Azərbaycan dövləti sosial məsələlərin həllini prioritet vəzifə hesab edir: Dövlət başçısından növbəti humanist addım

Prezident İlham Əliyevin andiçmə mərasimindən sonra imzaladığı ilk fərman ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqlarının dayandığını bir daha təsdiqləyir

Prezident İlham Əliyevin bu yaxınlarda imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman son 15 ildə ölkəmizdə reallaşdırılan dərin məzmunlu sosial siyasətin növbəti təzahürüdür. Bu, ölkə Prezidentinin andiçmə mərasimindən və səlahiyyətlərini icra etməyə başladıqdan sonra imzaladığı ilk qanunvericilik aktıdır. Ölkə başçısı bununla bir daha təsdiq edib ki, dövlətin həyata keçirdiyi ardıcıl sosial siyasət gələcəkdə daha da gücləndiriləcək, xüsusi diqqət və qayğıya ehtiyacı olan vətəndaşlarımızın problemlərinə bundan sonra da həssaslıqla yanaşılacaq.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji xəttə uyğun olaraq son 15 ildə ölkənin getdikcə artan iqtisadi potensialından, maliyyə imkanlarından səmərəli şəkildə istifadə olunaraq insanların rifah halının yaxşılaşması, gəlir imkanlarının artırılması məqsədilə davamlı tədbirlər reallaşdırılıb. Nəticədə, çox qısa müddətdə respublikamızda yoxsulluq və işsizlik beş faizədək azaldılıb ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdəndir. Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq reytinq agentlikləri də Azərbaycanın insan inkişafı indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını bildirirlər.

Azərbaycanda reallaşdırılan dərin məzmunlu sosial siyasətin ən səciyyəvi cəhətlərindən biri də ondan ibarətdir ki, respublikamızda ədalətli resurs bölgüsü təmin edilir. Belə ki, əhalinin qayğıya ehtiyacı olan bütün təbəqələri dövlət tərəfindən dəstəklənir və respublikada sosial proqramlar uğurla yerinə yetirilir. Bu baxımdan ötən il Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə bu ali dövlət vəzifəsində keçirdiyi ilk müşavirənin qaçqınların və məcburi köçkünlərin probleminin həllinə həsr olunması da ölkəmizdə sosial sahədə reallaşdırılan dövlət siyasətinin başlıca prioritetlərindən birinin məhz sosial siyasətin təşkil etdiyini sübut edir. Söhbət ondan gedir ki, Azərbaycanın iqtisadi imkanları artdıqca, birinci addım sosial istiqamətdə atılır. Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində bu məsələyə bir daha toxunması, sosial siyasətin daim diqqət mərkəzində olduğunu bəyan etməsi sadalananların bariz nümunəsidir: “Dəfələrlə bu məsələ ilə bağlı fikrimi bildirmişəm, bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşlarının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır”.

Bəhs olunan fərman da deyilənlər baxımından olduqca səciyyəvidir. Fərmanda vurğulanır ki, son illərdə hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaratmışdır. Elə bunlara görədir ki, respublikamızda hərbçilərin xidmət, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və digər istiqamətlər üzrə məqsədyönlü tədbirlər həyata keçirilir.

Qeyd edək ki, bu fərman, yuxarıda da qeyd olunduğu kimi, Prezident İlham Əliyevin andiçmə mərasimindən və səlahiyyətlərini icra etməyə başladıqdan sonra imzaladığı ilk qanunvericilik aktıdır. Bu fərman cənab İlham Əliyevin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir. Dövlətin hərbi əməliyyatların iştirakçılarının, şəhid ailələrinin və əlillərin mənzil şəraitinin yaxşılaşdırılması, avtomobillərlə təmin edilməsi, təqaüdün verilməsi və s. kimi tədbirləri bu gün də davam etdirilir. Bu günlərdə isə fərmanın icrasının vaxtında, tam və yüksək səviyyədə təmin edilməsi məqsədilə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi ilə əlaqədar Komissiya yaradılıb ki, bu da nəzərdə tutulan tədbirlərin vaxtında və şəffaf şəkildə yerinə yetirilməsinə hərtərəfli şərait yaradır.

Ümumiyyətlə götürdükdə Prezident İlham Əliyev şəhid ailələrinin, əlillərin, müharibə veteranlarının, məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı 2003-cü ildən bu günədək çoxsaylı fərman və sərəncamlar imzalayıb. İstər birinci Qarabağ müharibəsi, istər Əfqanıstan, istərsə də Böyük Vətən Müharibəsi veteranlarının, müharibədə həlak olmuş şəxslərin ailələrinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib. Bu baxımdan alman faşizmi üzərində qələbənin 73-cü ildönümü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin 1941-1945-ci illər İkinci Dünya Müharibəsi veteranlarına birdəfəlik maddi yardım verilməsi ilə bağlı imzaladığı növbəti sərəncam da məhz bu istiqamətdə həyata keçirilən dövlət siyasətini özündə əks etdirir. Elə bunlara əsaslanaraq əminliklə deyə bilərik ki, bu gün Azərbaycan keçmiş Sovetlər Birliyi məkanında şəhid ailələrinin, müharibə iştirakçılarının, əlillərin və veteranların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ən çox və real addımlar atan dövlətdir.

Cənab Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı bu cür konkret addımlar bir daha sübut edir ki, Azərbaycan dövləti hər bir vətəndaşın, imtiyazlı təbəqənin, dövlət və xalq qarşısında xidmətləri olan şəxslərin sosial məsələlərinin həllini prioritet vəzifə hesab edir və dövlətin həyata keçirdiyi ardıcıl sosial siyasət perspektivdə daha da gücləndiriləcək.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993