Məcburi köçkünlərə dəstək məqsədilə daha bir layihənin həyata keçirilməsi planlaşdırılır

Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən

Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin Azərbaycan nümayəndəliyində “Cənubi Qafqazda məskunlaşmış məcburi köçkünlərin və əhalinin aztəminatlı təbəqəsinin iqtisadiyyatda iştirakı” layihəsi çərçivəsində fəaliyyətlərin planlaşdırılması məqsədi ilə seminar keçirilib. Seminarda nümayəndəliyin Azərbaycan üzrə direktoru Sonia Fontaine, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Namiq İbrahimov Fondun nümayəndələri  və layihə mütəxəsisləri iştirak ediblər.

Layihənin məqsədləri haqda geniş məlumat verən qurumun Azərbaycan üzrə direktoru Sonia Fontaine bildirib ki, layihə çərçivəsində xüsusilə məcburi köçkünlərə  birbaşa dəstək göstərilməsi nəzərdə tutulur və bu layihənin baş tutması üçün ilk növbədə bəzi komponentlərin razılaşdırılmasına və fəaliyyətlər çərçivəsinin hazırlanmasına ehtiyac var: “Ümid edirəm ki, Azərbaycan tərəfi bu layihənin gerçəkləşməsi üçün lazimi dəstək verəcək və tezliklə Azərbayacanda yaşayan bir qrup məcburi köçkün ailələri və ya fərdlər bundan bəhrələnə biləcəklər.”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayonun  hələ də işğalda olduğunu  və bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətində yaşadığını tədbir iştirakçılarının diqqətinə çatdıran Dövlətqaçqınkomun sədrinin müavini Fuad Hüseynov həmin insanların yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi məqsədi ilə ölkədə həyata keçirilən tədbirlər haqda geniş məlumat verib. “Bu günədək daha ağır vəziyyətdə yaşayan məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə respublikanın müxtəlif ərazilərində  bütün zəruri sosial-texniki infrastruktura malik 96 müasir tipli qəsəbə salınıb, 250 mindən çox məcburi köçkün bu qəsəbələrə köçürülüb. Qaçqınların və məcburi köçkünlərin məşğulluq, təhsil, yaşayış, tibbi, sosial təminatı ilə əlaqədar hərtərəfli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Dövlət Proqramları və əlavələr təsdiq edilib və onların icrası uğurla davam etdirilir. Amma bütün hallarda təklif etdiyiniz bu cür dəstək layihələrinin, proqramlarının olması da təqdirəlayiq hesab edilməlidir”

Daha sonra çıxış edən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Namiq İbrahimov ilk növbədə Fond haqqında məlumat verərək bildirib ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu əsasən iki istiqamət üzrə fəaliyyət göstərir. Birinci istiqamət Dövlət Neft Fondundan ayrılan vəsaitlərlə məcburi köçkünlər üçün yeni qəsəbələrin, məhəllə, yaşayış kompleksləri və yaşayış  binalarının tikilməsidirsə, ikinci istiqamət Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında bağlanmış kredit sazişi əsasında məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasını və gəlir imkanlarının dəstəklənməsini nəzərdə tutan layihələrin  həyata keçirilməsidir: “ Bizim bu sahədə kifayət qədər təcrübəmiz var. 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış bu fond bu illər ərzində böyük uğurlara imza atıb. Onlarla qəsəbənin salınmasında, minlərlə məcburi köçkün soydaşımızın yaşayış şəraitin yaxşılaşdırılmasında və onların gəlir imkanlarının artırılmasında öz dəstəyini əsirgəmiyib. Hesab edirik ki, Fondun bu günə kimi qazandığı təcrübə imkan verəcək ki, sözügedən layihə tezliklə həyata keçsin və uğurlu nəticələr əldə edilsin.”

Tədbirin sonunda layihənin birgə idarəetmə şurasının və işçi qrupunun yaradılması, onun tərkibi və səlahiyyətləri, layihənin imzalanmasını nəzərdə tutan Anlaşma Memorandumunun tərkibi və o cümlədən gələcəkdə layihənin idarəetmə effektivliyinə təsir edəcək  bir sıra fəaliyyət mexanizmləri müzakirə olunub.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993