Komitə sədri Rövşən Rzayev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 29-da Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Dövlət Komitəsinin sədri iki dost və qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, bu əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.

O, Azərbaycanın qazandığı uğurlardan, ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Rövşən Rzayev ərazilərimizin işğalı zamanı qaçqın və məcburi köçkünlər üçün qardaş Türkiyə tərəfindən edilən humanitar yardımları xatırladıb, bu dəstəyə görə təşəkkürünü bildirib.

Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral səmimi görüşə və hərtərəfli məlumata görə minnətdarlığını bildirib.

Səfir Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibəti ilə təbriklərini çatdıraraq Azərbaycanın bütün sahələrdə qazandığı uğurların Türkiyə üçün də qürur mənbəyi olduğunu vurğulayıb. O, Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə iki ölkə arasındakı səmərəli əməkdaşlığı daha da möhkəmləndirmək üçün səylərini əsirgəməyəcəyini bildirib.

Dövlət Komitəsinin sədri ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində səfirə uğurlar arzulayıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlərin problemləri, eyni zamanda, gələcək əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993