Dövlətimizin başçısının Ankara səfəri iki qardaş ölkə arasındakı münasibətlərdə yeni səhifə açdı

İlham Əliyev: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində Türkiyə qədər bizə dəstək verən ikinci ölkə olmamışdır”

R. T. Ərdoğan: “Biz də Dağlıq Qarabağ məsələsini lap əvvəllərdən öz problemimiz

olaraq qəbul etdik”

“Ölkələrimiz arasında əməkdaşlıq və həmrəylik bu gün də eyni anlayışla davam edir. Biz ortaq mövqeyimizi Dağlıq Qarabağ məsələsində də, Afrində də bütün dünyaya eyni ilə göstərmişik. 2016-cı il 15 iyul xain dövlət çevrilişi cəhdindən dərhal sonra bizə dəstək verən ilk liderlərdən biri dəyərli qardaşım İlham Əliyev olub”.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatla çıxışında bildirib.

Azərbaycan Prezidenti İham Əliyevin prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etdiyinə görə qardaş ölkənin xalqı adından minnətdarlığını bildirən R. T. Ərdoğan deyib ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə inkişafa davam edəcək: “Azərbaycanla bütün sahələrdə birgə əməkdaşlığa davam edəcəyik.  İnşallah, əziz qardaşımın siyasi liderliyi ilə “Can Azərbaycan” inkişaf etməyə, güclənməyə, bölgənin sabitlik zirvəsi kimi parlamağa davam edəcək. İnşallah, Türkiyə olaraq bu müddətdə Prezident İlham Əliyevlə birlikdə çiyin-çiyinə hər sahədə - siyasi, hərbi, iqtisadi, ticari, mədəni sahələrdə birgə fəaliyyət göstərməyə və gələcəyi qurmağa davam edəcəyik. Bu məsələdə mövqeyimiz qətidir”.

Özünün də Prezident seçildikdən sonra ilk xarici səfirini Azərbaycana etdiyini xatırladan Ərdoğan deyib ki, bunun ənənə halı alması aramızdakı qardaşlıq əlaqələrinin ən gözəl, ən konkret nümunəsidir: “İnşallah, iyunun 24-dən sonra mən də ilk xarici səfərimi Azərbaycana etmək niyyətindəyəm”.

2018-ci il mayın 28-də 1918-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunacağını diqqətə çatdıran Ərdoğan bu yubiley münasibətilə bütün Azərbaycan xalqını təbrik edərək bildirib ki, eyni zamanda, bu müstəqilliyin möhkəmlənməsində və Azərbaycanın sərhədlərinin müəyyənləşməsində töhfəsi olan Qafqaz İslam Ordusu da 100 il əvvəl yaradılıb: “2018-ci ildə Qafqaz İslam Ordusunun qəhrəman şəhidlərinin xatirəsini də layiqincə anmaq üçün ölkələrimiz lazımi hazırlıq işləri görür. “Bir millət, iki dövlət” kəlamı boş yerdən yaranmayıb. Bu kəlama görə Heydər Əliyevi rəhmətlə anırıq.

Bu ifadənin altında əziz şəhidlərimizin qanları ilə yazdıqları imza var. Çanaqqala dastanında Bakının qurtuluşunda məhz bu qardaşlıq ruhuna şahid oluruq”.

Azərbaycanın bu gün başda “FETÖ” olmaqla, terror təşkilatları ilə mübarizədə qardaş ölkəyə ən çox dəstək verən ölkə olduğunu vurğulayan Ərdoğan deyib ki, Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatı zamanı da istər Azərbaycan hökuməti, istərsə də Azərbaycan xalqı hər zaman bizim yanımızda oldu: “Biz də Dağlıq Qarabağ məsələsini lap əvvəllərdən öz problemimiz olaraq qəbul etdik. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində təcili həlli ən böyük arzumuzdur. Bu məsələdə Azərbaycana verdiyimiz dəstəyi bundan sonra da qətiyyətlə davam etdirəcəyik. Hərbi və müdafiə sənayesi sahələrindəki əməkdaşlığımızı da gücləndirməkdə qərarlıyıq”.

Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında bildirib ki, bu gün Türkiyə və Azərbaycan dünya çapında bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir: “Məni prezident seçkilərində qazandığım qələbə münasibətilə ilk təbrik edən lider əziz qardaşım olmuşdur. Bir həftə bundan əvvəl Bakıda andiçmə mərasimi keçirildi, iki gün bundan öncə hökumətin formalaşması başa çatdı və dünən mən artıq Ankarada idim. Dünən əziz qardaşımla görüşləri başladıq, bu gün davam etdik. Bugünkü mərasim, dünən və bu gün aparılan müzakirələr bir daha onu göstərir ki, Türkiyə ilə Azərbaycanın birliyi, qardaşlığı, dostluğu möhkəmdir və onun çox böyük gələcəyi vardır”.

Türkiyə və Azərbaycanın bütün məsələlərdə bir yerdə olduğunu xüsusi vurğulayan Prezident İlham Əliyev bildirib ki, həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar baxımından da biz daim bir yerdəyik: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində Türkiyə qədər bizə dəstək verən ikinci ölkə olmamışdır. Türkiyə hər zaman bizimlə bərabərdir, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Bu dəstək və həmrəylik bizə əlavə güc verir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ədalətli həllini tapmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir”.

Azərbaycanın da öz növbəsində bütün beynəlxalq təşkilatlarda Türkiyəni daim dəstəklədiyini, Türkiyənin terrorla mücadilə yolunda hər zaman həmrəylik göstərdiyini, hər zaman Türkiyənin yanında olduğunu önə çəkən Prezident İlham Əliyev “Zeytun budağı” əməliyyatının uğurla keçirilməsi ilə bağlı bütün qardaş türk xalqını təbrik edirək onu da vurğulayıb ki, Azərbaycan xalqı bu məsələdə də hər zaman həmrəylik göstərmişdir və bu, bizim ümumi məsələmizdir: “Biz bütün sahələrdə - mədəniyyət, təhsil, incəsənət, humanitar sahələrdə daim birlikdəyik. Bizi birləşdirən qədim tarix var, bizi birləşdirən yaxın tarix var. Bu ilin may ayında birinci Azərbaycan Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik. Ondan sonra biz Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin Ordusu ilə birlikdə Bakını erməni quldur dəstələrindən azad etməsini birlikdə qeyd edəcəyik. Bu, şanlı tariximizdir. Bu tarix göstərir ki, biz hər zaman bir yerdə olmuşuq, bu gün də bir yerdəyik. Əminəm ki, hər zaman bir yerdə olacağıq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri iki ölkə arasındakı münasibətlərdə yeni bir səhifə açıb. Bu səfər zamanı keçirilən görüşlər, verilən bəyanatlar, imzalanan sənədlər iki qardaş  ölkə arasında münasibətlərin nə qədər yüksək olduğunun göstəricisidir. Əminliklə deyə bilərik ki, bu səfər Azərbaycan-Türkiyə strateji əməkdaşlığını daha yüksək səviyyəyə qaldırdı. Türkiyə ilə Azərbaycan həmişə, çətin gündə də, xoş gündə də bir-birinin yanında olub və bundan sonra da belə olacaq.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993