“Mülki əhalinin öz yurd-yuvasından zorla köçürülməsi, məcburi deportasiya olunması insanlıq əleyhinə cinayətdir”

Artıq dünyada və Avropada ən böyük humanitar fəlakətlərdən birinə çevrilmiş qaçqınlar və məcburi köçkünlər məsələsi növbəti dəfə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həm komitə, həm plenar iclasında diqqət mərkəzində olub

AŞPA-nın yaz sessiyasında məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları ilə bağlı hazırlanan qətnamə layihəsinin müzakirəsində Azərbaycan nümayəndə heyətinin üzvləri də ətraflı çıxış edərək ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərini yenidən ön plana çəkiblər.

“Qaçqınlar və məcburi köçkünlər probleminin yeganə həlli onların öz yurdlarına qayıtmasıdır”

Deputat Killyon Munyamanın hazırladığı “Avropada öz ölkələrində məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı məruzənin müzakirəsinə qoşulan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov bu problemdən ən çox əziyyət çəkən ölkənin Azərbaycan olduğunu və vaxtilə sayı bir milyon olmuş məcburi köçkünlərin sayının bu gün daha da çoxaldığını söyləyib. O bildirib ki, insanın yaşamaq haqqı qədər əbədi olan digər ehtiyacı və hüququ da öz daimi ev-eşiyində, doğma şəhərində, kəndində, məhəlləsində ömür sürməsidir. Ölkəmizdə 30 ilə yaxındır bir milyondan çox insan hər kəs üçün təbii olan bu imkandan məhrumdur. Ermənistanda azərbaycanlılara qarşı aparılan etnik təmizləmə və deportasiya nəticəsində, eləcə də ermənilərin və onlara havadarlıq edən xarici qüvvələrin Azərbaycan ərazilərinin 20 faizini işğal etməsindən sonra bir milyon insan qaçqına və məcburi köçkünə çevrilib. Ancaq bu rəqəm əslində lap çoxdan köhnəlib. Otuz ilə çatan müddətdə həmin əzablar çəkmiş insanların sayı artıq bir milyon yox, milyon yarımdır. Azərbaycan dövləti qaçqınlara və məcburi köçkünlərə hər cür şərait yaratmasına baxmayaraq, problemin yeganə kardinal həlli məcburi köçkünlərin öz doğma ev-eşiklərinə qayıtmasıdır.

Deputat bildirib ki, Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi illərdə yarım milyona yaxın Azərbaycan uşağı dünyaya qəmli bir statusla - qaçqın və məcburi köçkün kimi gəlib. Dağlıq Qarabağdan və ondan kənardakı yeddi Azərbaycan rayonundan məcburi köçkün düşmüş 600 min insanın evi dağıdılıb, qəsb edilib, qəbiristanlıqlar tar-mar edilib. Onların ən qiymətli sərvəti olan xatirələri, yaddaşları məhv edilib. Bu, işğalın ən ağır fəsadıdır.

Qeyd edilib ki, Azərbaycanın müxtəlif rayonlarına sığınmış qaçqınlar və məcburi köçkünlər 1990-cı illərin, müstəqilliyimizin əvvəllərində, ölkəmizin maddi imkanlarının məhdud olduğu vaxtlarda çadır düşərgələrində, vaqonlarda, müxtəlif yataqxanalarda yerləşdirilmişdilər. Tədricən Azərbaycan dövlətinin iqtisadi gücü artdıqca, ilk növbədə, onların gündəlik qayğıları həll edildi. Qaçqın çadırlarını səliqə-sahmanlı, rahat mənzillərin sıralandığı qaçqın şəhərcikləri əvəz etdi. Lakin o evlər nə qədər rahat olsa da, qaçqınlara göstərilən qayğı nə qədər artırılsa da, bu, onların nostalgiyasını söndürmür, ata-baba yurdunu əvəz etmir.

Bu gün Avropadakı məcburi köçkünlərin ehtiyaclarını, hüquqlarını araşdırır, onlara kömək yollarını arayırıq. Azərbaycan bu sahədə kədərli təcrübəsi olan ölkə kimi bilir ki, həmin müsibətə yenicə düçar olanlara hər cür dəstək, kömək vacibdir. Ancaq əsas vəzifə bu məsələni kardinal şəkildə həll etmək, bu insanları insanlıq adına həqarət olan qaçqın, məcburi köçkün kimi arzuolunmaz statusdan xilas etməkdir.

Rafael Hüseynov problemlə əlaqədar məsuliyyətləri olan beynəlxalq təşkilatları konkret addımlar atmağa səsləyərək deyib: “Təəssüf ki, Avropa Şurası, ATƏT, Avropa Parlamenti və digər beynəlxalq təsir imkanı olan qurumlar yalnız həmdərd olmaq, real hərəkətə aparmayan müzakirələrlə işini bitmiş hesab edir. Ona görə də bu faciəyə düçar olanların sayı azalmaqdansa durmadan artır. Bütün qüvvələr birləşdirilərək qətiyyət göstərilmədikcə, sözdən əmələ keçilməyincə vəziyyət dəyişməyəcək. Hərəkətə keçək! Geci-tezi var, bu minvalla dalğa sizə də çatacaq”.

