əminəm ki, Azərbaycanda geniş vüsət alacaq. Dövlət isə öz tərəfindən bundan sonra da məcburi köçkünlərin problemlərinin həlli üçün çalışacaq. Həm bu il, həm gələn il sosial layihələr icra ediləcək. Biz, qeyd etdiyim kimi, bu işlərdə böyük uğurlara nail ola bilmişik”.

Bu deyilənlər, əldə olunan nəticələr bir daha göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarının problemlərinin həllinə hərtərəfli qayğı göstərir, məcburi köçkünlərin illərlə üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün olan imkanlardan maksimum istifadə edir. Heç də təsadüfi deyil ki, bu gün qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ötən müddətdə bu təbəqədən olan vətəndaşlarının sosial şəraitinin yaxşılaşdırılması, digər problemlərinin həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onlarla fərman və sərəncam imzalanıb. Sözügedən sənədlərə uyğun olaraq həyata keçirilən müvafiq tədbirlər nəticəsində məcburi köçkünlərin əksər problemləri öz həllini tapıb və tapmaqdadır.

Təbii ki, bu istiqamətdə görülən işlərdə, həyata keçirilən tədbirlərdə başlıca məqsəd hər bir Azərbaycan vətəndaşının, onların sırasında qaçqın və məcburi köçkün həyatı yaşayan soydaşlarımızın doğma ocaqlarına qaytarılanadək rahat yaşamasına nail olmaqdır. Hər bir azərbaycanlının böyük arzusu isə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsi, bu torpaqlardan didərgin salınan soydaşlarımızın doğma ocaqlarına qaytarılmasıdır. Elə buna görə də hazırda bütün imkanlar məhz bu istiqamətdə səfərbər edilmişdir ki, bunlar da ölkə vətəndaşları, məcburi köçkünlər tərəfindən böyük rəğbətlə qarşılanır və sabaha böyük inam yaradır.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993