 

“Məcburi köçkünlərin əsas humanitar ehtiyacları doğma yurdlarına qayıtmaq və orada yaşamaqdır”

 

Münaqişələr Avropa qitəsi üçün ən ciddi təhdiddir. Bu baxımdan Ermənistanla Azərbaycan arasında həll olunmamış münaqişə regional təhlükəsizliyə təhdid yaradır. Ermənistan Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğalını davam etdirir. Bu ərazilər isə beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. Müzakirə etdiyimiz qətnamə layihəsində həmkarlarım Azərbaycanın işğal altında olan kəndlərinin adlarına dair çaşqınlıq yaradan səhvlərin düzəldilməsini tələb etdilər. Biz bu adların Azərbaycan dilində qeyd edilməsini israr etdik.

Bu fikirləri AŞPA-nın yaz sessiyasında “Avropada öz ölkələrində məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı qətnamə layihəsinin müzakirələri zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Elşad Həsənov bildirib. O qeyd edib ki, məcburi köçkünlərin əsas humanitar ehtiyacları tezliklə doğma torpaqlarına qayıtmaq və orada yaşamaqdır. Ermənistanın təcavüzü nəticəsində doğma yurdundan didərgin salınmış azərbaycanlı məcburi köçkünlərin ən böyük arzusu məhz budur.

Millət vəkili diqqətə çatdırıb ki, 1990-cı illərin əvvəllərində təxminən bir milyon Azərbaycan vətəndaşı öz doğma torpaqlarını, evlərini tərk edərək paytaxt Bakıya və digər şəhərlərə üz tutdular. O zaman 7 milyon Azərbaycan əhalisinin təxminən bir milyonu məcburi köçkün idi. Sosial, iqtisadi, demoqrafik və ən əsası insani baxımdan belə bir köç ölkə üçün humanitar çətinlik yaratdı. “Məcburi köçkünlərin humanitar ehtiyacları barədə danışarkən, onların mənzil, təhsil, səhiyyə və məşğulluq məsələlərinə diqqət yetirməliyik. 1990-cı illərin ortalarından etibarən Azərbaycan hakimiyyəti məcburi köçkünlərin ehtiyaclarını və problemlərini mərhələ-mərhələ həll etməyə başladı. Bunun üçün böyük miqdarda maliyyə vəsaiti, ciddi səy və texniki yardım tələb olundu. Azərbaycan məcburi köçkünlərin problemlərinin öhdəsindən gəldi. Bu baxımdan, biz məcburi köçkünlərin problemlərinin, eləcə də humanitar böhranın həlli ilə bağlı real təcrübəmizi bölüşməyə hazırıq”, - deyə E.Həsənov bildirib.

 

“Ermənistanın Azərbaycana qarşı təcavüzü ərazilərimizin 20 faizinin işğalı və bir milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnib”

 

Məsələnin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova da çıxışında Azərbaycanın şəhər və kəndlərinin adlarının ermənilər tərəfindən məqsədyönlü şəkildə dəyişdirilməsinə etirazını bildirərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışaraq qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ərazilərimizin 20 faizinin işğalı və bir milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnib. Bu münaqişə nəticəsində Ermənistan bütün beynəlxalq çağırışlara və hüquqi sənədlərə məhəl qoymayaraq azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirib, qadın və uşaqlar amansızlıqla qətlə yetirilib. Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında mülki əhaliyə qarşı cinayət, Xocalı soyqırımını törədib.

S.Qafarova diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdundan didərgin salınmış bir milyon qaçqın və məcburi köçkünün problemlərinin həlli dövlət siyasətinin prioriteti elan edilmiş, ölkədəki çadır şəhərcikləri ləğv olunmuş, 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınmış, 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması təmin olunmuşdur. Qaçqın və məcburi köçkünlərin problemləri çox istiqamətlidir. Onların inteqrasiyası, sosial müdafiəsinin gücləndirilməsi, hüquqlarının qorunması ən əsas humanitar ehtiyaclardır. Amma bu insanlar üçün ən birinci məqsəd öz torpaqlarına qayıtmaqdır.

Deputat vurğulayıb ki, Assambleyada artıq bir neçə dəfə miqrantların, qaçqınların və məcburi köçkünlərin problemləri ilə bağlı müzakirələr keçirilib. Bu məsələ Avropa üçün çox vacibdir. Çünki 4 milyondan artıq insan öz ölkələrində silahlı münaqişələr ucbatından Avropaya sığınıb. Ümumiyyətlə, mülki əhalinin öz yurd-yuvasından zorla köçürülməsi, məcburi deportasiya olunması insanlıq əleyhinə cinayətdir. Ona görə də Avropada sığınacaq tapmış 4 milyondan artıq insanın humanitar ehtiyacları təmin olunmalı, onların hüquqları qorunmalıdır.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993